Bu günlərdə Azərbaycan Dillər Universitetində
"Respublikada oftalmologiya elminin inkişafında Zərifə
Əliyevanın xidmətləri" mövzusunda "dəyirmi masa"
keçirildi. "Akademik Zərifə Əliyevanın 90 illik
yubileyinin keçirilməsi haqqında" Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 7 fevral
2013-cü ildə imzaladığı Sərəncama əsasən mülki müdafiə,
tibbi biliklərin əsasları və bədən tərbiyəsi
kafedrasının müdiri, dosent Sevda Zamanovanın
təşkilatçılığı ilə keçirilən tədbirdə ADU-nun tərbiyə
işləri üzrə prorektoru Ələddin Əliyev, kafedranın
müəllimləri və tələbələr iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan prorektor Ələddin Əliyev
Zərifə Əliyevanın həyatı və fəaliyyəti haqqında qısa
məlumat verdi. Sonra kafedra müdiri, dosent Sevda
Zamanova "İnsan ömrünün uzunluğunu yaşanmış illərin sayı
ilə deyil, onun mənası ilə, əməlləri ilə ölçmək
lazımdır", - deyə Azərbaycan xalqının nəcabətli,
görkəmli, ziyalı qadını, akademik Zərifə Əliyevadan söz
açdı. O bildirdi ki, Zərifə Əliyeva dünyada ilk dəfə
olaraq peşə patalogiyasını araşdıran elmi-tədqiqat
laboratoriyası yaratmış və praktik olaraq elm aləmində
yeni bir istiqamətin-peşə oftalmologiyasının əsasını
qoymuşdur. S.Zamanova alimin apardığı tədqiqatlara
diqqət çəkərək onun "Göz yaşının axmasının
fiziologiyası", "Gözün və görmə sinir yolunun yaşla
əlaqədar dəyişiklikləri", "Gözün hidrodinamik sisteminin
anatomik, fizioloji təbiəti" və s. kimi onlarla elmi
məqalə və monoqrafiyanın müəllifi olduğunu söylədi.
Kafedra müdiri görmə orqanının peşə patalogiyası
sahəsində apardığı elmi tədqiqat işlərinin uğurlu
nəticələrinə görə akademik Zərifə Əliyevanın keçmiş
SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər
mükafatlarına layiq görüldüyünü qeyd etdi. Ölkəmizdə
görkəmli alimin yubileyinə həsr olunmuş silsilə
tədbirlərin keçiriləcəyi iştirakçıların diqqətinə
çatdırıldı.
Daha sonra universitetin pedaqoji fakültəsinin 312-ci
qrup tələbəsi Lalə Bəxtiyarlı məruzəsində Azərbaycanın
görkəmli alimi, gözəl həkim və pedaqoq, insanların
gözlərinə nur bəxş edən nurlu insan Zərifə Əliyevanın öz
ocağına layiqli bir qadın kimi yetişərək atası Əziz
Əliyev kimi bu xalq üçün işıq, nur mənbəyinə
çevrildiyini, fəaliyyətinin xalqımız üçün örnək
olduğunu bildirdi.
"Dəyirmi masa" daha sonra müzakirələrlə davam etdi.
Hicran ƏKBƏROVA |