| 
								
						 Aprelin 
						10-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev 
						Fondunun prezidenti Mehriban Əliyeva Bakının Yasamal 
						rayonundakı 60 və 77 nömrəli körpələr evi-uşaq 
						bağçalarında əsaslı təmir və yenidənqurmadan sonra 
						yaradılmış şərait ilə tanış olmuşdur. 
						
						Azərbaycanın birinci xanımı əvvəlcə 60 nömrəli körpələr 
						evi-uşaq bağçasının əsaslı təmirdən əvvəlki vəziyyətini 
						əks etdirən fotostendlə, daha sonra isə bağçadakı 
						şəraitlə tanış oldu. 
						
						Məlumat verildi ki, 1961-ci ildə inşa edilmiş binada 
						indiyədək heç vaxt bu cür təmir işləri aparılmamışdır. 
						
						Qeyd edilmişdir ki, "2011-2013-cü illərdə Bakı şəhərinin 
						və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına 
						dair" Dövlət Proqramına uyğun olaraq burada yenidənqurma 
						işlərinə 2012-ci ilin martından başlanılmışdır. Bağçada 
						2-6 yaş arası 75 uşağın təlim-tərbiyəsi ilə 8 tərbiyəçi, 
						1 musiqi müəllimi məşğul olur. 
						
						Müəssisədəki 4 yataq otağı, 4 qrup otağı, musiqi və 
						idman zalı, mətbəx tamamilə yenilənmişdir. Otaqların 
						hamısı Heydər Əliyev Fondunun hədiyyəsi olan zəruri 
						inventarla təchiz olunmuşdur. Heydər Əliyev Fondunun 
						prezidenti Mehriban Əliyevanın adından bağçaya mebel, 
						soyuducu, televizor, uşaq oyuncaqları və digər zəruri 
						əşyalar hədiyyə edilmişdir. 
						
						
						*** 
								
						 Daha 
						sonra Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım 
						Əliyeva 77 nömrəli körpələr evi-uşaq bağçasına gəlmişdir. 
						Bu məktəbəqədər təhsil müəssisəsi də əsaslı təmirdən 
						sonra öz qapılarını balacaların üzünə açmışdır. 
						
						Müəssisənin əvvəlki vəziyyətini əks etdirən fotolara 
						baxan Mehriban xanım Əliyevaya məlumat verildi ki, bu 
						bina 1963-cü ildə inşa olunmuş, ötən illər ərzində tam 
						yararsız vəziyyətə düşmüşdür. Bakının və ətraf 
						qəsəbələrin sosial-iqtisadi inkişafını nəzərdə tutan 
						Dövlət Proqramına uyğun olaraq 2012-ci ildən burada 
						aparılan yenidənqurma işlərindən sonra bağça yeni və 
						müasir görkəm almışdır. 
						
						Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya məlumat 
						verildi ki, ikimərtəbəli binada 5 qrup, 5 yataq, həkim 
						otaqları, musiqi və idman zalları, mətbəx yenilənmişdir. 
						Burada 2-6 yaş arası 95 uşaq tərbiyə alır. Balacaların 
						təlim-tərbiyəsi ilə ümumilikdə 26 nəfər məşğul olur. Bu 
						məktəbəqədər təhsil ocağına da bütün avadanlıq Heydər 
						Əliyev Fondu tərəfindən hədiyyə olunmuşdur. 
						
						Mehriban xanım Əliyeva hər iki bağçada yaradılmış 
						şəraitdən razılığını bildirdi.   
						
						
						AzərTAc |