Aprelin
6-da Heydər Əliyev adına İdman-Konsert Kompleksində
ekologiya və təbiəti mühafizə problemlərinə həsr olunan
"Ətraf mühitin mühafizəsi" VII Beynəlxalq Layihə
Olimpiadasının (İnepo-Euroasia) qaliblərinin
mükafatlandırılması mərasimi keçirildi.
Tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri,
Milli Məclisin deputatları, qeyri-hökumət
təşkilatlarının təmsilçiləri, respublikanın orta
ümumtəhsil məktəblərinin direktorları, görkəmli alim və
pedaqoqlar iştirak edirdilər.
Azərbaycan Respublikasının Dövlət himni
səsləndirildikdən sonra çıxış üçün söz alan Azərbaycan-Türkiyə
Özəl Liseyləri Baş İdarəsinin rəisi, "Ətraf mühitin
mühafizəsi" VII Beynəlxalq Layihə Olimpiadasının (İnepo-Euroasia)
təşkilat komitəsinin sədri Məsud Kurnaz olimpiada
haqqında ətraflı məlumat verdi. Bildirildi ki, 2007-ci
ildən 17 ölkənin iştirakı ilə Bakıda keçirilməyə
başlayan adıçəkilən beynəlxalq yarışa qatılmaq
istəyənlərin sayı ildən-ilə artaraq bu il 45-ə
çatmışdır. İdarə rəisi olimpiadanın əhəmiyyətinə xüsusi
toxunaraq onun dünyada, o cümlədən Azərbaycanda mövcud
olan ekoloji problemlərin həlli və ətraf mühitin
mühafizəsi istiqamətində böyüməkdə olan gənc nəslin
məlumatlandırılmasında, ekoloji biliklərin
artırılmasında müsbət rol oynadığını qeyd etdi. Tədbirin
açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti,
"Ətraf Mühitin Mühafizəsi Fəaliyyəti üzrə Beynəlxalq
Dialoq"-IDEA-nın rəhbəri Leyla xanım Əliyevanın
iştirakının olimpiada iştirakçılarının hafizəsində
əlamətdar hadisə kimi qalacağını deyən Məsud Kurnaz
keçirilən bu nüfuzlu yarışın ulu öndər, dahi şəxsiyyət
Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr
olunduğunu bildirdi.
Layihə olimpiadasının eyni zamanda ölkəmizin
tanıdılmasına, Azərbaycan həqiqətlərinin təbliğinə,
dünya məktəbliləri arasında dostluğun yaranmasına xidmət
etdiyini vurğulayan təşkilat komitəsinin sədri tədbirin
yüksək səviyyədə keçirilməsində dəstək olan dövlət
qurumlarının və təşkilatların hər birinə təşəkkürünü
bildirdi.
Sonra mərasim iştirakçıları beynəlxalq layihə
olimpiadasının yaranma tarixindən və məzmunundan bəhs
edən filmə tamaşa etdilər.
Layihə olimpiadasının adları açıqlanan qalib
məktəbliləri səhnəyə dəvət olundu. 4 kateqoriya- ətraf
mühit, enerji, mühəndislik və sosial elmlər üzrə
keçirilən beynəlxalq layihə olimpiadasında Azərbaycan
məktəbliləri 5 qızıl, 8 gümüş,13 bürünc olmaqla
bütövlükdə 26 medal qazandılar. Bundan başqa, Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin təsis etdiyi xüsusi
mükafat da olimpiadaya təqdim etdikləri layihələrin
mövzusunun aktuallığı ilə seçilən azərbaycanlı
məktəblilərə nəsib oldu. Yarışa xarici ölkələrdən
qatılan şagirdlər də müvafiq yerlər tutaraq medallara
sahib oldular.
Olimpiada qaliblərinə mükafatları Azərbaycan
Respublikasının təhsil naziri Misir Mərdanov, Milli
Məclisin deputatı Qənirə Paşayeva, Türkiyənin
ölkəmizdəki səfiri İsmail Alper Coşkun, ekologiya və
təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, "Çağ"
Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin sədri Ənvər
Özərən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin
vitse-prezidenti Rəfiqə Hüseynzadə təqdim etdilər.
Təhsil naziri Misir Mərdanov çıxış edərək beynəlxalq
layihə olimpiadasının ölkəmizdə məktəblilər arasında
indiyə qədər keçirilən bilik yarışmaları arasında
coğrafiyasına görə ən geniş yarışma olduğunu söylədi.
Qeyd olundu ki, bu tədbir müxtəlif ölkələrdən gəlmiş
bilikli və bacarıqlı şagirdlərin seçilməsinə, onların
gələcək inkişafına zəmin yaradır. Bu biliklərin
bacarıqlara çevrildiyini göstərən bir olimpiadadır.
