Azərbaycan
Respublikasının Prezidenti möhtərəm İlham Əliyev
cənablarının 2012-ci ilin noyabrında Sinqapur
Respublikasına səfəri ölkələrimiz arasında daha səmərəli
əməkdaşlığın qurulması üçün mühüm zəmin yaratmışdır.
Qeyd etmək yerinə düşər ki, dövlətlərimiz arasında
əməkdaşlığın siyasi, iqtisadi, sosial, o cümlədən elm və
təhsil və digər sahələrdə böyük potensialı vardır.
Təsadüfi deyil ki, Prezidentimiz həmin səfər
çərçivəsində müasir dünyaya sürətlə inteqrasiya edən
Azərbaycanın humanitar, mədəni mübadilə və təhsil
sahələrində də əməkdaşlıqla əlaqədar böyük planların
olduğunu vurğulamışdır.
Uğurlu diplomatiyanın qələbəsidir ki, Bakı Pedaqoji
Kadrların İxtisasartırma və Yendənhazırlanma
İnstitutunun da beynəlxalq əlaqələri sürətlə genişlənir.
Təhsil Nazirliyinin dəstəyi ilə institut rəhbərliyinin
bu istiqamətdə apardığı məqsədyönlü işlər öz nəticəsini
verir. Aprelin 4-də institutun rektoru, professor Asəf
Zamanov ölkəmizdə səfərdə olan Sinqapurun nümayəndə
heyətini qəbul etmişdir.
Görüşdə rektor nümayəndə heyətini - Sinqapurun Sənaye və
Ticarət Nazirliyinin rəsmi nümayəndələri - Frankis Çonq,
Coses Vonq, məqsədi həyat səviyyəsinin və tədrisin
keyfiyyətinin təkmilləşdirilməsi üçün müəllimlərə və
məktəblərə xidmət göstərmək olan Sinqapurun EDUCARE
Şirkətinin baş icraçı direktoru Mayk Tirumanı
Azərbaycanın uğurları, həmçinin elm və təhsil
sahəsindəki islahatlar və yenilikləri barədə
məlumatlandıraraq ölkələrimiz arasındakı əməkdaşlığın
təhsil sferasına da müsbət təsirini xüsusi vurğuladı.
İnstitutun tarixi, strukturu, fəaliyyət istiqamətləri,
elmi-tədqiqat işləri və beynəlxalq əməkdaşlıq
sahəsindəki nailiyyətlərindən bəhs etdi.
Qonaqlardan Frankis Çonq ölkəmizə ilk dəfə səfərindən
məmnunluğunu bildirdi, əməkdaşlığın hər iki tərəf üçün
əhəmiyyətini vurğuladı. Mayk Tiruman institutumuzla
Sinqapurun müvafiq qurumları arasında əməkdaşlığa, o
cümlədən XXI yüzilliyin tələblərinə uyğun təhsil
menecerlərinin hazırlığı və ixtisasının artırılmasına
dair təkliflərini nəzərə çatdırdı və bu əməkdaşlığın
yaxın gələcəkdə reallaşmasına müvafiq kömək
göstərəcəyinə söz verdi. Nümayəndə heyəti səmimi qəbula,
onlara göstərilən yüksək qonaqpərvərliyə görə professor
Asəf Zamanova minnətdarlığını bildirdi və instituta
hədiyyələr təqdim etdi.
İnstitutun Heydər Əliyev muzey-lektoriyası, Beynəlxalq
əlaqələr və Keyfiyyətin təminatı şöbələrinin fəaliyyəti
ilə geniş tanışlıq nümayəndə heyətində yüksək təəssürat
yaratdı.
Rektorla görüşdən sonra qonaqlar institutun
ixtisasartırma və yenidənhazırlanma fakültələrində
tədris prosesinin təşkili ilə tanış oldular. Məktəb
direktorları üçün keçirilən "Təhsil menecmenti kursu"nda
Mayk Tiruman ilə aparılan müzakirə xüsusi marağa səbəb
oldu.
Sonda əməkdaşlar və müdavimlərlə birgə xatirə şəkilləri
çəkildi.
Sevinc QULİYEVA,
BPKİYİ-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri
|