Martın
20-dən 26-dək Azərbaycanın gənclərdən ibarət nümayəndə
heyəti Hindistan Respublikasına səfər edib. Respublika
Gənclər və İdman Nazirliyinin tələbə və tələbə
təşkilatları ilə iş sektorunun müdiri Elşən Hüseynovun
rəhbərlik etdiyi 20 nəfərdən ibarət nümayəndə heyətinin
tərkibinə il ərzində ölkəmizdə elm, təhsil, mədəniyyət
və ictimai fəaliyyət sahəsində uğurlar qazanmış gənclər,
eləcə də Azərbaycan Tələbə Gənclər Təşkilatları
İttifaqının üzvü olan bir neçə universitet tələbə
gənclər təşkilatının sədri, departament əməkdaşları və
işçi qrup rəhbərləri daxil idilər. Azərbaycan-Hindistan
beynəlxalq gənclər mübadiləsi proqramı çərçivəsində baş
tutmuş səfər zamanı nümayəndə heyətinin üzvləri
Hindistanın paytaxtı Yeni Dehlidə, Aqra və Caypur
şəhərlərində olmuş, bəzi dövlət və hökumət qurumlarının
rəsmiləri tərəfindən qəbul edilmiş, bir sıra ali
məktəblərdə görüşlər keçirmiş, Hindistanın maddi-mədəni
irsi ilə tanış olmuş, tarixi yerlərini ziyarət etmişlər.
Bu günlərdə əməkdaşımız nümayəndə heyətinin tərkibində
olmuş bir neçə ali məktəb tələbə gənclər təşkilatının
sədri və fəal tələbə ilə görüşmüş, onlardan səfər
proqramı haqqında ətraflı məlumat vermələrini, bu qədim
ölkə ilə bağlı təəssüratlarını bölüşmələrini xahiş
etmişdir.
Cəmil
Hüseynov (Azərbaycan Tələbə Gənclər Təşkilatları
İttifaqı sədrinin müşaviri):
- Hindistana səfərimiz bu ölkənin və Azərbaycanın
Gənclər və İdman nazirlikləri arasında bağlanmış
əməkdaşlaq haqqında ikitərəfli müqaviləyə uyğun olaraq
həyata keçirildi. Nümayəndə heyətinin 20 üzvündən 10-u
bizim Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının
fəalları idi. Biz tələbələri özündə birləşdirən ən
böyük təşkilat kimi Gənclər və İdman Nazirliyinin
dəstəyi ilə hər il beynəlxalq gənclər mübadiləsi
proqramında iştirak edirik. Səfərlər qarşılıqlıdır. Bir
müddət öncə Hindistanın gənclərdən ibarət 25 nəfərlik
nümayəndə heyəti respublikamızda olmuşdur. Biz də buna
cavab olaraq Hindistana getmişdik. Səfər proqramımız çox
zəngin idi.
Hindistanın
müxtəlif əyalətlərində yerləşən 3 şəhərdə olduq. Yeni
Dehlidə Hindistanın gənclər və idman nazirinin katibi
xanım Nita Çovduri ilə, Caypur şəhərində Racestan
əyalətinin gənclər və idman nazirinin gənclər və idman
işi üzrə nümayəndəsi ilə görüşdük. 3 ali məktəbdə -
Caypur şəhərində fəaliyyət göstərən İİS Universiteti
(Hindistan Beynəlxalq Məktəbi), paytaxt Yeni Dehlidə
yerləşən Texniki Universitet və Qızlar Kollecində olub
professor-müəllim və tələbə heyəti ilə görüşlər
keçirdik. Görüşlərdə ölkə haqqında təqdimatlar etdik,
həm ölkəmizin Gənclər və İdman Nazirliyinin, həm də
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının
layihələri barədə qarşı tərəfin rəsmilərini, gəncləri
məlumatlandırdıq. Eyni zamanda onları ölkəmizdə həyata
keçirilməsini nəzərdə tutduğumuz böyük layihələrə dəvət
etdik.
