Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Aprel 2013 - №12

 

Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadasında  45 ölkədən məktəblilər iştirak edirlər

 

Paytaxtımızda təşkil olunmuş ekologiya, ətraf mühitin mühafizəsi problemləri və onların həlli yollarına həsr edilən Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadası (İNEPO-Avrasiya) ilə bağlı aprelin 2-də Bakı Özəl Türk Liseyində KİV nümayəndələri üçün mətbuat konfransı keçirildi.

Tədbiri Azərbaycan-Türkiyə Özəl Liseyləri Baş İdarəsinin rəisi, Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadasının (İNEPO-Avrasiya) təşkilat komitəsinin sədri Məsud Kurnaz açaraq olimpiada barədə media nümayəndələrinə ətraflı məlumat verdi. Bildirdi ki, 5-6 aprel tarixlərində Bakıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadası (İNEPO-Avrasiya)  keçiriləcəkdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təsisçisi olduğu İDEA Ətraf Mühit Kampaniyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, "Çağ" Öyrətim İşlətmələri Şirkəti, "İNEPO-Avrasiya" Ekologiya İctimai Birliyi və İctimai Televiziya və Radio Yayımları Şirkətinin birgə təşkilatçılığı ilə təşkil olunan bu  mötəbər tədbirdə dünyanın 45 ölkəsindən 500-ə yaxın məktəbli yarışacaqdır.

Məsud Kurnaz şagirdlərin bu olimpiadaya böyük həvəs göstərdiklərini söyləyərək təqdim olunan layihələrdə ətraf mühitin mühafizəsi, ekologiya ilə bağlı bir sıra problemlərin öz əksini tapdığını və hazırlanmış xüsusi stendlərin ölkə ictimaiyyəti tərəfindən maraqla qarşılanacağından əmin olduğunu bildirdi.

"Çağ" Öyrətim İşlətmələri Şirkəti İdarə Heyətinin sədri Ənvər Özərən hazırda dünyada qlobal problemlərdən birinin məhz ekoloji tarazlığın pozulması olduğunu deyərək paytaxtımızda keçirilən Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadasının (İNEPO-Avrasiya) da məktəblilərimizin dünyanın 45 ölkəsindən gəlmiş şagirdlərlə birlikdə ekologiya, ətraf mühitin qorunması ilə bağlı öz fikir və təkliflərini bölüşməyə, problemlərin həlli yollarını göstəməyə xidmət etdiyini bildirdi.

Olimpiadaya qatılmaq istəyən xarici ölkələrin, eyni zamanda şagirdlərin sayının ildən-ilə artmasından, ölkəmizin artıq neçə illərdir ki, mötəbər yarışa ev sahibliyi etməsindən məmnunluğunu ifadə edən Ənvər Özərən bunun eyni zamanda Azərbaycan təhsilinin, elminin inkişafından xəbər verdiyini dedi. Bakıda artıq sayca 7-cisi keçirilən beynəlxalq olimpiadanın digər ölkələrdə təşkil olunan yarışlardan bir sıra özəllikləri ilə fərqləndiyini qeyd edən Ənvər Özərən bildirdi ki, xarici ölkələrdən gələn  məktəblilər ilk olaraq xalqımızın qonaqpərvərliyi, mehribanlığı ilə qarşılaşırlar. Bakıda qaldıqları müddət ərzində ölkəmizin mədəniyyəti və tarixi haqqında müəyyən məlumatlar əldə etməklə yanaşı onlar üçün paytaxtımızın bir sıra görməli yerlərinə ekskursiyalar təşkil olunur.

Çıxışının sonunda Ənvər Özərən olimpiada iştirakçılarına uğurlar arzulayaraq tədbirin təşkilində əməyi olanlara təşəkkür etdi.

Məlumat üçün bildirək ki, olimpiadanın ilk günü - aprelin 5-də iştirakçılar təmsil etdikləri ölkələr haqqında stendləri və ətraf mühitin mühafizəsi ilə bağlı hazırladıqları layihələri nümayiş etdirəcəklər. Münsiflər heyəti tərəfindən olimpiada iştirakçılarının təqdim etdikləri layihələr diqqətlə nəzərdən keçirilərək ətraflı təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcəkdir. Aprelin 6-da isə Heydər Əliyev adına İdman - Konsert Kompleksində qaliblərin mükafatlandırılması mərasimi keçiriləcəkdir.  

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov