Aprelin
6-da Bakıda Kaspi Təhsil Mərkəzi tərəfindən V Beynəlxalq
təhsil sərgisi təşkil olunmuşdur. AzərTAc xəbər verir
ki, sərginin açılışında çıxış edən təhsil nazirinin
müavini Qulu Novruzov Azərbaycanda beynəlxalq təhsil
sərgilərinin ənənə halını aldığını bildirmişdir. Bu
ənənənin təməli Kaspi Tədris Mərkəzi tərəfindən
qoyulmuşdur. Hər il sərgidə iştirak edən
universitetlərin sayı artır. Hər dəfə bu sərgilərdən
sonra biz gənclərimizin xarici təhsil müəssisələrinə
qəbul olunduğunun şahidi oluruq. Belə sərgilər
Azərbaycan gənclərinin daha yaxşı təhsil alması üçün
dünyanın ən qabaqcıl universitetlərinin proqramlarından
bəhrələnmək imkanını yaradır.
Sərgidə, əsasən "2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət
Proqramı" çərçivəsində tələbələrin göndərilməsi üçün
nəzərdə tutulan universitetlər iştirak edirlər.
Kaspi Təhsil Mərkəzinin təsisçisi Sona Vəliyeva demişdir
ki, sərginin məqsədi xarici mütəxəssislərin iştirakı ilə
dünyanın qabaqcıl universitetlərindəki təhsil imkanları
barədə tələbə və gəncləri maarifləndirmək və Kaspi
Təhsil Mərkəzinin köməyi ilə onların həmin
universitetlərə çıxışlarını təmin etməkdir.
Sərgidə 8 ölkəni təmsil edən 14 müxtəlif universitet və
təhsil müəssisəsi təmsil olunmuş, eyni zamanda dünyanın
ən yaxşı 150 ali təhsil ocağı siyahısında olan Qlazqo,
Aston, Reading universitetlərinin, həmçinin müxtəlif
təqaüd proqramlarının təmsilçiləri iştirak etmişlər.
Sərgidə təmsil olunan universitetlər və digər ölkələrin
təhsil sistemi ilə yaxından tanışlıq imkanı
yaradılmışdır. Xaricdə təhsilə maraqlı olan gənclərin
universitetlərin nümayəndələri ilə görüşləri və birbaşa
konsultasiya almaları üçün sərginin növbəti günü Kaspi
Təhsil Mərkəzində seminar və təqdimatlar təşkil olundu.
|