| 
								
						 Aprelin 
						5-də Bakıda məktəblilərin ümummilli lider Heydər 
						Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş "Ətraf 
						mühitin mühafizəsi" VII Beynəlxalq Layihə Olimpiadasının 
						("İnepo-Euroasia") açılış mərasimi olmuşdur. 
						
						Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla 
						xanım Əliyeva iştirak etmişdir. 
						
						AzərTAc xəbər verir ki, mərasim Heydər Əliyev adına 
						İdman - Konsert Kompleksində keçirilmişdir. Azərbaycanın 
						Təhsil, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, 
						Dövlət Neft Şirkəti, İDEA kampaniyası, İctimai 
						Televiziya və Radio Yayımları Şirkəti, "Çağ" Öyrətim 
						İşlətmələri Şirkəti və "İnepo-Euroasia" Ekologiya 
						İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilən 
						olimpiadaya dünyanın 45 ölkəsindən, o cümlədən 
						Azərbaycan, Türkiyə, Almaniya, Macarıstan, İndoneziya, 
						Qazaxıstan, Laos, Böyük Britaniya, Rusiya, Malayziya, 
						Bolqarıstan, Pakistan, Tailand, Gürcüstan, Ukrayna, 
						Türkmənistan, Rumıniyadan 500-dək məktəbli qatılmışdır. 
						Xarici ölkələrdən təqdim olunan layihələrdən 52-si, 
						Azərbaycandan təqdim olunan layihələrdən isə 78-i 
						seçilmişdir. 
						
						Olimpiadanın məqsədi Azərbaycanda və dünyada artmaqda 
						olan ekoloji problemlərin həlli və ətraf mühitin 
						mühafizəsi istiqamətində gənc nəsli məlumatlandırmaqdan, 
						şagirdlərdə ekoloji bilikləri inkişaf etdirməkdən, 
						ekoloji məsələlər üzrə maarifləndirməni 
						genişləndirməkdən ibarətdir. 
						
						Mərasimdə ümummilli lider, müstəqil dövlətimizin memarı 
						və qurucusu Heydər Əliyevin əziz xatirəsi yad olunmuş, 
						Azərbaycanın Dövlət himni səsləndirilmişdir. 
						
						Məktəblilərin "Ətraf mühitin mühafizəsi" Beynəlxalq 
						Layihə Olimpiadası Təşkilat Komitəsinin idarə heyəti 
						Heydər Əliyev Fondunun vitse-prezidenti, beynəlxalq 
						"Baku" jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı 
						Gənclər Təşkilatının sədri, İslam Əməkdaşlıq 
						Təşkilatının Gənclər Forumunun Baş əlaqələndiricisi, "Ətraf 
						Mühitin Mühafizəsi Fəaliyyəti üzrə Beynəlxalq Dialoq"- 
						IDEA-nın rəhbəri Leyla xanım Əliyevanın müvafiq sahədə 
						təşəbbüsünü və fəaliyyətini təqdirəlayiq hesab edərək 
						onu "Ekoloji Mühitin Qorunmasına Görə" xüsusi Beynəlxalq 
						Şərəf Mükafatı ilə təltif edilməsi haqqında qərar qəbul 
						etmişdir. 
						
						Mükafat Leyla xanım Əliyevaya təqdim olunmuşdur. 
						
						Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım 
						Əliyeva mərasimdə "Planetimizin ekoloji müasirliyi" 
						mövzusunda çıxış etmişdir. 
 
						
						
						Leyla xanım Əliyevanın çıxışı 
						
						  
								
						 - 
						Əziz dostlar! 
						
						Hörmətli qonaqlar! 
						
						Xanımlar və cənablar! 
						
						Sizi Azərbaycanda salamlamaqdan çox şadam! 
						
						Gərgin əməklərinə və dəyərli töhfələrinə görə "Ətraf 
						mühitin mühafizəsi" Beynəlxalq Layihə Olimpiadasının 
						təşkilatçılarına təşəkkür etmək istəyirəm. 
						
