Sumqayıt Dövlət Universitetində 31 mart
azərbaycanlıların soyqırımı ilə bağlı anım tədbiri
keçirildi. Tədbirdə çıxış edən universitetin rektoru,
professor Nadir Qəhrəmanov bildirdi ki, 1918-ci ilin
mart ayının sonlarından başlanan və aprelin 3-nə qədər
davam edən qırğınlar azərbaycanlılara qarşı əsrlər boyu
aparılan etnik təmizləmə və soyqırımı siyasətinin
məntiqi davamı idi. "Soyqırımı siyasətini həyata
keçirmək üçün IV-XIX əsrlər ərzində öz dövlətlərinə
malik olmayan ermənilər "Böyük Ermənistan" dövlətini
yaratmaq üçün çar Rusiyasının imperiya siyasətindən alət
kimi istifadə etmişdilər", - deyə rektor bildirdi.
Daha sonra çıxış edən filologiya fakültəsinin dekanı,
professor Aslan Bayramov qeyd etdi ki, XIX əsrdən
etibarən Azərbaycanın bölünməsi, eyni zamanda
ermənilərin Azərbaycana aid torpaqlarda
yerləşdirilməsinə başlanılıb: "1908-ci ildə Cənubi
Qafqaza köçürülən ermənilərin sayı 1 milyona çatmışdı.
Həm bu, həm də azərbaycanlılara qarşı törədilən
qırğınlar məhz Böyük Ermənistan yaratmaq planının bir
hissəsi idi".
A.Bayramov bildirdi ki, bu hadisələr hüquqi qiymətini
yalnız dahi lider Heydər Əliyevin xalqın tələbi ilə
ikinci dəfə hakimiyyətə qayıtmasından sonra almışdır.
SDU-nun Mətbuat xidməti |