Nazir daha sonra yaxın keçmişə nəzər salaraq
Azərbaycanda ekoloji problemlərin həlli ilə bağlı ilk
addımların ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə
atıldığını bir daha mərasim iştirakçılarına xatırlatdı.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyinə
həsr edilmiş "Ətraf mühitin mühafizəsi" VII Beynəlxalq
Layihə Olimpiadasına 45 ölkədən 500-ə yaxın məktəblinin
qatılmasının təqdirəlayiq hal olduğunu bildirən nazir
iştirak etmək istəyənlərin sayının ildən-ilə artmasını
ölkə başçısı cənab İlham Əliyevin respublikamızda
ekologiya problemlərinə diqqətinin nəticəsi kimi
dəyərləndirdi.
Ölkə Prezidentinin həyata keçirdiyi uğurlu daxili və
xarici siyasət nəticəsində müstəqil Azərbaycanın
paytaxtı Bakı şəhərində hər il çoxlu sayda beynəlxalq
tədbirlərin yüksək səviyyədə keçirildiyini qeyd edən
təhsil naziri bu layihə olimpiadasının da uğurla başa
çatmasından məmnunluq hissi keçirdiyini söylədi.
Çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli
Məclisin deputatu Mehriban xanım Əliyevanın, Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın
ətraf mühitin mühafizəsi məsələlərinə və ekoloji
problemlərin həllinə daim xüsusi önəm verdiklərini deyən
nazir Misir Mərdanov sonda tədbirin təşkilində əməyi
olanlara minnətdarlığını bildirdi, olimpiada
iştirakçılarına və qaliblərə ən xoş arzularını çatdırdı.
Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun öz
ölkəsi ilə Azərbaycan arasındakı dostluq əlaqələrindən
söz açaraq müstəqil respublikamızın gündən-günə inkişaf
etdiyini, çoxlu sayda uğurlara imza atdığını bildirdi.
Səfir hər iki dövlətin münasibətlərinin inkişafında ulu
öndər Heydər Əliyevin, onun siyasi kursunu layiqincə
davam etdirən Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin əvəzsiz xidmətlərini xüsusi qeyd
etdi.
"Çağ" Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin sədri
Ənvər Özərən məktəblilərin "Ətraf mühitin mühafizəsi"
VII Beynəlxalq Layihə Olimpiadasının əhəmiyyətindən
danışdı. Bildirdi ki, Azərbaycan dünyanın müxtəlif
ölkələrində təşkil olunan fənn olimpiadalarında uğurla
iştirak edir, bununla yanaşı həmçinin müxtəlif
mövzularda keçirilən bilik yarışlarına ev sahibliyi
vəzifəsini də öhdəsinə götürür. Ənvər Özərən daha sonra
bir sıra dövlət qurumları arasında qurulmuş
əməkdaşlıqdan razılıq hissi ilə danışaraq rəhbərlik
etdiyi şirkətin "Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi"
İctimai Birliyinin təsisçiləri sırasına qoşulmasından
məmnun olduğunu bildirdi. Ənvər Özərən onlara göstərilən
diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə
minnətdarlıq etdi.
Çıxış üçün söz alan Milli Məclisin deputatı Qənirə
Paşayeva, ekologiya və təbii sərvətlər nazirinin müavini
Firdovsi Əliyev, Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin vitse-prezidenti Rəfiqə Hüseynzadə də
beynəlxalq layihə olimpiadasının məktəblilərin
həyatındakı mühüm rolundan, qloballaşan dünyamızda
ekologiyanın hər kəs tərəfindən qorunmasının
vacibliyindən danışdılar. Qeyd etdilər ki, məktəblilərin
təqdim etdikləri və dünyanın müxtəlif ölkələrindən dəvət
olunan mütəxəssis və professor heyəti tərəfindən
qiymətləndirilən layihələr müasir təhsil sistemi
sayəsində bugünkü gənclərin mühüm ekoloji problemlərin
həllinə qadir olduqlarını göstərdi. Olimpiadanın yüksək
səviyyədə keçirildiyini söyləyən natiqlər qaliblərə
yeni-yeni nailiyyətlər arzuladılar.
Mərasimdə Azərbaycan məktəbliləri ilə yanaşı, xarici
ölkələrin şagirdlərinin doğma dilimizdə ifa etdikləri
şeir və mahnılar isə əsl bayram ab-havası yaratdı,
onların çıxışları iştirakçılar tərəfindən alqışlarla
qarşılandı.
Samirə KƏRİMOVA |