						Bu tədbirin Avropa, Asiya və yaxın Şərqin kəsişmə 
						nöqtəsi kimi strateji bir məkanda, o cümlədən zəngin 
						təbii ehtiyatlara malik nadir bir ölkədə keçirilməsi 
						xüsusilə təqdirəlayiqdir. 
						
						Azərbaycan təkcə Avropanın enerji təhlükəsizliyinə 
						verdiyi töhfələrə görə deyil, həm də Şərq müdrikliyini 
						və Qərb inkişafını özündə birləşdirən zəngin tarixi və 
						mədəniyyəti ilə tanınır. 
						
						Bu gün ölkəmiz bir sıra təşəbbüsləri həyata keçirməklə 
						həm özünün ekoloji vəziyyətini yaxşılaşdırmış, həm də 
						qonşu ölkələrə bu sahədə əlindən gələn köməyi 
						əsirgəməmişdir. 
						
						Biz regionun lider ölkəsiyik və bizim ekoloji 
						siyasətimiz birbaşa olaraq təbii ehtiyatların səmərəli 
						istifadəsi, istehsalı və istehlakına yönəlmişdir. 
						
						Əziz dostlar, qısa bir müddət bundan əvvəl biz yeni əsrə 
						sosial pərakəndəlik, zorakılığın artması, tarazlığın 
						pozulması və istismarın güclənməsi kimi ciddi 
						problemlərlə qədəm qoyduq. 
						
						Qəbul etmək istəmədiyimiz həqiqət göstərir ki, 
						çoxlarımız bizdən sonrakı nəsilləri deyil, yalnız özümüz 
						barədə düşünürük. Bəzən elə hərəkət edirik ki, sanki 
						təbiətin bir hissəsi deyilik. Təbiətdə məskunlaşdığımızı 
						və onun bir parçası olduğumuzu fikirləşməkdənsə, biz 
						təbiətin mərkəzində oturub onu idarə etdiyimizi 
						düşünürük. Bu yanaşma ilə gələcəkdə qlobal faciələrin 
						yaşanacağını demək o qədər də çətin deyildir. 
						
						Buna görə də bu gün gələcəklə bağlı mübarizəmiz 
						məktəblərdə və ali təhsil müəssisələrində ekoloji 
						təhsilin əsaslarına söykənməlidir. Ölkələrimizin 
						gələcəyinin asılı olduğu gənclər indi daha savadlı, 
						mədəni və peşəkardırlar. 
						
						Xanımlar və cənablar, 11 iqlim qurşağından 9-nun mövcud 
						olduğu Azərbaycan heyrətamiz təbiətə və zəngin 
						bioçeşidliyə malik bir ölkədir. İnanırıq ki, indiki 
						nəslin təbiəti gələcək nəsillər üçün qorumaq vaxtı gəlib 
						çatmışdır. 
						
						Artıq iki ildir ki, biz IDEA (Ətraf Mühitin Mühafizəsi 
						Fəaliyyəti üzrə Beynəlxalq Dialoq) beynəlxalq ictimai 
						maarifləndirmə kampaniyasını başlatmışıq. Bu kampaniya 
						həm ətraf mühitin mühafizəsi, həm də gənclər siyasəti 
						sahələrində bir sıra işlər həyata keçirmişdir. 
						Kampaniyamızın devizi olan "Qlobal ətraf mühitin 
						tarazlığını yaratmaq üçün gənclərin qüvvəsinin səfərbər 
						edilməsi" bizə səylərimizi gənclərə yönəltməyə və onları 
						ətraf mühitə olan münasibəti dəyişməkdə əsas vasitə kimi 
						görməyə imkan verir. 
						
						Ötən il IDEA Ətraf Mühit Kampaniyası çərçivəsində 
						Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət 
						İdarəçilik Akademiyasında Resurs Mərkəzi açılmışdır. Bu 
						mərkəz yaratmaq, qorumaq və maarifləndirmək istəyənlərin 
						evinə çevrilmişdir. Biz IDEA Resurs Mərkəzinin 
						innovasiya, rəhbərlik və fəal tədbirlər vasitəsilə 
						yaratdığı fərqin şahidi olmuşuq. İlk dəfə olaraq IDEA 
						Kampaniyası BMT-nin Ətraf Mühit Proqramı ilə birlikdə 
						ölkəmizin paytaxtında "Yaşıl həftə" təşkil etmişdir. 
						
						Kampaniyamızın yarandığı ilk gündən biz "Böyük Qafqaz 
						beşliyi" deyilən, yox olmaq təhlükəsi ilə üzləşən beş 
						heyvan növünü - ayı, qartal, canavar, ceyran və Qafqaz 
						bəbirini müəyyən etmişik. 
						
						Təkcə Azərbaycanda deyil, bütün dünyada gənclər arasında 
						dialoq, maarifləndirmə, liderlik və əməkdaşlığı 
						gücləndirmək üçün dünyanın müxtəlif yerlərindən olan 
						ətraf mühitin gənc müdafiəçiləri ilə əməkdaşlıq 
						qurmuşuq. Məsələn, IDEA kampaniyası Ümumdünya Vəhşi 
						Təbiəti Mühafizə Fondunun (WWF) Rusiya nümayəndəliyi 
						arasında əməkdaşlıq haqqında memorandum imzalamışdır. Bu 
						da bizə Qafqaz bizonunu IDEA-nın nəsli tükənməkdə olan 
						heyvanlar siyahısına əlavə etmək imkanı vermişdir. 
						Hazırda Türkiyənin eyni adlı təşkilatı ilə belə bir 
						sənəd imzalamaq üzərində iş aparılır. 
						
						Qeyd etmək istəyirəm ki, son 10 il ərzində ölkəmiz 
						Qafqaz bəbirinin mühafizəsi istiqamətində xeyli iş 
						görmüşdür. Regionun faunasının ən nadir növlərindən biri 
						olan bu heyvan Azərbaycanın iki milli parkında 
						görünmüşdür. Halbuki uzun illər onlar heç yerdə müşahidə 
						edilməmişdir. Bu gün bu nadir və nəsli tükənməkdə olan 
						bir heyvanın Azərbaycanda görünməsindən sonra bizim əsas 
						vəzifəmiz bu və digər nadir canlıların müdafiəsini və 
						təhlükəsiz yaşayışını təmin etməkdir. 
						
						Biz regionun, xüsusilə də Azərbaycanın ekoloji mühitinin 
						qorunmasına yönələn maarifləndirmə layihələrində bir çox 
						uğurlar qazanmışıq. Bizim "IDEA Yaşıl Azərbaycan Naminə" 
						təhsil və təlim layihəsi ekoloji məsələlərdə 
						maarifləndirməni artırmış və nəzəri və praktiki biliyi 
						möhkəmləndirmişdir. Təlimatçılarımız Azərbaycanın 20-dən 
						artıq şəhərində səkkiz min orta məktəb şagirdi arasında 
						ətraf mühitə dost münasibətlə bağlı təlimlər keçmişdir. 
						Fəxrlə deyə bilərəm ki, kampaniyamızın təşəbbüsü ilə 
						növbəti tədris ilində ölkəmizin orta məktəblərində ətraf 
						mühitlə bağlı dərslər kurikuluma salınmışdır. 
						
						Bizim fəaliyyətimiz təkcə maarifləndirmə proqramları ilə 
						məhdudlaşmır. Bu yaz bizim Litva, Rusiya, Böyük 
						Britaniya, İtaliya və Qırğızıstandan olan 
						tərəfdaşlarımız ölkələrinin paytaxtlarındakı parklarda 
						quş yuvaları yerləşdirəcəklər. Bu layihə təbiətin 
						qorunması və müdafiəsi naminə olan birliyi bir daha 
						nümayiş etdirəcəkdir. 
						
						Əziz dostlar, biz hamıya aydın olan bir faktı - insanın 
						hökmranlıq etdiyi bir planetdə yaşadığımızı qəbul 
						etməliyik. Əhalinin sayının artması və təbii 
						ehtiyatlardan istifadənin artımı Yer kürəsini geriyə 
						dönməz bir şəkildə dəyişdirir. Kənd təsərrüfatı, 
						balıqçılıq, sənaye, turizm və beynəlxalq ticarət 
						vasitəsilə insanlar planetimizi təsəvvüredilməz bir 
						şəkildə dəyişdirmişlər. 
						
						Təbii ehtiyatların dəyəri pul ilə ölçülə bildiyi halda, 
						təmiz havanın, təbii landşaftın və pozulmamış ekoloji 
						sistemin dəyəri heç bir pul vahidi ilə ölçülə bilməz. 
						Onlar dəyərsizdirlər. 
						
						Mən gələcəklə bağlı ümidliyəm. Təbiət və onun mühafizəsi 
						ilə bağlı biliklərə yiyələnən hazırkı nəsil gələcək 
						nəsil üçün yarana biləcək təhlükələrin qarşısını almağa 
						qadirdir. 
						
						Bu məsələdə hamımız əlimizdən gələni əsirgəməməliyik. 
						Planetimizin təhlükəsizliyi, xoşbəxtliyi və gələcəyi 
						Olimpiadada nümayiş etdirilən layihələrin icrasından 
						asılıdır. Planetimizin bütün seqmentlərini - təmiz hava, 
						içməli su, təhlükəsiz qida məhsulları və s. kimi 
						subyektləri, bir sözlə övladlarımıza ötürəcəyimiz 
						dünyanı müdafiə etmək üçün qüvvələrimizi 
						birləşdirməliyik. 
						
						Bütün iştirakçılara uğurlar arzu edirəm və onların 
						gərgin fəaliyyətlərini dəstəklədiyimi bildirirəm. 
						
						Çox sağ olun. 
						
						
						*** 
						
						Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) 
						prezidenti Rövnəq Abdullayev bildirmişdir ki, artıq VII 
						dəfədir ki, ölkəmizin paytaxtı "Ətraf Mühitin 
						Mühafizəsi" Beynəlxalq Layihə Olimpiadasına ev sahibliyi 
						edir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan 
						olmasının 90 illik yubileyinə həsr olunmuş builki 
						olimpiada çərçivəsində müxtəlif ölkələrdən yüzlərlə 
						məktəbli bir araya gələrək öz maraqlı layihələri ilə son 
						zamanlar bütün bəşəriyyəti narahat edən və prioritet 
						sahələrdən birinə çevrilən ətraf mühitin qorunmasına 
						töhfələrini verir. 
						
						Qeyd olunmuşdur ki, son illər Azərbaycanda ətraf mühitin 
						qorunması sahəsində yaxşı nəticələr əldə edilmişdir. Bu 
						məsələ Azərbaycan Prezidenti İlham Əliyevin diqqət 
						mərkəzindədir. Dövlətimizin başçısı tərəfindən 2010-cu 
						ilin Azərbaycanda "Ekologiya ili" elan olunması bunun 
						bariz nümunəsidir. 
						
						ARDNŞ-in ekologiya və ətraf mühitin qorunması sahəsində 
						həyata keçirdiyi tədbirlərdən bəhs edən R.Abdullayev 
						xatırlatmışdır ki, rəhbərlik etdiyi qurum bu sahədə 
						uğurlarına görə müxtəlif mükafatlara layiq görülmüşdür. 
						
						R.Abdullayev diqqətə çatdırmışdır ki, Azərbaycan 
						Prezidenti İlham Əliyevin "Qara qızılı insan kapitalına 
						çevirmək" təşəbbüsünə birincilər sırasında qoşulan 
						Dövlət Neft Şirkəti tərəfindən müasir inkişafın 
						tələblərinə uyğun yeni nəslin formalaşdırılması, 
						beynəlxalq səviyyəli mütəxəssislərin yetişdirilməsi 
						istiqamətində davamlı tədbirlər həyata keçirilir. Hər il 
						azərbaycanlı məktəblilər qurumun dəstəyi ilə dünyanın 
						müxtəlif ölkələrində keçirilən olimpiadalarda və bilik 
						yarışmalarında iştirak edir, yüksək nəticələr qazanırlar. 
						Ətraf mühitə diqqət və qayğı, yaşından asılı olmayaraq 
						hər bir insanın həyat amalı olmalıdır. 
						
						Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov 
						müasir dünyada və Azərbaycanda mövcud ekoloji 
						problemlərdən, onların həlli istiqamətində 
						reallaşdırılan tədbirlərdən danışmışdır. Ətraf mühitin 
						qorunmasının vacibliyini vurğulayan nazir ümummilli 
						lider, dahi şəxsiyyət Heydər Əliyevin bu sahəyə xüsusi 
						önəm verdiyini xatırlatmışdır. 
						
						Ulu öndərin ideyalarının Azərbaycan Prezidenti İlham 
						Əliyev tərəfindən uğurla həyata keçirildiyini qeyd edən 
						H. Bağırov Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun 
						və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım 
						Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti 
						Leyla xanım Əliyevanın ekologiya və ətraf mühitin 
						qorunması məsələsinə daim böyük əhəmiyyət verdiklərini 
						vurğulamışdır. 
						
						Beynəlxalq Olimpiada barədə fikirlərini bildirən nazir 
						gənclərdə, məktəblilərdə ekoloji biliklərin inkişaf 
						etdirilməsinin vacibliyini söyləmişdir. 
						
						Təhsil naziri Misir Mərdanov ulu öndər, müasir və 
						müstəqil dövlətimizin banisi və qurucusu Heydər Əliyev 
						siyasətinin əhəmiyyətindən danışmış, dahi rəhbərin 
						siyasi xəttinin Azərbaycan Prezidenti İlham Əliyev 
						tərəfindən uğurla davam etdirildiyini bildirmişdir. 
						
						Nazir Azərbaycan Prezidenti İlham Əliyevin ekologiya və 
						ətraf mühitin qorunmasına xüsusi önəm verdiyini diqqətə 
						çatdırmışdır. 
						
						"Ətraf mühitin mühafizəsi" Beynəlxalq Layihə 
						Olimpiadasının hər il keçirildiyini qeyd edən nazir 
						olimpiadada iştirak edən ölkələrin və məktəblilərin 
						sayının ilbəil artdığını söyləmişdir. O qeyd etmişdir ki, 
						bu il keçirilən olimpiadada dünyanın 45 ölkəsindən 500-dək 
						məktəbli iştirak edir. Olimpiadaya Azərbaycan 
						məktəbliləri 78 layihə təqdim etmişlər. 
						
						Nazir olimpiadada azərbaycanlı şagirdlərin də uğur 
						qazanacaqlarına əminliyini vurğulamışdır. 
						
						M.Mərdanov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla 
						xanım Əliyevanı təltif olunduğu mükafat münasibətilə 
						təbrik etmişdir. 
						
						Nazir, eyni zamanda, beynəlxalq tədbirin 
						təşkilatçılarına təşəkkürünü bildirmiş, iştirakçılara 
						uğurlar arzulamışdır. 
						
						Sonra Heydər Əliyev adına İdmanKonsert Kompleksinin 
						foyesində təşkil edilmiş sərgi ilə tanışlıq olmuşdur.  
						
						
						AzərTAc |