Bu
günlərdə Bakıdakı 42 nömrəli tam orta məktəbdə xalq
şairi Nəriman Həsənzadə ilə görüş keçirildi.
Tədbiri məktəbin direktoru Firəngiz Həmidova açaraq
bildirdi ki, mehribanlığı, səmimiyyəti ilə seçilən və
sevilən Nəriman müəllimlə məktəb kollektivinin bu görüşü
ömür boyu yaddaşlardan silinməyəcək. Çoxdankı
arzularının reallaşdığını deyən direktor dəvəti qəbul
edib gəldiyinə görə xalq şairinə kollektiv adından
minnətdarlığını bildirdi.
Tədbirin aparıcıları Nəriman Həsənzadənin həyat və
yaradıcılığı haqqında məlumat verdilər. Şagirdlər
Nəriman Həsənzadənin şeirlərinə bəstələnən mahnıları
məharətlə ifa etdilər. Onlar xalq şairinin şeirlərini
söyləyərək ona olan məhəbbətlərini, sevgilərini dilə
gətirdilər. Yuxarı sinif şagirdləri Nəriman Həsənzadənin
dram əsərlərindən parçalar nümayiş etdirdilər, görkəmli
oftalmoloq alim, akademik Zərifə xanım Əliyevaya, xalq
artisti Zeynəb Xanlarovaya həsr etdiyi şeirləri ifa
etdilər.
Sonda xalq şairi Nəriman Həsənzadə tədbirə görə məktəbin
kollektivinə təşəkkürünü bildirdi. Şagirdlərə isə gözəl
çıxışlarına görə çox sağ olun dedi. O, həyat yoldaşına
həsr etdiyi "Ürəyim ananı istəyir, qızım" adlı şeirini
söylədi. Xalq şairi tədbir iştirakçıları ilə xatirə
şəkli çəkdirdi.
Rəşad ZİYADOV |