Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Aprel 2013 - №12

 

Yeni qiymətləndirmə təhsildə inkişaf deməkdir

 

Təhsil hər bir  dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir hissəsidir.
Cəmiyyət təhsilsiz inkişaf edə bilməz. 

Heydər ƏLİYEV 

Məlumdur ki, respublikamızda son zamanlar bütün sahələrdə olduğu kimi,  təhsil sistemində də məqsədyönlü islahatlar gedir və milli təhsil sahəsində əsaslı dəyişikliklər artıq özünü göstərməkdədir. Təhsil islahatının qarşıya qoyduğu vəzifələr milli təhsilimizin dünya təhsil sisteminə inteqrasiyasına və təhsilin keyfiyyətinin tamamilə yeni səviyyəyə çatdırılmasına xidmət edir. Əlbəttə, hər bir işin başlanğıcında çətinliklər olur. Təhsil mürəkkəb bir sahə olduğundan qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsi üçün müəyyən baza yaradılmalıdır. Təhsilin məzmununun yeniləşdirilməsi və təhsilin keyfiyyətinin dövlət standartlarına müvafiqliyinin təmin edilməsi üçün bu prosesin dəqiq qiymətləndirilməsi bir vəzifə kimi qarşıda durur.

Müasir şəraitdə informasiya və kommunikasiya texnologiyalarından tədris prosesində istifadə olunması təhsil müəssisələrində təhsil alanların fəaliyyətinin qiymətləndirilməsinin müasir  modellərə olan tələbatını artıq zərurətə çevirmişdir. Təlim-tərbiyə prosesinin və onun nəticələrinin qiymətləndirilməsində artıq ənənəvi üsul və metodlardan istifadə edilməsi bu gün öz aktuallığını itirmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2009-cu il tarixli, 09 nömrəli qərarı ilə  təsdiq olunmuş "Azərbaycan Respublikasının ümumi təhsil  sistemində Qiymətləndirmə Konsepsiyası" əsasında fənn kurikulumları tətbiq olunan siniflərdə məktəbdaxili qiymətləndirmənin aparılması müəyyən edilmişdir. Belə ki, məktəbdaxili qiymətləndirmə diaqnostik, formativ və summativ olmaqla yeni fənn kurikulumları tətbiq olunan siniflərdə həyata keçirilir.

Fənn kurikulumlarının tətbiq olunduğu siniflərdə müəllimlərin işinin asanlaşdırılması və əlbəttə, bu sahədə rastlaşa biləcəkləri çətinlikləri aradan qaldırmaq məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən respublikamızın bütün regionlarında, o cümlədən Xaçmazda da ixtisasartırma kursları təşkil edildi. Bu treninqlər zamanı təcrübəli təlimatçıların rəhbərliyi altında müəllimlər bir çox yeniliklərə, fəal dərsin qurulması, şagird nailiyyətlərinin qiymətləndirilməsi sahəsində yeni bacarıqlara nail oldular. Bundan əlavə, Təhsil Nazirliyi tərəfindən "Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması barədə" Təlimat və müəllimlər üçün metodiki vəsaitlər vaxtında məktəblərin ixtiyarına verildi. Təlimat və metodiki vəsaitlər hər bır müəllım üçün çətinliklərin öhdəsindən gəlməkdə böyük bir dəstək oldu.

 Hazırda çalışdığım akademik Zərifə Əliyeva adına Xaçmaz şəhər 8 nömrəli məktəb-lisey 2012-ci ildə "Ən yaxşı ümumi təhsil məktəbi" müsabiqəsinin qalibi olub. Bu uğurda biz - xarici dil müəllimlərinin də xüsusi rolu olmuşdur. Məktəbimizdə İKT-nin tətbiqi ilə innovativ üsullarla, yeni metodlarla və yeni qiymətləndirmə ilə keçilən dərslər şagirdlər və valideynlər tərəfindən böyük maraqla qarşılanır. Kurikulumların tətbiq olunduğu siniflərdə təhsilin keyfiyyətinin təmin olunmasında məhz yeni qiymətləndirmə modelindən istifadə artıq öz bəhrəsini verməkdədir. Mən dərslərimi yeni tələblərə əsasən qururam və  "Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması barədə" Təlimata əsasən qiymətləndirmə aparıram. Açığını deyim ki, bu günlərdə məktəbimizə verilən bu sənəddən istifadə işimə çox fayda verdi. Bu vaxtında hazırlanmış və pedaqoji ictimaiyyətə gərəkli bir sənəddir. Belə ki, bu sənədin hazırlanmasına qədər vahid prinsip olmadığından hərə öz bildiyini diktə və ya tövsiyə edirdi. Müəllimlərdə çaşqınlıq yaranmışdı. Artıq aydın və başa düşülən bir dildə hazırlanmış normativ sənəd mövcuddur və ümid edirəm ki, biz müəllimlər bu sənədin  imkanlarından çox faydalanacağıq.

Diaqnostik qiymətləndirmə aparmaqla şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsini müəyyənləşdirirəm və şagirdin potensial imkanlarını nəzərə alaraq təlim strategiyalarını seçirəm. Diaqnostik qiymətləndirməni mən təlimatda deyildiyi kimi, bir qayda olaraq, təhsil səviyyəsinin, dərs ilinin, tədris vahidlərinin əvvəlində sinifdəki şagirdlərin bilik və bacarıqları, eyni zamanda şagird bir ümumi təhsil müəssisəsindən digərinə gəldikdə, sinfi dəyişdikdə və digər zəruri hallarda onun bilik və bacarıqları haqqında məlumat toplamaq, şagirdə fərdi yanaşmanı təmin etmək məqsədilə aparıram. Məsələn, birinci sinifdə "Animals" mövzusu ilə bağlı dərsə başlamazdan əvvəl heyvanların səsi (pişik, it, xoruz və s.) yazılmış diski səsləndirirəm və şagirdlərin səsini eşitdiyi heyvanın adını, əlamətini ingilis dilində nə dərəcədə bildiyini təyin və bununla da şagirdin gələcək inkişaf səviyyəsinin istiqamətini müəyyən edirəm. Bu zaman aşağıdakı qiymətləndirmə meyarlarından istifadə edirəm:

Grade -1

Surname:

Name:

Unit 7. Lesson 1. My Pets.

 
Criteria Excellent Good Weak
Can identify animals according to sounds      
Can name the animals      
Can describe the animals      
 

Şagird nailiyyətləri əvvəllər də qiymətləndirilirdi. Amma bu qiymətləndirmənin bir çox çatışmayan cəhətləri də var idi. Məsələn, diaqnostik qiymətləndirmə, ümumiyyətlə,  keçirilmirdi. Qiymətləndirmə yalnız müəllim tərəfindən aparılırdı və şagirdin yalnız nailiyyəti qiymətləndirilirdi. Şagird aşağı qiymət alanda bilmirdi ki, nəyə görə həmin qiyməti alıb. Şagird çox zaman fikirləşirdi ki, ya müəllim qiyməti kəsib, ya da digər şagirdə üstün qiymət yazıb. Aşağı qiymət alan şagird  inamsız olur, öyrənmək həvəsi azalırdı, yaxşı qiymət alan isə yalnız qiymət üçün oxuyurdu.

Şagirdlərin qiymətləndirməyə cəlb olunduğu yeni sistemdə isə formativ qiymətləndirmə zamanı şagirdlər özləri də qiymətləndirmə prosesində iştirak edir. Şagirdin etibarını qazanmaq, maksimum nailiyyətə çatmaq üçün effektiv vasitə olan özünüqiymətləndirmə şagirdi daha da ruhlandırır, bundan başqa özünün zəif və güclü tərəflərini müəyyən edir,  özünün zəifliklərini aradan qaldırmağa çalışır və şagird  təhsil sisteminin fəal bir iştirakçısına çevrilir. Şagirdlər bir-biri ilə ünsiyyət qurur, yarışlar təşkil edir, bir-birinin işini qiymətləndirirlər, real qiymətləndirmə aparmağa cəhd edirlər. Bəzən özünüqiymətləndirmə reallıqdan uzaq olarsa, müəllim "Siz necə qiymətləndirərdiniz?" deyə sinfə müraciət edə bilər.

Mən dərs keçdiyim siniflərdə şagirdlərin özünüqiymətləndirmə prosesini həyata keçirmək məqsədilə aşağıdakı qiymətləndirmə vərəqindən istifadə edərək onlara imkan yaradıram ki, həm özlərini, həm yoldaşlarını, həm də mənim fəaliyyətimi qiymətləndirsinlər. Bu qiymətləndirməni bütün siniflərdə keçirmək olar:

* Surname:

* Name

* Grade  5, school  8

* Choose one  of the marks

* 1.My  activity  in the  group work

* 1      2       3      4      5

* 2. I could encourage my friends

* 1      2       3      4      5

* 3. How  I understood  the lesson

* 1      2      3      4      5

* 4. The lesson was interesting

*  1      2      3     4      5

Əgər biz təhsilin inkişafına nail olmaq istəyiriksə, qiymətləndirmənin daha vacib olanını - formativ giymətləndirməni inkişaf etdirməliyik. Çünki formativ qiymətləndirmə vasitəsilə biz hər  bir dərsdə şagirdin təlim fəallığını, irəliləməsini və geriləməsini izləyirik, həmçinin valideynlər də övladlarının nailiyyətlərinin nə dərəcədə olmasını, irəliləməsini və ya geriləməsini izləyə bilirlər. Formativ qiymətləndirmədə şagird qiymət üçün deyil, nəticə göstərmək üçün səy göstərir. Bütün bu izləmələr şagirdlərin standartlara uyğun inkişafına kömək edir, təhsilin nəticəyönümlü olmasına gətirib çıxarır. Bu mənada Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin zəhməti ilə ərsəyə gələrək bu tədris ilindən tətbiqinə başlanılan formativ qiymətləndirmə jurnalı təqdirəlayiqdir. Belə ki, bu yolla müəllim-valideyn münasibəti daha da sıxlaşır. Müəllim şagirdin fəaliyyətini "quru rəqəm"lə yox, canlı ifadə tərzi ilə - sözlə qiymətləndirir. Bunun üçün jurnalın səhifələrində yetərincə imkan yaradılmışdır.

3-cü sinifdə formativ qiymətləndirmənin həyata keçirilməsi zamanı aşağıdakı standartları əsas götürürəm:

Unit 1. Lesson  4. Alphabet Dictionary

Standartlar: 3.1.1.   4.1.1.   4.1.2.

3.1.1. Hərf, hərf birləşmələri və

 sözləri düzgün oxuyur.

4.1.1. Hərf, hərf birləşmələri və sözləri düzgün yazır.

4.1.2. Öyrəndiyi söz birləşmələri və cümlələri düzgün yazır.

Verilmiş standartlara uyğun olaraq, aşağıdakı nümunələrdən istifadə edərək şagirdlərin özünəməxsus fəaliyyətlərini aşağıdakı kimi formativ qiymətləndirmə jurnalı və şagird kitabçalarında qeyd edirəm:

1. Verilmiş hərf və sözləri oxuyarkən çətinlik çəkir.

2. Verilmiş hərflərə aid sözləri səhvlərlə yazır.

3. Hərflərə aid verilmiş bəzi sözləri oxuyarkən çətinlik çəkir.

4. Sözləri üzündən köçürərək yazır.

5. Verilmiş sözləri düzgün yazır.

6. Öyrəndiyi bütün söz birləşmələrini və cümlələri düzgün yazır.

Və yaxud

Unit 2. Lesson 1. Countries and Nationalities

Standartlar:  1.1.3.    2.1.2.   2.2.4

1.1.3.  Dinlədiyi mətndə nitq etiketlərini fərqləndirir.

2.1.2.  Öyrəndiyi cümlələri düzgün intonasiya ilə tələffüz edir.

2.2.4.   Öyrəndiyi dil materiallarından istifadə edərək ünsiyyət qurur.

Dərsin sonunda aşağıdakı qeydlərdən uyğun gələnini şagirdin fəaliyyətinə uyğun olaraq adının qarşısında yazıram, məsələn:

1. Dinlədiyi dialoqda ölkələri və bayraqları fərqləndirərkən çətinlik çəkir.

2. Yoldaşlarının verdiyi sualların köməyi ilə özünü təqdim edir.

3. Dinlədiyi dialoqda bayraq və ölkələri yoldaşlarının köməyi ilə fərqləndirir.

4. Çoxhecalı sözləri çətinliklə tələffüz edir.

5. Özünü təqdim edir və özü haqqında qısa təqdimat edir.

6. Bütün cümlələri düzgün intonasiya ilə tələffüz edir.

7. Özü haqqında sərbəst təqdimat edir.

5-cı sinifdə bir dərs üçün aşağıdakı standartları seçirəm:

Unit 1. Lesson 2.We Love Group Work.

Standartlar: 2.1.1.  3.1.4.   4.1.1.

2.1.1.  Yeni söz və ifadələrdən istifadə edir.

3.1.4. Mətnin məzmununa uyğun suallara cavab verir.

4.1.1.Verilmiş sözləri məna və qrammatik cəhətdən əlaqələndirərək cümlələr qurur.

Əlbəttə, şagirdlərin hamısının fəaliyyəti eyni deyildir. Hər birinin özünəməxsus fəaliyyəti ilə üzləşirəm. Gözlədiyimdən də fərqli sərbəst yaradıcı işlərinin, müsahibələrinin şahidi oluram. Şagirdlərdən biri müəyyən standartlara əsasən, məsələn, şəkli yaradıcı şəkildə əhatəli və sərbəst təsvir etdiyi halda, digər bir şagird aydınlaşdırıcı sualların köməyi ilə çətinliklə təsvir edir və yaxud mətnin məzmununu bir şagird qismən əhatə edərək danışırsa, o biri  şagird tam  əhatə edərək sərbəst fikirlərlə məzmununu danışır. Müşahidələrimə əsasən bir neçə şagirdin fəaliyyətini aşağıdakı kimi formativ jurnalda qeyd edirəm:

1. Yeni sözlərdən qismən istifadə edərək şəkli yoldaşlarının köməyi ilə təsvir edir.

2. Mətnin məzmununa uyğun suallara səhv cavab verir.

3. Yeni söz və ifadələrdən istifadə edərək ünsiyyət qurur.

4. Mətnin məzmununa uyğun bir neçə suala cavab verir.

5. Mətnin məzmununa uyğun bütün suallara sərbəst cavab verir.

Bu yazdığım nümunələrdəki kimi fəaliyyətləri hər hansı bir şagirdin qarşısında formativ jurnalda və əlbəttə ki, şagirdin kitabçasında qeyd edirəm.

Bu nümunələrdən bir daha aydın görünür ki, ənənəvi qiymətləndirmədə müəllim şagirdin yalnız nailiyyətini qiymətləndirirdisə, bu gün onun fəaliyyətini  bir neçə istiqamətdə qiymətləndirməyə imkan var və  ənənəvi qiymətləndirmədə olduğu kimi, dərsin bir mərhələsində rəqəmlə deyil, hər hansı mərhələdə şagird fəaliyyəti sözlərlə  qiymətləndirilir.

İstər dərsdə, istərsə də tədbirlərdə şagirdlərin bilik, bacarıq və fəaliyyətlərinin düzgün qiymətləndirilməsi şagirdlərə mənəvi stimul verir, onları daha da ruhlandırır, yaradıcılığa aparır. Sadəcə olaraq, "Excellent", "Very good", "İt is really good" kimi ifadələr şagirdlərin həvəsini artırır, onlara inam verir. Şagirdin cavabına heç bir fikir söyləmədən və ya düzəliş edilmədən digər şagirdə söz verilməsi onda inamsızlığa, onun susmağa üstünlük verməsinə gətirib çıxarır. Bizim verəcəyimiz qiymət ya pozitiv, ya da neqativ emosiya yaradır. Əlbəttə, bizim vəzifələrimizdən biri də yaxşı görülmüş işi tərif, səhvləri isə düzəliş etməkdir. Düzəliş edərkən  biz ehtiyatlı olmalıyıq. Ünsiyyət zamanı şagirdə tez-tez və daima edilən qrammatik və ya leksik düzəlişlər, onun sözünün tez-tez kəsilməsi şagirdin nitq bacarıqlarının inkişafına təsir edən effektiv üsul deyil. Bu, şagirdin passivləşməsinə, fikrini bildirməkdən qorxmasına gətirib çıxarır. Əgər şagird  I taked və ya he play  deyirsə,biz onun səhvini Yes, very good I took və ya he plays (tələffüz zamanı took və ya s şəkilçisini vurğulamaq lazımdır) deyə  nəzakətlə  düzəldə  bilərik.

Hər hansı bölmənın sonunda mövzunun nə dərəcədə mənimsənildiyini üzə çıxaran summativ qiymətləndirmənin çox böyük əhəmiyyəti var. Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması barədə" Təlimatına əsasən summativ qiymətləndirmə kiçik, böyük və yekun olmaqla, üç yerə bölünür. Kiçik summativ qiymətləndirmə bəhs və ya bölmələrin sonunda müəllim tərəfindən, böyük summativ qiymətləndirmə isə yarımilin sonunda ümumi təhsil müəssisəsinin və ya orada yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllim tərəfindən aparılır. Yekun qiymətləndirmə təhsil səviyyələrinin sonunda buraxılış imtahanları şəklində aparılır. Summativ qiymətləndimənin nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur.               

Kiçik summativ qiymətləndirmə üçün qiymətləndirmə vasitələri hazırlayarkən çalışıram ki, tapşırıqlar asan, orta və çətin olsun. Asan tapşırıqlar idrakın bilmə mərhələsinə aid olub şagirdin hər hansı bir məlumatı nə dərəcədə bilməsini və yadda saxlamasını ölçür. Orta səviyyəli tapşırıqlar idrakın anlama, tətbiq və təhlil mərhələsinə aiddir. Belə tapşırıqlar şagirdin səbəb-nəticə əlaqələrini anlamaq, tətbiq etmək, müqayisə etmək və fərqləndirmək kimi bacarıqlarını qiymətləndirir. Çətin səviyyəli tapşırıqlar idrakın sintez və dəyərləndirmə mərhələsinə aiddir. Bu növ tapşırıqlar şagirdin sintez etmək, qarşılaşdırmaq, dəyərləndirmək, qərar qəbul etmək bacarıqlarını ölçür.

Hər bir müəllim qiymətləndirmədən sonra bu suallara cavab verməlidir:  

1. Şagirdlər qoyulan məqsədə doğru necə irəliləyiblər?

2. Şagirdin problemi və zəifliyi nədədir?

3. Şagird ingilis dilində nə etməyi bacarır?

Böyük summativ qiymətləndirmə vasitələri fənnin məzmunundakı əsas zəruri bilikləri əhatə edir və daha çox tətbiqi bacarıqları yoxlamağa xidmət edir. Bu vasitələrin hazırlanmasında Təhsil Nazirliyinin tövsiyələri və verdiyi nümunələrə hər bir ümumi təhsil müəssisəsində böyük ehtiyac var.

Doğrudur, yeni fənn kurikulumları ilə işin təşkili biz müəllimlərin məsuliyyətini bir qədər artırmışdır, lakin işlədikcə yeni metodların daha maraqlı olduğunu müşahidə edirik. Şagirdlər formativ qiymətləndirmədə özünüqiymətləndirməyə, qrup şəklində qiymətləndirməyə xüsusi maraq göstərirlər. Məktəbdaxili qiymətləndirmənin yeni modelinin tətbiqi şagirdlərin intellektual qabiliyyətlərinin inkişaf etməsində və şagirdlərin idrak fəallığının və bacarıqlarının aşkara çıxarılmasında yaxşı nəticələr əldə etməyə imkan verir. Şagird nailiyyətlərinin yeni qiymətləndirmə sisteminin tətbiqi təhsil sahəsində qazanılmış nailiyyətlərdəndir. Aparılmış müşahidələrdən müəyyən olmuşdur ki, qiymətləndirmənin yeni modelindən istifadə artıq öz bəhrəsini verməkdədir. 

Tamilla ƏLİYEVA,
akademik Z.Əliyeva adına Xaçmaz şəhər
8 nömrəli məktəb-liseyin ingilis dili müəllimi

 
 
 
Səhifənin başına qalx "Pedaqoji yazılar" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov