Ötən il ali məktəblərin I kurs rus bölməsi tələbələri
üçün yazılmış "Azərbaycan dili" (Bakı, 2012) dərsliyi
çapdan çıxmışdır. Dərslikdə verilmiş mətnlər
elmi-metodik tələblərə layiqincə cavab verir. Məzmunca
rəngarən olan həmin materiallar Azərbaycan dilinin bütün
bölmələrinin şüurlu və dolğun şəkildə mənimsənilməsini
təmin edir. Bu materiallar tələbələrin orta məktəbdə
öyrəndikləri biliklərə əsaslanan və həmin bilikləri
genişləndirməyə, dərinləşdirməyə xidmət göstərən
çalışmaları, mətnləri, sifahi xalq ədəbiyyatı
nümunələrini özündə birləşdirir. Bunlar tələbələrin həm
Azərbaycan dilinin bütün bölmələri üzrə biliklərini
möhkəmləndirir, həyatın müxtəlif sahələrinə dair
məlumatlarını genişləndirir, həm də onların şifahi və
yazılı nitqlərini inkişaf etdirir.
Azərbaycan Respublikasının öz müstəqilliyini yenidən
bərpa etməsi xalqımızın və dilimizin tarixində əbədi
yaddaqalan hadisədir. Bu, respublikamızın ayrı-ayrı
xarici ölkələrlə qarşılıqlı əlaqəsinin, münasibətinin
daha da sıxlaşmasına, möhkəmlənməsinə, dilimizin işlənmə
dairəsinin genişlənməsinə, onun işləkliyinin çoxşaxəli
xarakter almasına, milli sərvətimizi, yəni dilimizi
öyrənmək istəyənlərin sayca xeyli çoxalmasına səbəb
olmuşdur. Müstəqil Azərbaycan dövlətinin milli dilimizə
tükənməz qayğısı və böyük diqqət yetirməsi onun
inkişafına güclü təsir göstərmişdir. Azərbaycan
Respublikasında yaşayan, işləyən başqa xalqların
nümayəndələri dilimizi öyrənməyə ciddi və zəruri ehtiyac
duyurlar. Ona görə də onların arzu və istəklərini nəzərə
alıb müxtəlif vəsait və dərsliklər yaratmaq mühüm vəzifə
kimi qarşıda durur.
Azərbaycan tarixinin müəyyən dövrlərində xalqların
müxtəlif təqib və təzyiqlərdən əziyyət çəkməsi danılmaz
həqiqətdir. Bu, dilimizin leksik qatında müəyyən iz
qoymuşdur. Digər dillər kimi, Azərbaycan dilinin də
lüğət tərkibinin daim dəyişmə və təkmilləşmə prosesi
keçirməsi onun inkişaf etdiyini göstərir.
Pedaqoji təcrübə və müşahidələr göstərir ki, dilin lüğət
tərkibinin tədrisində söylənilən məsələlər barədə
məlumat vermək lazımdır. Tarixi qaynaqlar, pedaqoji
təcrübə və elmi-metodiki müşahidələr Azərbaycan dilinin
təlim dili olmaqla bir fənn kimi həm orta, həm də ali
məktəblərdə öyrədilməsinin uzunillik bir tarixi olduğunu
deməyə yetərincə əsas verir. Milli dilimizin həm də
təlim prosesinin rus dilində getdiyi tədris ocaqlarında
şagirdlərə, tələbələrə öyrədilməsi onun dövlətimizdə
aparıcı mövqedə dayanmasından, böyük nüfuz qazanmasından
xəbər verir. Lakin keçmişdə Sovetlər Birliyinin dövlət
dili ilə müqayisədə Azərbaycan dilinə biganəlik
göstərdiyini, ona ögey münasibət bəslənildiyini demək
lazımdır. Bu isə təlim rus dilində aparılan tədris
ocaqlarını doğma dilimizin tələb edilən səviyyədə
tədrisinə maneçilik törətmişdir. Belə münasibət xeyli
müddət Azərbaycan dilinə "ikinci dərəcəli fənn",
"fakültativ fənn" kimi yanaşılmasına, onun tədrisinin
könüllülük prinsipi əsasında aparılmasına səbəb
olmuşdur. "Azərbaycan Respublikasında Dövlət dili
haqqında" Azərbaycan Respublikası Qanununun qəbul
edilməsi ilə bütün bunlara son qoyulmuş, dilimiz əsl
dövlət dili statusunu qazanmış, onun hərtərəfli inkişafı
üçün böyük imkanlar yaranmışdır.
23 may 2012-ci ildə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin "Azərbaycan dilinin
qloballaşma şəraitində zamanın tələblərinə uyğun
istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət
Proqramı" haqqında Sərəncamını bütün xalqımız, xüsusən
Azərbaycan dili fənnini orta ümumtəhsil məktəblərində və
ali təhsil ocaqlarında tədris edən müəllimlər, ali
məktəblərin filologiya fakültəsinin bakalavr və magistr
pilləsində təhsil alan tələbələr, dilçilik elmi üzrə
tədqiqat işləri aparan mütəxəssislər dilimizə, dilçilik
elminə dövlət başçısının böyük qayğısının, tükənməz
hörmət və məhəbbətinin parlaq təzahürü kimi
dəyərləndirirlər.
Ölkə Prezidentinin sərəncamında Azərbaycan dili
xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının
həmrəyliyinin sarsılmaz təməli, dövlətimizin
müstəqilliyinin başlıca rəmzlərindən biri adlandırılır.
Sənəddə ana dilimizin öz ifadə imkanlarının zənginliyi,
səs quruluşunun səlisliyi və qrammatik strukturunun
sabitliyi ilə səciyyələndiyi, müasir Azərbaycan ədəbi
dilinin siyasi-ictimai, elmi-mədəni sahələrdə geniş
işləndiyi, yüksək yazı mədəniyyəti, daim zəngin söz
ehtiyatı ilə seçildiyi, özünün indiki yüksək səviyyəsinə
görkəmli şair və yazıçıların, maarifpərvər ziyalıların
zəhməti sayəsində çatdığı bu prosesdə Azərbaycan
dilçilik elminin böyük xidmət göstərdiyi barədə
məlumatlar da diqqəti cəlb edir.
Azərbaycan dilinin qorunmasında, inkişaf etdirilməsində
xüsusi xidməti olan ümummilli lider Heydər Əliyevin
Azərbaycan dili haqqında müdrik sözləri bizdə ruh
yüksəkliyi yaradır, ona bəslədiyimiz məhəbbəti daha da
artırır. Bütün bu rəsmi sənədlər dilimizin tədqiqi və
tədrisi sahələrində böyük dəyişikliklərə səbəb olmuşdur.
Belə ki, ölkəmizin ictimai-siyasi və mədəni həyatında
başlayan yeniliklər dilimizin, eləcə də dilçiliyimizin
inkişafı üçün geniş imkanlar yaratmışdır.
Validə Balayeva, Süleyman Hüseynov və Elvira
Qaracayevanın gərgin zəhməti sayəsində hazırlanmış
"Azərbaycan dili" (Bakı - Mütərcim-2012) dərsliyi
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman
Akademiyasının bakalavr təhsil pilləsinin I kurs rus
bölməsinin tələbələri üçün yazılsa da, ondan
Azərbaycan dili məktəblərinin rus bölməsində təhsil
alan bütün tələbələrin yetərincə faydalanacaqlarına
şübhə etmirik.
Müəlliflər öz doğma dillərini ürəkdən sevdikləri üçün
həmişə aktual xarakter daşıyan bir işə - dərslik
yazmağa çox məsuliyyətlə yanaşmış, ali məktəblərin rus
bölməsində oxuyan tələbələr üçün yazılıb nəşr olunmuş
dərsliklərə bənzəməyən orijinal bir əsər yaratmışlar.
"Azərbaycan dili" fənni proqramı əsasında yazılmış bu
dərslik elmilik prinsipinin tələblərinə layiqincə
cavab verir.
Müəlliflər dərslikdə verdikləri hər bir mətnə yüksək
vətəndaşlıq ləyaqəti mövqeyindən yanaşmışlar. Buna görə
də dərslik müxtəlif, rəngarəng məlumatlarla zəngindir.
Kitabdakı mövzular I və II semestrlər üzrə
planlaşdırılmışdır.
Dərsliyə daxil edilmiş mövzular arasında məntiqi
bağlılıq vardır. Dərslikdə Azərbaycan dilinin bütün
bölmələrinə aid nəzəri məlumatlarla yanaşı, tələbələrin
linqvistik təfəkkürünü inkişaf etdirən, onları
düşündürən çalışmalara, tələbələrin, eləcə də ali
məktəblərin rus bölməsində Azərbaycan dili fənnini
tədris edən müəllimlərin həyatın, insan fəaliyyətinin
müxtəlif sahələrinə dair məlumatlarını genişləndirən,
nitq mədəniyyəti vərdişləri formalaşdıran mətnlərə
xüsusi yer ayrılmışdır. Müəlliflər tələbələrin ixtisası
ilə bağlı idmanın ayrı-ayrı növlərinə aid mətnlərə,
maraqlı, dəyərli məlumatlara daha geniş yiyələnmələrini
məqsədəuyğun bilmişlər. Dərslikdə humanizm,
vətənpərvərlik və digər müsbət mənəvi-əxlaqi
keyfiyyətlər aşılayan mətnlər istənilən qədərdir.
Dərslikdəki mətnlər yüksək ideya-məzmun istiqamətində
tərtib edilmişdir. Dərsliyin yüksək vətəndaşlıq hissi
mövqeyindən yazılması, məzmunun həm elmi, həm də
metodiki cəhətdən dolğunluğu diqqəti xüsusilə cəlb edir.
İnanırıq ki, dərslik rusdilli tələbələrlə yanaşı,
Azərbaycan dilini müstəqil öyrənmək istəyən başqa
xalqların nümayəndələri üçün də faydalı olacaq.
Yusif YUSİFOV,
ADPU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru
|