Aprelin
3-də Azərbaycan Dövlət Pedaqoji Kollecində "Öyrənməyin
və öyrətməyin müasir aspektləri" mövzusunda elmi-praktik
konfrans keçirildi. Konfransda Azərbaycan Respublikası
Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili
şöbəsinin əməkdaşları Zinyət Abdullayeva, Ənvər İmanov,
Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Şahin
Məmmədov, pedaqoji təmayüllü orta ixtisas təhsili
müəssisələrinin, Bakı şəhəri Yasamal rayonunun orta
məktəblərinin direktor və müəllimləri iştirak edirdilər.
Konfrans iştirakçıları kollecin foyesində pedaqoji
təcrübədə müəllim və tələbə əməkdaşlığının nəticəsini
əks etdirən "Tələbələrimiz pedaqoji təcrübədə" tədris
sərgisi ilə, İKT vasitələrinin imkanlarından istifadə
etməklə verdikləri dərslərin təqdimatlarından
nümunələrlə tanış oldular. Sərgi tələbələr tərəfindən
hazırlanmış məktəbdə müasir tələblər səviyyəsində dərsin
təşkili üçün müəllimin istifadə edə biləcəyi didaktik
materialların, metodiki işləmələrin, icmalların, əyani
vəsaitlərin, elektron dərs nümunələrinin nümayişi idi.
Pedaqoji təcrübənin mühüm problemlərinə həsr olunmuş
"Öyrənməyin və öyrətməyin müasir aspektləri" mövzusunda
elmi-praktik konfransı kollecin direktoru, professor
Nurlana Əliyeva açaraq rəhbərlik etdiyi təhsil
müəssisəsinin fəaliyyətindən, təhsilimizin uğurlarından,
ölkəmizdə aparılan təhsil islahatlarından, Azərbaycan
təhsilinə dövlətin qayğısından danışdı. Rəhbərlik etdiyi
kollecdə yeniliyi öyrənən və öyrətməyə can atan,
peşəsini, tələbələrini sevən fədakar müəllimlərin
çalışdığını, pedaqoji təcrübənin müəllim hazırlığında
effektivliyi təmin edən önəmli bir vasitə, sosial sərvət
olduğunu qeyd etdi.
Konfransda
kollecin pedaqoji təcrübə rəhbəri Gülxarə Məmmədovanın
"Pedaqoji təcrübənin məqsədi, vəzifələri və təşkili"
mövzusunda məruzəsi, kollecin tədris hissə müdiri,
filologiya üzrə fəlsəfə doktoru Gültəkin Əliyevanın
"Fəal təlim müasir tədrisin əsasıdır", tədris metodika
kabinetinin müdiri, filologiya üzrə fəlsəfə doktoru
Fərqanə Əliyevanın "Pedaqoji təcrübədə tələbələrin
nəzəri biliklərinin tətbiqi", Yasamal rayonu 18 nömrəli
məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini
Bəsti Ağayevanın "Pedaqoji təcrübənin ümumi orta
məktəblərdə təşkili" və kollecin pedaqogika müəllimi
Ülkər Qədirovanın "Pedaqoji təcrübədə öyrənənin öyrətmə
üsulları" mövzularında çıxışları, təqdimatları maraqla
dinlənildi.
Tədbir iştirakçıları kollecin IV kurs tələbələrinin Bakı
şəhərinin tam orta məktəblərində keçdikləri təcrübə
dövründə İKT vasitələrindən istifadə etməklə yeni təlim
texnologiyaları əsasında qurulmuş sınaq dərslərinin
təqdimatlarına maraqla baxdılar. Xüsusən, 4/1a qrup
tələbəsi Mirvari Əliyevanın oxu fənnindən "Dəvələr",
informatika fənnindən "Kompüter və onun tətbiqi
sahələri", 4a qrup tələbəsi Səidə Qəribovanın
riyaziyyat fənnindən "Əşyanın yeri", 4/1b qrup tələbəsi
Səbinə Kərimlinin oxu fənnindən "Novruz bayramı"
mövzularında dərslərin təqdimatları böyük marağa səbəb
oldu. Tələbələrin dərslərinin təqdimatı, onların
şərhləri, dərsin videogörüntüləri kollecin tələbələrinin
nəzəri biliklərə yüksək səviyyədə yiyələndiklərinin və
biliklərini təcrübədə tətbiq etmək bacarıqlarını nümayiş
etdirdi. Kollecin direktoru Nurlana Əliyevanın dediyi
kimi, nəzəriyyə və təcrübə qoşa qanaddır. Biz
tələbələrimizdən daha yüksək uğurlar əldə etmələrini
gözləyirik.
"Öyrənməyin və öyrətməyin müasir aspektləri" mövzusunda
elmi-praktik konfrans pedaqoji təcrübənin müəllim
hazırlığında əhəmiyyətini və rolunu bir daha nümayiş
etdirib qabaqcıl təcrübənin mübadiləsi üçün imkan
yaratdı.
Rəşad ZİYADOV |