Səfərin proqramı daha çox Hindistanın müxtəlif
tarixi-mədəni abidələri ilə tanışlığa, maddi-mədəni
irsin öyrənilməsinə yönəldiyindən belə yerlərə
ziyarətlərimiz daha çox oldu. Səfər müddətində Aqra
şəhərindəki dünyanın 7 möcüzəsindən biri sayılan
Tac-Mahal məqbərəsini, Aqra qalasını, Fatehpur
abidəsini, Caypur şəhərində Şəhər sarayını, Hava Mahal,
Əmir Qala abidələrini, paytaxt Yeni Dehlidə Qırmızı
Qalanı, Məhəmməd peyğəmbərin şəxsi əşyalarının
saxlandığı məşhur Cümə məscidini, Hindistanın Milli
Muzeyini, İnformasiya Texnologiyaları Mərkəzini ziyarət
etdik. Yeni Dehlidə NSS təşkilatının (Hindistan Gənclər
və İdman Nazirliyi yanında Milli Xidmət Sxemi təşkilatı)
könüllüləri ilə görüşümüz də maraqlı oldu. Burada
gənclərlə mədəni mübadilə apardıq. Biz öz rəqslərimizi,
mahnılarımızı nümayiş etdirdik, onlar da öz mahnı və
rəqslərini.
Biz orada olarkən beynəlxalq mübadilə proqramı
çərçivəsində bizimlə paralel misirli gənclər də
gəlmişdilər. Onlarla da qarşılıqlı məlumat mübadiləsi
apardıq: biz onlara öz layihələrimizdən, onlar da bizə
özlərinkindən danışdılar.
Səfər
çərçivəsində ən maraqlı tədbirlərdən biri martın 21-də
oldu. Həmin gün Aqra şəhərində Azərbaycan, Misir və
Hindistanın mədəniyyət gecəsi keçirildi. Azərbaycanın və
Misirin gənclərdən ibarət nümayəndə heyəti və
Hindistanın St.Cons Kollecinin tələbələrinin, Gənclər və
İdman Nazirliyinin rəsmilərinin iştirakı ilə "Hovard
Plaza" hotelinin mərasim zalında keçirilən mədəniyyət
gecəsində hər üç ölkənin gəncləri mahnı və rəqslərdən
ibarət musiqi proqramı ilə çıxış etdilər.
Tədbirdə bizim gənclər daha çox seçildi. Biz öz musiqi
nömrələrimizlə yanaşı, iştirakçı ölkələrin proqramlarına
da qatılıb mahnı və rəqslərini ifa etməklə onların
rəğbətini qazandıq. Gecənin sonunda Misir və Azərbaycan
gənclərinə St.Cons Kollecinin rəhbərliyi tərəfindən
xatirə hədiyyələri təqdim olundu. Mərasim bitdikdən
sonra biz proqramı Novruz təamlarının təqdim olunduğu
ziyafətlə davam etdirdik. Görüşlərdə Azərbaycan Tələbə
Gənclər Təşkilatları İttifaqının özümüzlə apardığımız
Azərbaycan haqqında məlumatlar olan çap materiallarını,
bukletləri nazirliyin nümayəndələrinə təqdim etdik.
Səfər zamanı Azərbaycanın Hindistandakı fövqəladə və
səlahiyyətli səfiri İbrahim Hacıyevlə görüşümüz oldu.
Səfirlikdə çox mehribanlıqla qarşılandıq.
Səfərdən zəngin təəssürat aldım. Ümumiyyətlə, adam
xarici ölkələrə gedəndə nə görürsə onu öz ölkəsindəki
ilə müqayisə edir. Hindistana səfər zamanı da insanların
yaşayışı, məişəti, adət-ənənələrimizlə bağlı müqayisələr
apardıq və ölkəmizin bir çox cəhətdən üstünlüklərini
etiraf etməli olduq. Baxmayaraq ki, Hindistan böyük
ölkədir, əhalisi bizdən qat-qat artıqdır və
müstəqilliyini Azərbaycandan xeyli əvvəl əldə edib, biz
inkişaf yolumuzda daha çox şey qazanmışıq. Məsələn,
bizim ali və orta ixtisas məktəblərimizin binalarının
vəziyyəti onlarınkından daha yaxşı, müasirdir. Bizdə
təhsil müəssisələrində tədbirlər keçirmək, gənclərin
fəaliyyəti üçün daha əlverişli şərait vardır.
Abidələrini
çox bəyəndik. Onların çoxu islam, türk memarlığı
üslubundadır. Müsəlmanlar kifayət qədər çoxdur. İslamı
qoruyub saxlamaları xoşumuza gəldi. Məsələn, cümə
günləri Tac-Mahala məhz müsəlmanlar gedir.
Zərifə
Məmmədova (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin IV kurs tələbəsi, Tələbə Gənclər
Təşkilatları İttifaqının rəssamlar işçi qrupunun
rəhbəri):
- Hindistan haqqında gözəl təəssüratlarım var.
Uşaqlıqdan hind filmlərini çox sevir və imkan düşən kimi
onlara baxırdım. Hindistan mənə əsrarəngiz ölkə kimi
gəlirdi. Getməzdən əvvəl araşdırma aparıb bu ölkə
haqqında, xüsusən də Hindistanın memarlıq abidələri
barədə müəyyən məlumatlar əldə etmişdim.
Orada əslində gözlədiklərimi gördüm. Bir çatışmayan
cəhət o oldu ki, biz onlardan istədiyimiz qədər məlumat
ala bilmədik. Məsələn, Tac-Mahalı götürək. O,
Hindistanın əsas memarlıq abidələrindəndir. Lakin onun
möhtəşəmliyini, nə dərəcədə dəyərli olduğunu ziyarət
zamanı bizə çatdıra bilmədilər. Halbuki, Tac-Mahal bütün
dünyada tanınan bir memarlıq abidəsidir. Uzaqdan baxanda
mərmərdən tikildiyi üçün həddindən artıq möhtəşəm
görünür. Amma içəri daxil olanda bu möhtəşəmlik o qədər
də hiss olunmur. Buna baxmayaraq məqbərənin daxilində
işlənmiş əl işləri, naxışlar həddən artıq gözəldir.
Hindistana gedəndə orada mədəniyyətimiz haqqında
təqdimat edəcəyimizi bizə deməmişdilər. Bu məlum olanda
gecəni yatmayıb keçiriləcək mədəniyyət gecəsi üçün öz
mədəniyyətimizi nümayiş etdirən təqdimat hazırladıq.
Təqdimatımız iştirakçıların çox xoşuna gəldi. Biz
hindistanlıların özlərinin unutduqları bir mahnılarını
ifa edəndə isə bütün auditoriya bizi alqışlayıb bizimlə
birgə rəqs etdi. Hər kəs ayağa qalxıb "Azərbaycan,
Azərbaycan" deyirdi. Bu bizə təsir etdi, fərəh duyduq.
Əminəm ki, biz gələndən sonra onlar İnternetin axtarış
sistemləri vasitəsi ilə ölkəmizi daha yaxından tanımağa
çalışacaqlar. Əslində Azərbaycanı tanımayan çox idi. Bu
da təbiidir. Axı ölkəmiz cəmi 20 ildir müstəqilliyini
bərpa edib. Son illər daha da inkişaf edərək beynəlxalq
arenaya çıxır və getdikcə tanınır. Biz bacardığımız
qədər Azərbaycanı təqdim edə bildik. Məni ən çox
sevindirən cəhət də budur.
Hindistanda
olan rəngarənglik bir rəssam kimi diqqətimi daha çox
cəlb etdi. Onların milli geyimləri, zinyət əşyaları çox
incə, çox gözəldir. Əl işlərinə söz ola bilməz.
Təbii ki, bir universitet tələbəsi olaraq Hindistanın
təhsil sistemi ilə də maraqlandıq. Onlarla özümüzü
müqayisə etdim və bizim onlardan qat-qat üstün
olduğumuzu gördüm. Baxmayaraq ki, bizdə rəssamlıqla
bağlı cəmi 2 ali təhsil müəssisəsi var. Mədəniyyət və
İncəsənət Universiteti və Rəssamlıq Akademiyası. Həm də
universitetimiz çoxdan fəaliyyət göstərsə də akademiya
son illərdə yaradılıb, lakin biz təhsilin bu sahəsi üzrə
onlardan irəlidəyik.
Səfərin bizim dünyagörüşümüzün genişlənməsi üçün çox
faydalı olması zənnindəyəm. Belə gənc yaşımda Hindistan
kimi qədim mədəniyyəti olan ölkəyə səfər etmək, orada
Azərbaycanımızı təmsil etmək mənim üçün çox qürurverici
oldu.
Mən yaranmış fürsətdən istifadə edib səfərin
təşkilatçılarına minnətdarlığımı bildirirəm.
Azərbaycanda gənclərin inkişafı üçün çox böyük layihələr
həyata keçirilir. Bu səfər də belə layihələrdən biri
oldu.
İlkin Mustafayev (Milli Aviasiya Akademiyasının III kurs
tələbəsi, MAA-nın Tələbə Gənclər Təşkilatının sədri):
- Bu mənim xarici ölkəyə ilk səfərim idi. Heç vaxt
ağlıma gəlməzdi ki, Hindistana gedəcəm. Çox maraqlı
ölkədir. Orada 3 şəhərdə olduq. Hər şəhərin özünəməxsus
gözəlliyi var idi. Onları birləşdirən ümumi cəhət isə
hamısının başdan-başa yaşıllıq içərisində olması idi. Bu
da təbiidir. Axı Hindistan tropik ölkədir. Hətta bəzən
yaşıllıq içərisində binaları görmək olmur.
Keçirdiyimiz
bütün görüşlər maraqlı və faydalı oldu. Mübadilə
proqramı çərçivəsində müzakirələr apardıq. Bu görüşlər,
müzakirələr hər iki ölkənin, eləcə də misirli gənclərin
bir-birini tanımasına, dostluq əlaqələrinin yaranmasına
imkan verdi.
Hindistanda tarixi abidələr çoxdur. Olduğumuz hər
şəhərdə onların bir neçəsini ziyarət etdik. Bu abidələr
həqiqətən də Hindistanın qədim ölkə olmasından xəbər
verir. Bizdə tarixi abidələr restavrasiya olunsa da
Hindistanda olduğu kimi qalıb. Bu mənim diqqətimi cəlb
etdi. Mənim fikrimcə, bunun bir səbəbi də həmin tarixi
abidələrin çox hissəsinin mərmərdən tikilməsidir.
Ümumiyyətlə, görünür ki, Hindistanda vaxtilə mərmərdən
tikintidə geniş istifadə olunub.
Orada üç ali məktəbə getdik və hər üçündə bizi çox gözəl
qarşıladılar. Hətta ali məktəblərin birində bir stenddə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin,
Misir prezidentinin şəkillərini gördük. Orada eyni
zamanda hər iki ölkənin dövlət bayrağı da yan-yana
vurulmuşdu. Bu bizdə qürur hissi doğurdu.
Bizim üçün maraqlı cəhətlərdən biri də Hindistanın milli
mətbəxi idi. Xörəkləri həddən artıq acı və istiotludur.
Bizə qəribə gəlirdi ki, yeməyə də bu qədər istiot qatmaq
olar?! Onlar bu acılığı azaltmaq üçün bizə qatıq təklif
edirdilər. Menyularında düyüdən çox istifadə olunur. Bu
da təbiidir. Axı Hindistan dünyanın ən böyük çəltik
istehsal edən ölkələrindən biridir.
Xıdır Kazımov (Azərbaycan Dillər Universiteti
regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin
tələbəsi, ADU Tələbə Gənclər Təşkilatının sədri):
- Bizim universitetlə Hindistan arasında əlaqələr çoxdan
mövcuddur. Bildiyiniz kimi, dillər universiteti olaraq
bizdə bir çox xarici dil, o cümlədən hind dili
öyrədilir, hindşünaslıq ixtisası fəaliyyət göstərir. Bu
ixtisas üzrə təhsil alan tələbələrimiz var. Oxuduğum ali
məktəbdə eyni zamanda müxtəlif ölkələrə aid mərkəzlər, o
cümlədən Hind mərkəzi də fəaliyyət göstərir. Məhz buna
görə universitetimizin Hindistanla əlaqələri artıq
formalaşıb. Hindistanın Azərbaycandakı səfirliyinin
dəstəyi və təşkilatçılığı ilə universitetimizdə müxtəlif
layihələr həyata keçirilir. Bir neçə dəfə hind günü
keçirmiş, müxtəlif bayramları birgə qeyd etmişik.
Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə çox
iştirak etsəm də mən də ilk dəfə idi ki, beynəlxalq
tələbə mübadiləsi proqramına qatılırdım.
Hindistan səfəri mənim üçün də çox maraqlı oldu.
Olduğumuz hər yerdə özünəməxsusluq gördüm. Hər şəhərin
öz abidələri, binaları, hətta insanları da bir-birindən
fərqlənirdi. Mən də səfərdən aldığım təəssürata əsasən
bu qənaətdəyəm ki, Hindistan nə qədər böyük olsa da
bizim ölkə ona nisbətən çox inkişaf edib. Bu fərq hər
addımda hiss olunurdu. Azərbaycanda keçirilən tədbirlər
də təşkilatçılıq səviyyəsinə görə hindistanlıların
tədbirlərindən müqayisəolunmaz dərəcədə yüksək olur.
Mənim üçün Azərbaycanı xaricdə təmsil etmək olduqca xoş
idi. Azərbaycan bayrağını çiynindən asıb başqa ölkədə
gəzmək, həqiqətən də adama qürurverici hisslər yaşadır.
Dostlarım çox şey dedilər, mən onları təkrarlamaq
istəmirəm.
Mən Hindistanda keçirilən görüşlərdə öz universitetimiz
haqqında mümkün qədər çox məlumat verməyə, xüsusən də
Hind mərkəzinin işi barədə onlarda təsəvvür yaratmağa
çalışdım və fikrimcə, buna müəyyən qədər nail oldum.
Aqşin Hüseyni (Azərbaycan Əmək və Sosial Münasibətlər
Akademiyasının IV kurs tələbəsi, akademiyanın Tələbə
Gənclər Təşkilatının sədri, Azərbaycan Tələbə Gənclər
Təşkilatları İttifaqının nəzarət-təftiş komissiyasının
sədri):
- Mən beynəlxalq proqramlarda, tədbirlərdə çox iştirak
etmişəm. Hindistan səfəri də belə tədbirlərdən idi.
Səfər mənim üçün çox maraqlı keçdi. İlk dəfə idi ki,
insanlarla təbiətin, xüsusən də heyvanların vəhdətdə
yaşadığı bir ölkədə olurdum.
Hər şəhərə gedəndə fikrimdə Bakı ilə paralellər aparır,
oxşarlıqlar tapmağa çalışırdım. Maraqlı yerlərdən
şəkillər çəkirdik ki, qayıdandan sonra təəssüratlarımızı
yoldaşlarımızla əyani şəkildə bölüşə bilək.
Hindistanda hər hansı bir yerə gedəndə insanların orada
komplekssiz bir qrup şəklində əyləndiklərini,
oynadıqlarını görürdük və bəzən elə olurdu ki, biz də öz
komplekslərimizi kənara atıb onlara qoşulurduq.
Səfərimizin sonlarına yaxın Azərbaycan səfirliyində
keçirilən görüşü də yəqin ki, ömrüm boyu unutmayacağam.
Səfirlik bizə çox doğma gəldi. Cənab səfirimiz İbrahim
Hacıyev bizə çox qayğı göstərdi, hər birimizlə ayrıca
söhbət etdi, ölkə haqqında təəssüratlarımızı soruşdu.
Bir həftə idi ki, yaxşı yemək yemirdik. Səfirlikdə bizə
milli mətbəximizə məxsus yeməklər verdilər, necə
deyərlər, ağzımız dada gəldi.
Hindistanın olduğumuz ali məktəblərində bir cəhət
diqqətimi cəlb etdi. Bizdən fərqli olaraq Hindistanın
ali məktəblərində əcnəbilər çox azdır. Bir kollecdə bu
məsələ ilə maraqlandıq. Məlum oldu ki, burada cəmi 5
əcnəbi tələbə oxuyur. Halbuki, bizim ali məktəblərdə
onların sayı onlarca, yüzlərcədir.
Onu da deyim ki, Hindistanda informasiya texnologiyaları
çox inkişaf edib. Olduğumuz İnformasiya Texnologiyaları
Mərkəzində bunu əyani görüb duyduq.
Mən də sözümün sonunda Hindistana getməyə bizə şərait
yaradan Azərbaycan Tələbə Gənclər Təşkilatları
İttifaqına, Gənclər və İdman Nazirliyinə minnətdarlığımı
bildirirəm. Azərbaycan Respublikasının Təhsil
Nazirliyinə də təşəkkür edirik ki, onun dəstəyi ilə
bizim tələbə gənclər təşkilatlarımız bu gün
universitetlərin və kolleclərin tərkibində fəaliyyət
göstərir.
Yusif ƏLİYEV |