Aprelin
3-də Təhsil Nazirliyində Ətraf Mühitin Mühafizəsi Vll
Beynəlxalq Layihə Olimpiadasının (İNEPO - Avrasiya) bir
qrup iştirakçısı ilə görüş keçirildi. Tədbirdə
nazirliyin məsul işçiləri, "Çağ" Öyrətim İşlətmələri
Şirkətinin rəhbərliyi və digər əməkdaşları iştirak
edirdilər.
Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov
tədbir iştirakçılarını salamlayaraq onları görməsindən
məmnun olduğunu bildirdi.
Olimpiadanın ənənəvi olaraq artıq 7-ci ildir ki,
Azərbaycanda keçirildiyini xatırladan təhsil naziri qeyd
etdi ki, bu tədbirin təşkil edilməsində əsas məqsəd
Azərbaycanda, eləcə də dünyanın bütün ölkələrində
artmaqda olan ekoloji problemlərin həlli və ətraf
mühitin qorunub saxlanması ilə bağlı gənc nəsli
məlumatlandırmaq, şagirdlərin bu problemlərin həlli
istiqamətində müxtəlif layihələr işləyib hazırlamaq
bacarığını inkişaf etdirmək, onlarda ekoloji tərbiyəni,
ətraf mühitə qarşı həssas münasibəti formalaşdırmaq,
nəticədə təbii, mədəni, tarixi və sosial estetik
dəyərləri qorumaqdır.
Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə
Olimpiadasının 2007-ci ildən başlayaraq keçirildiyini və
iştirakçı ölkələrin sayının ildən-ilə artdığını diqqətə
çatdıran Misir Mərdanov məlumat verdi ki, ötən il bu
olimpiadaya 42 ölkədən 250-dən artıq iştirakçı qatılıb.
Azərbaycan məktəblərindən 200-dən artıq layihə arasından
70-i, xarici ölkələrin təmsilçilərinin işlərindən isə
48-i seçilib. Bu il keçirilən Ətraf Mühitin Mühafizəsi
VII Beynəlxalq Layihə Olimpiadasında 45 ölkədən 500-ə
qədər iştirakçı yarışacaqdır.
2013-cü ildə Azərbaycanın 180 orta məktəbindən təqdim
olunan 214 layihədən 78-i, xarici ölkələrdən təqdim
olunan 625 layihədən 52-si növbəti mərhələdə iştirak
etmək hüququ qazanıb.
Yarışmanın təşkilatçıları Azərbaycan Respublikası Təhsil
Nazirliyi, İDEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyi,
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, İctimai
Televiziya və Radio Yayımları Şirkəti, "Çağ" Öyrətim
İşlətmələri Şirkəti və "İNEPO-Avrasiya" Ekologiya
İctimai Birliyidir. Nazir tədbirin 5-6 aprel
tarixlərində Heydər Əliyev adına İdman-Konsert
Kompleksində keçiriləcəyini bildirdi.
Bu möhtəşəm yarışmanın Azərbaycanda təşkil edilməsini
çox yüksək dəyərləndirdiyini vurğulayan təhsil naziri
qeyd etdi ki, 45 ölkənin təmsilçilərinin respublikamıza
gəlməsi əlamətdar hadisədir. Çünki bu işdə bizim əsas
məqsədimiz ekologiyanın qorunmasına dair ən yaxşı
layihəni müəyyənləşdirib qiymətləndirməklə yanaşı, həm
də məktəblilərimizin müxtəlif ölkələrdən olan yaşıdları
ilə dostluq münasibətlərinin yaranması, əməkdaşlıq
əlaqələrinin qurulmasıdır. Olimpiada iştirakçılarının
bir neçə gün Azərbaycanda qalacaqlarını, Bakı ilə tanış
olacaqlarını, maraqlı ekskursiyalara gedəcəklərini,
azərbaycanlı şagird və müəllimlərlə görüşəcəklərini
deyən nazir əmin olduğunu bildirdi ki, onlar özlərinə
yeni dostlar qazanacaq və ölkələrinə Azərbaycanın dostu
kimi qayıdacaqlar.
Misir Mərdanov çıxışının sonunda "İNEPO-Avrasiya"
ekologiya olimpiadasının həyata keçirilməsində əməyi
olan bütün qurumlara, xüsusən "Çağ" Öyrətim İşlətmələri
Şirkətinin rəhbərliyinə minnətdarlığını bildirdi. Bu
tədbirin gələcəkdə də ənənəvi olaraq Azərbaycanda
keçiriləcəyinə ümid etdiyini bildirən nazir bütün
iştirakçılara uğur arzulayaraq onların hər birinin
ölkəmizdən xoş təəssüratlarla, qalib kimi ayrılacağına
inandığını söylədi.
Sonra Nepal, Anqola, İndoneziya, Əfqanıstan və digər
ölkələrdən olan olimpiada iştirakçıları bu görüşə və
ümumiyyətlə, Azərbaycanda qarşılaşdıqları səmimi,
mehriban münasibətə görə təşəkkürlərini bildirdilər.
Sonda onlar təhsil naziri ilə xatirə şəkli çəkdirdilər.
Hicran ƏKBƏROVA |