Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

5 Aprel 2013 - №12

 

ASAİF-in Roma forumu keçirilib

 

Martın 28-də İtaliyanın paytaxtı Roma şəhərində Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) növbəti - Roma forumu işə başlamışdır.

"Azərbaycan 2020. Gənclərin baxışı" başlığı altında keçirilən forumun açılışında Azərbaycan və İtaliyanın dövlət himnləri səsləndirilmişdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ASAİF-in Roma forumunun iştirakçılarına ünvanlanmış təbrik məktubu oxunmuşdur.

Tədbiri giriş nitqi ilə ASAİF-in sədri Ramin Həkimov açmışdır. Azərbaycan tarixində gənclərin sistemli şəkildə xaricdə təhsil almasının əsasının hələ 1918-1920-ci illərdə 100 gəncin Avropaya göndərilməsi ilə qoyulduğunu qeyd edən R.Həkimov daha böyük dalğanın ötən əsrin 70-80-ci illərində ulu öndər Heydər Əliyevin sayəsində baş verdiyini bildirmişdir. Həmin dövrdə hər il 1000 nəfərdən artıq gəncin ölkə hüdudlarından kənarda təhsil almasına şərait yaradılmışdır. Bu missiya müasir dövrdə ölkə rəhbəri İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xaricdə təhsillə bağlı 2007-2015-ci illər dövlət proqramı çərçivəsində 1800-dən artıq Azərbaycan gənci dövlət vəsaiti hesabına xarici ölkələrdə ali təhsil alır.

Qeyd edilmişdir ki, indiyə kimi ASAİF-in forumları Strasburq, London, Budapeşt və Vyana şəhərlərində uğurla baş tutmuşdur. Bugünkü forumun digər forumlardan əsas fərqi onun geniş əhatəli olmasındadır, çünki ilk dəfə olaraq təkcə Avropadan deyil, dünyanın digər regionlarından gənclərimiz bu tədbirə qoşulmuşdur. Qürurverici haldır ki, 45 ölkədən 550-dən artıq nümayəndə bu forumda iştirak edir.

Yekunda bildirilmişdir ki, Azərbaycan dövlətinin gənclər siyasətinin mərkəzində Azərbaycan gəncləri dayanır. 2011-2015-ci illərdə gənclərlə bağlı dövlət proqramının qəbulu və icrası, eləcə də gənclərlə bağlı həyata keçirilən mütəmadi tədbirlər buna bariz nümunədir.

Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov Azərbaycan gənclərinin ölkə hüdudlarından kənarda ən böyük toplantısının Roma şəhərində keçirilməsindən məmnunluğunu ifadə etmiş, tədbir iştirakçılarına uğurlar arzulamışdır.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov öz çıxışında bu kimi tədbirlərin mühüm əhəmiyyətini vurğulamışdır. Qeyd edilmişdir ki, mütəmadi şəkildə keçirilən bu forumların əsas məqsədi gənclərlə ünsiyyət, onların yeni intellektual elita kimi yetişməsinə dəstək, digər tərəfdən isə xaricdəki tələbə və məzunları bir araya gətirən ASAİF-in sistematik fəaliyyətini təmin etməkdir. Bu tədbirlərin yekun hədəfi isə Azərbaycan dövlətinin güclənməsini təmin etmək, qara qızılın insan potensialına çevrilməsi nəticəsində ölkəmizin maraqlarını təmsil edən yeni nəsil peşəkar insanların yetişməsinə çalışmaqdır. Azərbaycan bu gün investisiya qoyulan ölkədən investisiya qoyan dövlətə çevrilir, ölkənin beynəlxalq imici və reytinqi yüksəlir. Bunun fonunda Azərbaycanı sevməyən qüvvələr də fəallıq göstərir. Həmin qüvvələrə qarşı ölkə başçısı İlham Əliyevin siyasi kursunu dəstəkləyən, onu uğurla icra edən yeni nəsil gənclərə böyük ehtiyac vardır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov öz çıxışında qeyd etmişdir ki, xaricdə təhsil alan gənclərlə keçirilən bu tədbirlərin əsas hədəfi gənclərimizin intellektual gücünü və imkanlarını müəyyənləşdirmək, onların təşəbbüs və intellektual imkanlarından xalqımızın rifahı, dövlətimizin gücləndirilməsi üçün yararlanmaqdan ibarətdir. Eyni zamanda, Azərbaycanın dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durduğuna görə, bu kimi tədbirlər sayəsində güclü vətəndaş yetişdirilməsi hədəfə alınmışdır. Çünki güclü dövlət güclü vətəndaşlarının məcmusu, onun obrazıdır. Azərbaycan xoşbəxt ölkələr sırasındadır ki, orada ölkə əhalisinin əksəriyyətini gənclər təşkil edir, bu gün Cənubi Qafqazın ümumi daxili məhsulunun 70 faizi Azərbaycanın payına düşür, ölkənin strateji valyuta ehtiyatları 50 milyard dollara çatmışdır, dövlət büdcəsi 23 milyard manat təşkil edir, Azərbaycan etibarlı tərəfdaş və regional dövlətə çevrilmişdir. Ölkəmiz beynəlxalq təşkilatların üzvü kimi dünyada öz sözünü deyir, qonşu dövlətlərlə xoş qonşuluq siyasəti yürüdür, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün bütün qüvvələrini səfərbər edir. Bütün bu inkişaf fonunda Azərbaycan gənclərinin üzərinə məsuliyyətli iş düşür, onların səsi xarici ölkələrin tribunalarından gəlməli, sabah öz işinin peşəkarları kimi Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi üçün fəaliyyət göstərməlidir.

E.Aslanov, həmçinin vurğulamışdır ki, Suriyadan olan köçkünlərlə bağlı böyük dövlətlər tez bir zamanda reaksiya verə bilirlər, lakin 20 ildən artıq davam edən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ikili standartlar tətbiq olunur. Azərbaycan gəncləri bu çətinliklərdən çəkinməməli, ölkə maraqlarının təmsil olunmasında əzmkarlıq nümayiş etdirməlidirlər.

Bildirilmişdir ki, gənclərlə bağlı dövlət proqramı davam edəcək və təkmilləşdiriləcəkdir. Xaricdə təhsil alan hər bir gəncimiz həmin ölkədə vətənimizi təmsil edən bir səfirdir və onlar bu məsuliyyəti dərk edərək həm yüksək səviyyədə ali təhsil almalı, digər tərəfdən isə ölkəmizin maraqlarını var gücləri ilə xaricdə təmsil etməlidir.

Azərbaycanın təhsil nazirinin müavini Qulu Novruzov Roma forumunu gənclərimizi Azərbaycan hüdudlarından kənarda bir araya gətirən ən genişmiqyaslı tədbir kimi səciyyələndirmişdir. O qeyd etmişdir ki, hələ 19-cu əsrin sonlarından başlayaraq Azərbaycan gəncləri pərakəndə şəkildə Avropa ölkələrində təhsil almağa başlamışlar. Müasir dövrdə bu iş dövlət rəhbərinin diqqətində dayanan sistematik bir prosesə çevrilmişdir. Tədbir iştirakçılarına uğurlar arzulayan nazir müavini xaricdə təhsil alan gənclərimizə iki mühüm amili - milli kimlik və vətənə sevgini diqqət mərkəzində saxlamağı tövsiyə etmişdir.

İtaliya Nazirlər Kabineti yanında Gənclər və Dövlət Mülki Xidməti rəhbərinin müşaviri Mauro Skanu, Azərbaycan-İtaliya Assosiasiyasının rəhbəri Paola Kasaqrande, Azərbaycan ilə İtaliya Ticarət İnstitutunun başçısı Manuela Traldi çıxışlarında Azərbaycan-İtaliya arasında əlaqələrin gücləndirilməsi, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yerli ictimaiyyəti məlumatlandırmaq üçün əllərindən gələni edəcəklərini bildirmiş, həm iqtisadi, həm də mədəniyyət sahəsində hər iki ölkə arasında uğurlu əməkdaşlıq üçün böyük potensial olduğunu söyləmişlər.

Açılış mərasimi bitdikdən sonra ASAİF-in fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunmuşdur.

Martın 29-da forum çərçivəsində "Baxış 2020: Azərbaycan üçün yeni brendlər və yeni trendlər", "Ənənəvi və ictimai diplomatiya", "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixçəsi, danışıqlar prosesinin gerçəklikləri, hazırkı vəziyyət və perspektivlər" mövzuları ətrafında işçi panellər keçirilib, müzakirələr aparılıb. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov