Aprelin
3-də Bakı Dövlət Universitetində "Heydər Əliyev və
Azərbaycanda gənclər siyasəti" mövzusunda konfrans
keçirilib. Rektor, akademik Abel Məhərrəmov çıxış edərək
ulu öndər Heydər Əliyevin hər zaman gənclərə önəm
verməsindən, onların bütün problemlərinin, qayğılarının
həlli istiqamətində həyata keçirdiyi siyasətdən bəhs
edib. Bildirib ki, ümummilli lider gəncləri vətənpərvər
olmağa səsləyir, onların milli ruhda tərbiyə
olunmalarının əhəmiyyətini xüsusilə önə çəkirdi:
"Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır,
milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidir.
Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı,
dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər
olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə
orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, vətəni
sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik".
Akademik Abel Məhərrəmov bu siyasətin hazırda da uğurla
davam etdirildiyini qeyd edib: "Prezident İlham Əliyev
hər zaman çıxışlarında gənclərə xüsusi münasibətinin
olduğunu və onların bütün işlərdə ona arxalana
bilmələrini söyləyir. Elə bunun nəticəsidir ki,
Azərbaycan gəncliyi sabaha böyük inamla baxır".
Daha sonra Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin
rəisi Raqif Abbasovun "Heydər Əliyev və Azərbaycanda
gənclər siyasəti" mövzusunda məruzəsi və Milli Məclisin
deputatı, Respublika Agsaqqallar Şurasının sədri Fəttah
Heydərovun çıxışı maraqla dinlənilib.
Konfransda BDU-nun 2-ci kurs tələbəsi Mətanət Həsənova,
BDU Tələbə Gənclər Təşkilatının sədri Məmmədbağır
Məmmədov və Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri
Daşqın Qənbərov çıxış ediblər.
Tədbirin sonunda ölkənin idman həyatında uğurlu
nəticələr göstərmiş, dövlət gənclər siyasətinin həyata
keçirilməsində aktiv iştirak etmiş bir qrup BDU tələbəsi
Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən diplom və
xatirə hədiyyələri ilə təltif olunub. Bir qrup tələbəyə
isə xüsusi güzəştləri təmin edən tələbə kartları
verilib.
Tədbir bədii hissə ilə davam etdirilib.
BDU-nun Mətbuat və informasiya şöbəsi |