Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Aprel 2013 - №12

 

Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı bəşəri cinayətdir

 

Naxçıvan Dövlət Universitetində 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş konfrans keçirildi. Konfransdan öncə Türkiyənin Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin rəhbəri Göksel Gülbeyin rəhbərliyi ilə universitetdə təşkil olunan fotosərginin açılışı oldu. Universitetin rektoru, akademik İsa Həbibbəyli, Türkiyə Cümhuriyyətinin Naxçıvandakı Baş konsulunun müavini Ömər Gülər  burada sərgilənən 30-a yaxın tarixi fotonun erməni vandalizmini, onların türklərə qarşı törətdikləri qətliamları bir daha təsdiq etdiyini bildirdilər. Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü,  professor Kərim Kərimovun, universitetin müəllim və tələbələrinin karikatura və siyasi plakatlardan ibarət sərgilərinə də baxış keçirildi.             

Konfransda çıxış edən rektor, akademik İsa Həbibbəyli qeyd etdi ki, ermənilərin XIX əsrin sonlarından etibarən Azərbaycan xalqına və onun dövlətçiliyinə qarşı yürütdükləri soyqırımı və deportasiya siyasəti inkarolunmaz tarixi həqiqətdir.  1905-07, 1918-20, 1946-48-ci illərdə törədilən, eləcə də ötən əsrin 80-ci illərindən etibarən Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəldilmiş soyqırımı tarixdə silinməz ləkə, bəşəri cinayətdir. Ümummilli lider Heydər Əliyevin  hakimiyyətə ikinci dəfə qayıdışından sonra ermənilərin soyqırımı və etnik təmizləmə siyasətinə tarixi, siyasi və hüquqi qiymət verilməyə başlanmış, "Azərbaycanlıların soyqırımı haqqında" 1998-ci il 26 mart tarixli fərman, digər mühüm qərarlar imzalanmışdır. Rektor, bu gün Azərbaycan həqiqətlərinin dünya dövlətləri və ictimaiyyəti tərəfindən qəbul edilməsi istiqamətində Azərbaycan iqtidarının və diasporunun məqsədyönlü fəaliyyətindən də danışdı.

Azərbaycan tarixi  kafedrasının müdiri, tarix elmləri doktoru Zəhmət Şahverdiyev "Azərbaycanda ermənilərin törədikləri soyqırımların tarixindən" mövzusunda məruzəsində vurğuladı ki, azərbaycanlılara qarşı iki əsr davam edən soyqırımı düşünülmüş şəkildə, əksər xristian dövlətlərinin havadarlığı ilə həyata keçirilmişdir. Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırımı nəticəsində minlərlə azərbaycanlı böyük qəddarlıqla qətlə yetirilmiş, doğma torpaqlarından didərgin düşmüşdür.

Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Xəzər  Hüseynov "1918-1920-ci illərdə Naxçıvanda azərbaycanlılara qarşı törədilmiş soyqırımı", hüquqşünaslıq ixtisası üzrə II kurs tələbəsi Ağalar Qəribov "XX əsrin sonlarında  ermənilərin  azərbaycanlılara qarşı soyqırımı siyasəti" mövzularında məruzələr etdilər. Türkiyənin Beynəlxalq Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin rəhbəri Göksel Gülbey rəhbərlik etdiyi təşkilatın Avropada, Türkiyədə  həyata keçirdiyi tədbirlər barədə məlumat verdi, erməni iddiaları ilə mübarizədə türkdilli və müsəlman xalqların həmrəyliyinin, erməni vandalizminə qarşı davamlı, mütəşəkkil formada mübarizə aparmalarının zəruriliyini söylədi.   

Konfransda mövzu ilə bağlı slayd da göstərildi, aktyorluq ixtisasının tələbələri bədii qiraət etdilər.  

Mehriban SULTAN.
NDU-nun Mətbuat şöbəsinin müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov