Bu
günlərdə Bolqarıstanın paytaxtı Sofiya şəhərində
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin rəssamlıq fakültəsinin dekanı,
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevda
Sadıqbəyova və rəsm və rəngkarlıq kafedrasının müdiri,
dosent Aytən Rzaquluyevanın təşkilatçılığı ilə
"Azərbaycan Rəssamları-FOTO" adlı sərginin açılışı
olmuşdur.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
və Bolqarıstan Dövlət Rəssamlıq Akademiyasının təşkil
etdikləri tədbir uğurla keçmişdir. Sərgidə sərgilənən
təsviri sənətin - rəngkarlıq, qrafika və dekorativ sənət
nümunələri nümayiş olunmuşdur. Bu gün Azərbaycanın
dünyanı heyrətə qoyan vüsətli inkişafı, iqtisadi
tərəqqisi, siyasi sabitliyi xüsusilə mədəniyyət və
incəsənətə dövlət qayğısı belə qarşılıqlı sərgilərin
keçirilməsi üçün böyük zəmin yaradır. Bu il Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illik
yubileyi ilə əlaqədar universitetin nailiyyətləri bütün
sahələrdə olduğu kimi təsviri sənət sahəsində də öz
əksini tapmaqdadır. Keçirilən bu sərgidə də
universitetin keçdiyi zəngin və mürəkkəb tədris yolu
sərginin ayrı-ayrı eksponatlarında diqqətə çatdırılır.
Sərgi Sofiya şəhərinin sənətsevərləri ilə yanaşı,
Bolqarıstanın digər sənət adamlarının da böyük rəğbətini
qazanmışdır. Çünki sərginin nümayişində sənət adamları,
ictimaiyyətin müxtəlif nümayəndələri iştirak etmiş və
respublikamıza olan maraq bir daha nümayiş olunmuşdur.
Tədbirdə Bolqarıstan Dövlət Rəssamlıq Akademiyasının
rektoru, professor Svyatoslav Kokalov və Azərbaycanın
Bolqarıstandakı fövqəladə və səlahiyyətli səfiri Emil
Kərimov çıxışlarında Prezident İlham Əliyevin ölkəmizdə
mədəniyyətin, incəsənətin və təhsilin inkişafındakı
əvəzsiz rolunu və xidmətini ətraflı qeyd etdilər.
Bolqarıstan və Azərbaycan xalqları arasında mədəniyyətin
və incəsənətin inkişafında əhəmiyyətli rol oynayacaq bu
sərginin təşkili üçün Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetinin rektoru, professor Timuçin
Əfəndiyevə minnətdarlıq bildirildi.
Çingiz BAĞIROV,
ADMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru
|