Aprelin
9-da Bakı Dövlət Universitetinin (BDU) Elmi Şurasının
iclası keçirilmişdir.
AzərTAc xəbər verir ki, BDU-nun Elmi Şurası üzvlərinin,
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və ali təhsil
müəssisələri nümayəndələrinin, tanınmış alimlərin və
mütəxəssislərin iştirak etdikləri iclasda universitetin
rektoru, Milli Məclisin deputatı, akademik Abel
Məhərrəmov ümummilli lider, müasir müstəqil dövlətimizin
memarı və qurucusu Heydər Əliyevin elmə, təhsilə daim
böyük önəm verdiyini, ulu öndərin ideyalarının
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla
həyata keçirildiyini vurğulamışdır.
Müasir dünyada elmin, təhsilin mühüm rolundan, bu sahədə
BDU-da qazanılan nailiyyətlərdən danışan A.Məhərrəmov
qeyd etmişdir ki, dövlətimiz tərəfindən göstərilən qayğı,
elm və təhsilin əlaqələndirilməsi, innovasiyaların
tətbiqi və aparılan islahatlar nəticəsində 2012-ci ildə
BDU "QS World University Rankings-2012" reytinqinə görə
dünyanın 700 top universitetinin, həmçinin Beynəlxalq
Akademik Perspektivləri İnstitutu (URAP) tərəfindən
dünyanın ən yaxşı 2 min universitetinin siyahısına daxil
edilmişdir.
Bakı Dövlət Universitetinin elm və innovasiyalar üzrə
prorektoru, professor Aydın Kazımzadə BDU-da 2012-ci
ildə aparılmış elmi tədqiqatlar, qazanılan elmi
nailiyyətlərdən danışmışdır. Bildirmişdir ki, BDU-da
elmin müxtəlif istiqamətlərinə aid fundamental və
tətbiqi xarakterli tədqiqatlar həyata keçirilir. Ötən il
BDU-da təbiət və humanitar elm sahələrini əhatə edən 81
istiqamətdə 195 mövzu üzrə 1149 elmi iş yerinə
yetirilmişdir. Universitetdə fəaliyyət göstərən 6 daimi
və 10 birdəfəlik dissertasiya şuralarında 90 nəfər
ixtisas üzrə elmlər doktoru və fəlsəfə doktoru elmi
dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişdir (onlardan
41 nəfəri BDU-nun əməkdaşı, doktorantı və dissertantıdır).
Professor-müəllim
heyəti və əməkdaşlar tərəfindən 74 monoqrafiya, 66 kitab,
92 dərslik, 109 dərs vəsaiti, 2462 məqalə (onlardan
701-i xaricdə), 1432 tezis (onlardan 809-u xaricdə), 40
metodik göstəriş, 207 proqram nəşr etdirilmişdir. Bu il
universitet alimləri 32 doktorluq və 146 fəlsəfə doktoru
dissertasiyası işinə opponentlik etmişlər.
BDU əməkdaşları tərəfindən 19, o cümlədən BDU-nun
sahibliyi ilə 10 yerli və 2 beynəlxalq patent alınmışdır.
Professor A.Kazımzadə 2012-ci ildə universitet
alimlərinin xaricdə nəşr olunmuş kitabları barədə
məlumat verərək bildirmişdir ki, həmin nəşrlər BDU-nun
mexanika-riyaziyyat, tətbiqi riyaziyyat və kibernetika,
biologiya, tarix, filologiya, hüquq, beynəlxalq
münasibətlər və iqtisadiyyat fakültələrinin əməkdaşları
tərəfindən yazılmış, ABŞ, Almaniya, Rusiya, Ukrayna,
Türkiyə və İranın nəşriyyatlarında çap edilmişdir.
Universitetin əməkdaşları tərəfindən 86 (53 beynəlxalq
və 33 respublikadaxili) elmi layihələr həyata
keçirilmişdir. Bu layihələr Avropa İttifaqının 7-ci
Çərçivə (FP-7) və TEMPUS proqramları, ABŞ-ın Mülki
Tədqiqatlar və İnkişaf Fondu, Səudiyyə Ərəbistanının
Kral Əbdüləziz adına Elm və Texnologiya Mərkəzi, Ukrayna
Elm və Texnologiya Mərkəzi, Fransanın Milli Elmi
Araşdırmalar Mərkəzi, NATO-nun "Elm sülhün keşiyində"
proqramı, İsveçrə Milli Elm Fondu, Almaniyanın Folsfagen
şirkəti, Dünya Bankı, Azərbaycan Respublikasının
Prezidenti yanında Elmin İnkişafı Fondu, "Azneft"
İstehsalat Birliyi və digər yerli, eləcə də xarici
təşkilatlar tərəfindən maliyyələşdirilir.
BDU-da dörd seriyada "Bakı Universitetinin Xəbərləri"
jurnalı və digər 14 elmi, nəzəri, metodik və təcrübi
jurnallar nəşr edilir.
Qeyd olunmuşdur ki, Bakı Dövlət Universitetinin nəzdində
"Gənc istedadlar" liseyində kitabxana, kompüter otağı,
kimya laboratoriyası, biologiya, fizika kabinetləri və
s. yaradılmışdır. Liseyin məzunları müvafiq qəbul
imtahanlarında yüksək ballar toplayaraq nüfuzlu ali
məktəblərə qəbul olunurlar. 2011-2012-ci tədris ilində
respublika olimpiadasında liseyin şagirdlərindən 3
nəfəri birinci, 3 nəfəri üçüncü yeri tutmuşdur. Bu il
keçirilən "Sabahın alimləri" respublika müsabiqəsində
liseyin 14 şagirdi 10 layihə ilə iştirak etmişdir.
Müsabiqə nəticəsində 3 layihə birinci yerə, 4 layihə
ikinci yerə layiq görülmüşdür. Bu ilin mayında ABŞ-da
keçiriləcək "Sabahın alimləri" Beynəlxalq müsabiqəsində
respublikamızı təmsil edəcək 3 layihədən 2-si "Gənc
istedadlar" liseyinin şagirdlərinə məxsusdur.
Həmçinin liseyin iki şagirdi bu il aprelin 5-6-da Bakıda
keçirilən "Ətraf Mühitin Mühafizəsi" VII Beynəlxalq
Layihə Olimpiadasında (İnepo-Euroasia) uğur qazanaraq
qızıl medala layiq görülmüşdür.
Universitetin professor-müəllim heyətinin, əməkdaşların,
doktorant, magistrant və tələbələrin elm və təhsildə
nailiyyətlərini daha da inkişaf etdirmək məqsədi ilə
BDU-nun rektoru, akademik A.Məhərrəmovun müvafiq əmri
ilə universitetdaxili "50+50" qrant proqramı təsis
edilmişdir.
Bakı Dövlət Universitetinin beynəlxalq əlaqələrindən
bəhs edən professor A.Kazımzadə qeyd etmişdir ki,
hesabat ilində respublikada və xarici ölkələrdə
fəaliyyət göstərən 34 elmi təşkilat və ali təhsil
müəssisəsi ilə BDU arasında anlaşma memorandumu və
əməkdaşlığa dair müqavilə imzalanmışdır.
Çıxış edən digər alimlər elmin, təhsilin inkişafı ilə
bağlı fikirlərini söyləmiş, müzakirələr aparılmışdır.
Elmdə, təhsildə yüksək nailiyyətlər əldə edən alimlərə
mükafatlar təqdim olunmuşdur. |