Astara
rayonunun ucqar ərazisində yerləşən yaşayış
məntəqələrindən biri olan Telman kəndində orta məktəb
binası ötən əsrin 30-cu illərində inşa edilmişdi. Bu
binada şagirdlərin normal təhsil alması üçün lazımi
şərait yox idi. Məktəbin pedaqoji kollektivinin, şagird
və valideynlərin uzun illərdən bəri həsrətində olduqları
arzu həyata keçdi.
Müasir tələblərə cavab verən, şagirdlərin yüksək
səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılan
ikimərtəbəli yeni məktəb binası martın 28-də istifadəyə
verildi.
Yeni məktəb binasının açılışına məktəbin pedaqoji və
şagird kollektivindən əlavə valideynlər, Telman kənd
ictimaiyyətinin nümayəndələri, rayon təhsil şöbəsinin
əməkdaşları və məktəbin tikintisində iştirak edən
inşaatçılar toplaşmışdı.
Yeni məktəb binasının açılışına həsr olunmuş tədbiri
rayon təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova açaraq
son illər rayonda təhsilin inkişafında qazanılan
uğurlardan geniş söhbət açdı.
Söz məktəblilərə verildi. Onlar ulu öndər Heydər Əliyevə
və ölkə başçısı İlham Əliyevə həsr olunmuş şeirlər
söylədilər.
Yeni istifadəyə verilən Telman kənd tam orta məktəbinin
direktoru Sərraf Əhmədov, kənd ağsaqqalı Qasım Həsənov,
məktəbin müəllimi Aydın Məmmədov, II sinif şagirdi
Minarə Əliyeva çıxış edərək kənddə təhsilin inkişafı
üçün yaradılmış yüksək şərait barədə razılıqlarını
bildirdilər, onlara göstərilən böyük qayğı və diqqətə
görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyevə dərin minnətdarlıqlarını ifadə etdilər.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev kənd
sakinlərini salamladı, yeni məktəbin açılışı
münasibətilə onları təbrik etdi. İcra başçısı müstəqil
Azərbaycan Respublikasında təhsilin inkişafına ulu öndər
Heydər Əliyevin rəhbərliyi dövründə böyük diqqət və
qayğının olduğunu, ulu öndərin siyasətini uğurla davam
etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev
tərəfindən də ölkəmizdə təhsilin inkişafı üçün bütün
imkanların yaradıldığını, təhsilin maddi-texniki
bazasının daha da möhkəmləndirilməsi istiqamətində
işlərin yüksək sürətlə davam etdirildiyini diqqətə
çatdırdı. Bildirildi ki, bu, rayonda istifadəyə verilən
24-cü yeni məktəbin açılışıdır. Hazırda rayonda daha 10
məktəbin tikintisi davam etdirilir.
Sonra rayon icra hakimiyyətinin başçısı Q.Ağayev Telman
kənd tam orta məktəbi üçün tikilmiş yeni binanın açılış
lentini kəsdi.
Açılış mərasiminin iştirakçıları yeni məktəb binasında
şagird və müəllimlər üçün yaradılmış şəraitlə tanış
oldular.
Azad ABDULLAYEV |