Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Aprel 2013 - №12

 

Azərbaycan təhsilinin uğurları

 

Tələbələr arasında keçirilmiş beynəlxalq riyaziyyat olimpiadasının qızıl medalçısı 

"Heç vaxt ağlıma gəlməzdi ki, nə vaxtsa riyaziyyat üzrə beynəlxalq olimpiadada iştirak edəcəyəm və qızıl medal alacağam. Çünki uşaqlıqdan ədəbiyyatı sevirdim. Orta məktəbin yuxarı siniflərində oxuyanda, demək olar ki, hər il Azərbaycan dili və ədəbiyyat olimpiadasına gedirdim. İnşa yazı müsabiqələrində iştirak edirdim və hər dəfə də mükafata layiq yerlərdən birini tuturdum. Beynəlxalq riyaziyyat olimpiadasına məni Qafqaz Universitetində riyazi analiz müəllimim Yaqub Əliyev həvəsləndirdi. O mənə təklif etdi ki, olimpiadada iştirak edim. O deməsəydi, yəqin ki, mən olimpiadada iştirak etməyəcəkdim". 

Ötən il iyulun 26-dan avqustun 1-dək Bolqarıstanın Blaqoevqrad şəhərində keçirilmiş tələbələr arasında 19-cu Beynəlxalq Riyaziyyat Olimpiadasının qalibi Aynur Hüseynova bizimlə söhbətə bu sözlərlə başladı. Aynur da bu fikirdədir ki, riyaziyyatla ədəbiyyat, poeziya arasında bir əlaqə, bağlılıq var. İkisi də adamdan yaradıcı təxəyyül, fantaziya tələb edir. Dahi riyaziyyatçıların həyatlarından çoxlu misallar gətirmək olar ki, onlar ədəbiyyatı da riyaziyyat qədər sevmişlər, hətta bədii yaradıcılıqla məşğul olan çoxlu riyaziyyatçı adı çəkmək olar. Görünür, Aynurun da riyaziyyata və ədəbiyyata meylinin, həvəsinin, hər iki elm sahəsində nümayiş etdirdiyi istedadın kökündə riyaziyyatla ədəbiyyatın hansı tellərləsə bağlılığı durur.

Aynur Baloğlan qızı Hüseynova 1988-ci ildə Sumqayıt şəhərində anadan olub. 1996-cı ildə Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın birinci sinfinə gedib və 2007-ci ildə oranı fərqlənmə attestatı ilə bitirib. Orta təhsil illərində həmişə biliyi, bacarığı, təfəkkürünün çevikliyi, yaradıcılığa həvəsi ilə fərqlənib. Məktəb illərində aldığı çoxlu sayda fəxri fərman, tərifnamə də bunu sübut edir.

Aynur 9-cu sinifdə oxuduğu vaxtdan müxtəlif səviyyəli olimpiadalarda, müsabiqələrdə iştirak etməyə başlayıb. Onu da qeyd edək ki, orta məktəbdə ancaq Azərbaycan dili və ədəbiyyat üzrə yarışmalara qatılıb. İlk dəfə 2004-2005-ci dərs ilində fənn olimpiadalarının şəhər turunun 2-ci mərhələsində Azərbaycan dili və ədəbiyyat üzrə III yeri tutub. 2005-ci ildə faşizm üzərində qələbənin 60 illiyinə həsr olunmuş müsabiqədə iştirak edib və "Böyük Vətən müharibəsi və Azərbaycan" mövzusunda keçirilən inşa müsabiqəsində III yeri tutub. Həmin ildə ümumi orta təhsilini "əla" qiymətlərlə başa vurduğuna görə fərqlənmə şəhadətnaməsi alıb.

2006-cı ildə ölkəmizdə böyük şairimiz Səməd Vurğunun anadan olmasının 100 illiyi qeyd olunanda Aynur gimnaziyanın X sinfində oxuyurdu. Şairə həsr olunmuş "Demə Səməd Vurğun gəldi-gedərdi" mövzusunda inşa müsabiqəsi keçiriləndə o da iştirak etməyi qərara aldı. Nəticə sevindirici oldu. Aynur müsabiqənin finalında III yerə çıxdı. 2006-2007-ci dərs ilində XI sinifdə oxuyanda da o, fənn olimpiadalarında iştirak etdi və Azərbaycan dili və ədəbiyyat üzrə şəhər turunun ikinci mərhələsində I yeri tutdu. Respublika turunda isə IV yerə layiq görüldü. Bütün bu qələbələrinə, eləcə də onda ədəbiyyata, riyaziyyata, digər elmlərə həvəs oyatdıqlarına və dərin bilik verdiklərinə görə Aynur Sumqayıt şəhər Təbiət elmləri təmayüllü gimnaziyanın bütün müəllimlərini minnətdarlıq duyğuları ilə xatırlayır və onlardan razılığını bildirir.

Məhz gimnaziyada yaxşı oxumasının, "Çağ" Öyrətim İşlətmələri MMC-nin "Araz" ali məktəblərə hazırlıq kurslarında keçdiyi yüksək hazırlığın nəticəsi idi ki, Aynur 2007-ci ildə ali məktəblərə keçirilən qəbul imtahanlarında 609 bal toplamış və Qafqaz Universitetinin riyaziyyat və informatika fakültəsinə daxil olmuşdur. Tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə yüksək nəticə göstərdiyinə görə ona TQDK-nın fəxri fərmanı verilmişdir. Eyni zamanda "Çağ" Öyrətim Şirkətinin rəhbərliyindən təltifnamə almışdır.

Universitet illərində Aynur riyaziyyatdan fərqlənmişdir. Onun bu sahədəki bilik və istedadını görən müəllimləri, xüsusən də riyazi analizdən dərs deyən Yaqub Əliyev Aynuru riyaziyyat olimpiadasında iştiraka sövq etmişdir.

O, Bolqarıstanda keçirilən Tələbələrin Beynəlxalq  Riyaziyyat Olimpiadasına universitetin riyaziyyat müəllimləri Dursun Çalışkan, Yaqub Əliyev, Bəhman Məmmədov, Həmzağa Orucov və Vüqar Musayevin köməyi ilə ciddi hazırlaşmışdır.

İştirakçısı olduğu Beynəlxalq Riyaziyyat Olimpiadasından Aynura xoş xatirələr və qızıl medal qalıb.

Hazırda Azərbaycan Dövlət Neft Akademiyasının İqtisadi fəaliyyətin riyazi və informasiya təminatı bölməsində magistraturanın I kursunda oxuyan Aynur beynəlxalq olimpiada ilə bağlı xatirələrini bizimlə də bölüşdü:

"Tələbələr arasında keçirilən 19-cu Beynəlxalq Riyaziyyat Olimpiadasına ötən il iyulun 24-də yola düşdük.  Gedib-gəlməyimiz Qafqaz Universitetinin hesabına oldu. Həmin gün Heydər Əliyev adına Binə hava limanına gedib Bakı-İstanbul-Sofiya marşrutu ilə uçduq. Bizi Sofiyada "Çağ" Öyrətimin türk liseyində qarşıladılar. Bir gün orada qaldıq. Səhər Blaqoevqrad şəhərinə getdik. Olimpiada "Amerikan University ın Bulqaria"da keçirilirdi. 1 həftə Blaqoevqradda universitetin yataqxanasında qaldıq. Yataqxana universitetin yaxınlığında yerləşirdi. İran, Rusiya, Çin, Küveyt, Estoniya, Gürcüstan, Qazaxıstan və b. ölkələrdən çoxlu tələbə gəlmişdi.

Olimpiada 2 mərhələdə olmaqla 2 gün ərzində keçirildi. Hər mərhələdə 5 sual təklif olundu. Suallara yaxşı cavab vermişdim. Nəticələr elan olunanda çox sevindim. Beynəlxalq olimpiadada ilk dəfə iştirak etsəm də nəticəm yüksək idi. Ona görə də qızıl medal aldım. Yeri gəlmişkən qeyd edim ki, olimpiada proqramı təkcə yarışı əhatə etmirdi. Mədəni-kütləvi tədbirlər də nəzərdə tutulmuşdu. Belə ki, olimpiada günlərində şəhərin bir çox görməli yerləri ilə tanış olduq. Bolqarlar türklüyünü unutmuş xalqdır. Amma türk dili nə qədər unudulsa da yaşlı nəslin nümayəndələri bizim danışığımızı başa düşürdülər".

Aynurun universitet həyatı da yaddaqalan uğurlarla bol olub. Qafqaz Universitetinin olimpiada sədri Bəhman Məmmədov yetirməsi haqqında deyir: 

- Aynur bütün təhsil illəri ərzində universitetimizin ən fəal tələbələrindən olub. Universitetimizə qəbul olunanda gördük ki, riyaziyyat üzrə istedadı var, olimpiadalara cəlb etdik. 2010, 2011 və 2012-ci illərdə ölkə üzrə ali məktəb tələbələri arasında keçirilən fənn olimpiadalarının iştirakçısı olub. Hər birindən sertifikatı və diplomu var. 2012-ci il bakalavr təhsili müddətində dərslərində əldə etdiyi nailiyyətlər və nümunəvi davranışına görə "Qafqaz Universiteti 2012-ci il. Pedaqoji fakültə, riyaziyyat və informatika bölməsi məzunları arasında bölmə I-si olub. Aynurun gələcəkdə öz sahəsi üzrə ən yaxşı mütəxəssislərdən biri olacağına inanıram. O, Beynəlxalq Riyaziyyat Olimpiadasında qazandığı qızıl medala görə həmişə məzunlarımızın arasında fəxri yer tutacaq".  


Beynəlxalq informatika olimpiadalarının Azərbaycan üzrə ilk qalibi 

Məktəblilər arasında informatika üzrə beynəlxalq olimpiadaların tarixi 1987-ci ildən başlanıb. Məhz həmin ildə YUNESKO-nun Parisdə keçirilən 24-cü konfransında bolqar riyaziyyatçısı Blaqovest Sendov informatika üzrə də beynəlxalq olimpiadaların keçirilməsi ideyasını irəli sürüb və bu ideya 1989-cu ildə reallaşıb. İnformatikadan ilk beynəlxalq olimpiada da onun ideya müəllifinin vətənində - Bolqarıstanda keçirilib və o vaxtdan hər il təşkil olunub. 

Bu fənn üzrə indiyədək 24 beynəlxalq olimpiada keçirilib. Lakin informatika üzrə beynəlxalq olimpiadaların 24 illik tarixi olsa da Azərbaycan məktəbliləri bu mötəbər yarışmada 1993-cü ildən iştirak edirlər. Həmin il oktyabrın 16-dan 25-dək Argentinanın Mendoza şəhərində keçirilən 5-ci Beynəlxalq İnformatika Olimpiadasında Bakı Dövlət Universitetinin dosenti Ramin Mahmudzadənin rəhbərliyi altında 4 məktəblidən ibarət komandamız iştirak etmiş, lakin onlardan heç biri olimpiada medalına sahiblənə bilməmişdir. Ölkəmizin informatika fənni üzrə beynəlxalq olimpiadada ilk medalı 1996-cı ildə Macarıstanda keçirilən bilik yarışmasında qazanılıb. Həmin olimpiadada Bakı Dövlət Universitetinin I kurs tələbəsi Elnur Seyidli 114 balla bürünc medala layiq görulub. Bu olimpiadaya qədər Elnur artıq iki beynəlxalq bilik yarışmasında - 1995-ci ildə Beynəlxalq Riyaziyyat Olimpiadasında və elə həmin il Niderlandın Eyndhoven şəhərində keçirilən VII Beynəlxalq İnformatika Olimpiadasında iştirak etmişdi, artıq müəyyən təcrübəsi var idi. Məhz bu təcrübə ona VIII Beynəlxalq İnformatika Olimpiadasının 109 medalçısının arasına düşməyə imkan verib.

Elnur Fəttah oğlu Seyidli 1978-ci il yanvarın 7-də Bakı şəhərində anadan olub. 1985-ci ildə Bakı şəhəri 20 nömrəli orta məktəbin I sinfinə gedib, 1995-ci ildə həmin məktəbin məzunu olub.

1995-1999-cu illərdə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat və kibernetika fakültəsində ali təhsil alıb. 1999-2000-ci illərdə təhsilini London İqtisadi və Siyasi Elmlər Məktəbində davam etdirib. Elnur hazırda "Sabah İnvestment Holdinq" şirkətlər qrupunun idarə heyətinin sədri və prezidentidir.

Beynəlxalq olimpiadada iştirak etdiyi illər artıq çoxdan tarixə çevrilsə də hər iki olimpiada Elnurun yaddaşında yaxşı qalıb. O xatırlayır ki, birinci dəfə XI sinif şagirdi olarkən 1995-ci ilin 26 iyun-2 iyul tarixlərində beynəlxalq informatika olimpiadasında gücünü sınayıb. O vaxt olimpiada Niderlandın Eyndhoven şəhərində, Eyndhoven Texnologiya Universitetinin bazasında keçirilirdi. İştirakçı ölkələrin sayı 62 idi. Azərbaycanı bu olimpiadada Elnurdan başqa daha 4 nəfər məktəblimiz təmsil edirdi.

Olimpiada ənənəvi olaraq 2 turda keçirilirdi. Hər tur üçün 5 saat vaxt ayrılmışdı. Hər turda iştirakçılara 3 məsələ təklif olunmuşdu. Hər iştirakçının istifadəsinə Pentium 75 MHz prosessorlu Tulip Vision Line fərdi kompüteri verilmişdi. İştirakçılar 3 proqramlaşdırma sistemindən birində yaza bilərdi.

Olimpiadada 20 qızıl, 36 gümüş və 54 bürünc medal oynansa da Azərbaycan komandasının heç bir üzvü medal ala bilmədi. Ən yaxşı nəticəni Elnur göstərdi. Lakin onun topladığı bal da medala düşmədi.

Növbəti olimpiada isə Elnura uğur gətirdi. Onda - yəni 1996-cı il Macarıstanda keçirilən VIII Beynəlxalq İnformatika Olimpiadasında Elnur artıq tələbə idi, BDU-da oxuyurdu.

Bu olimpiadada ölkəmizi 4 nəfər təmsil etməli idi. Onlardan 2-si (Elnur və Rasim Bəxşi) tələbə, Aqil Əliyev və Raif Rüstəmov isə məktəbli idilər. Aqil Bakıdakı 287 nömrəli "Zəkalar" liseyinin, Raif isə Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI siniflərində oxuyurdular.

25 iyul-2 avqust 1996-cı il tarixlərində Macarıstanın Vesprem şəhərində keçirilən olimpiadada 58 ölkədən 222 gənc iştirak edirdi. Hər komandada 4 məktəbli var idi. Olimpiadanın keçirildiyi dövr Azərbaycanda ali məktəblərə qəbul imtahanları ilə eyni vaxta təsadüf etdiyindən həmin il orta məktəbi bitirmiş Aqil Əliyev və Raif Rüstəmov olimpiadaya gedə bilmədilər. Bu olimpiada da 2 turdan ibarət təşkil olunmuşdu. Digər şərtlər, yəni hər tura verilən vaxt, istifadə olunan proqramlaşdırma sistemlərinin sayı da əvvəlki olimpiadada olduğu kimi idi. Həll üçün ənənəvi məsələlər təklif olunmuşdu. Ancaq optimallaşdırma elementlərinin daxil edilməsi bir sıra məsələlərə orijinal xarakter vermiş və güclü iştirakçılara  özlərinin üstün keyfiyyətlərini nümayiş etdirməyə imkan yaratmışdı.

Olimpiadanın bağlanış və qaliblərin mükafatlandırılması mərasimi avqustun 1-də axşam Vesprem şəhər teatrında keçirildi. Bu olimpiadada da ümumilikdə 20 qızıl, 38 gümüş və 51 bürünc medal oynanırdı. İlk olaraq bürünc medalçılar təltif edildilər. Onların arasında Azərbaycan təmsilçisi də var idi. Artıq 3-cü ildir ki, yarışlara qatılmış Azərbaycan nəhayət, ilk medalını qazanmışdı. Elnur, irəlidə dediyimiz kimi, 114 balla bürünc medala layiq görüldü. Komandamızın ikinci üzvü Rasim də pis çıxış etmədi. O, 64 bal toplayaraq fəxri fərmanla təltif olundu. Olimpiadanın mütləq qalibi isə 200 mümkün baldan 196 bal toplamış Çexiya məktəblisi Daniel Kral oldu.

Lakin bu olimpiada da Elnurun iştirak etdiyi son bilik yarışması deyil. O, Azərbaycan komandasının tərkibində 1997-ci il noyabrın 30-dan dekabrın 7-dək Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçirilmiş 9-cu Beynəlxalq İnformatika Olimpiadasında da iştirak etmişdir. Bu olimpiadada da Azərbaycan komandası bir bürünc medal qazandı. Lakin onu Elnur deyil, komandamızın digər üzvü, BİO-da ilk dəfə çıxış edən Bakıdakı 264 nömrəli "Müəllif məktəbi"nin X sinif şagirdi Denis Neştun qazandı.

 

Elnur Seyidli artıq çoxdan  təhsilini başa vurub, istehsalatda çalışır. Böyük bir şirkətlər qrupunun idarə heyətinin sədri və prezidentidir. Onun keçdiyi həyat yolu biliyin, istedadın insanın həyatındakı, karyera yüksəlişindəki böyük rolunu bir daha sübut edir. Elnurun orta təhsil aldığı 20 nömrəli məktəb-liseyi bitirməsindən 17 ildən artıq vaxt keçsə də burada onu indi də yaxşı xatırlayır, oxuduğu illərdə məktəb-liseyin ən fəal, istedadlı şagirdlərindən biri olduğunu söyləyirlər. Onun şəkli hələ də məktəbin qabaqcıl məzunlarına həsr olunmuş stendini bəzəyir, nümunəsi isə şagirdləri daha yaxşı oxumağa, çalışqan olmağa, öz arzularına qovuşmaq üçün qətiyyətlə mübarizə aparmağa səsləyir. 

Səhifəni hazırladı: Yusif ƏLİYEV

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov