Martın
30-da Dövlət Dəmir Yolu Liseyində bu təhsil ocağının 90
illik yubileyinə həsr olunmuş mərasim keçirildi. Yubiley
mərasimindən öncə qonaqlar liseyin fənn kabinetləri ilə
yaxından tanış olub, təhsil müəssisəsinin foyesində
təşkil olunmuş sərgiyə baxdılar.
Tədbiri giriş sözü ilə açan təhsil naziri Misir Mərdanov
iştirakçıları salamlayıb, zəngin tarixi olan Dövlət
Dəmir Yolu Liseyinin 90 illik yubiley mərasiminə qatılan
hər kəsə təşəkkürünü bildirdi. Tədris ocağının
kollektivini yubiley münasibətilə təbrik edən nazir
1923-cü ildə fabrik-zavod məktəbi kimi fəaliyyətə
başlamış Azərbaycanın ilk ixtisaslaşmış müasir peşə
təhsili müəssisəsi olan liseydə ötən 90 il ərzində 40
mindən artıq mütəxəssis hazırlandığını söylədi.
Misir Mərdanov təhsilin digər istiqamətləri ilə bərabər
peşə təhsili sahəsinin də inkişaf yolunda olduğunu
nəzərə çatdıraraq son illərdə bu yöndə qazanılmış
uğurlardan söhbət açdı. Bütün bu nailiyyətlərin
ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş
məqsədyönlü siyasətin nəticəsi olduğunu bildirən təhsil
naziri, həmçinin ölkə Prezidenti cənab İlham Əliyevin
həyata keçirdiyi tədbirlər sayəsində görülmüş işlər
haqqında məlumat verdi. Respublikamızda peşə təhsili
sisteminin müasir tələblər səviyyəsinə qaldırılması üçün
son illərdə dünyanın inkişaf etmiş ölkələri ilə təcrübə
mübadiləsinin genişləndirildiyini söyləyən nazir bu
baxımdan Koreya, Almaniya, Türkiyə, İsveçrə və digər
ölkələrlə mövcud olan əməkdaşlıqdan söhbət açdı. Təhsil
naziri həyata keçirilən layihələr nəticəsində bir sıra
yeni peşə təhsili müəssisəsinin fəaliyyətə başladığını
nəzərə çatdırdı.
Misir
Mərdanov təhsil müəssisəsinin fəaliyyəti dövründə
Azərbaycan Dövlət Dəmir Yolu və Bakı Metropoliteni üçün
ixtisaslı mütəxəssis hazırlığı sahəsində ciddi uğurlara
imza atdığını bildirdi. Əldə olunmuş nailiyyətlərdə
liseyə rəhbərlik etmiş təcrübəli pedaqoqların, təhsil
müəssisəsinin müəllim-mühəndis və pedaqoji kollektivinin
əməyini yüksək dəyərləndirən nazir bu gün də ənənələrin
uğurla davam etdirilməsinin təqdirəlayiq olduğunu
vurğuladı.
Liseyin məzunları arasında kifayət qədər öz sahələri
üzrə uğur qazanmış və tanınmış şəxslərin olduğunu
söyləyən təhsil naziri tədris ocağının ölkə
iqtisadiyyatının aparıcı sahələrindən biri olan
nəqliyyat sektorunun inkişafına layiqli töhfələr
verdiyini bildirdi. Nazir Dövlət Dəmir Yolu Liseyinin
nəzdində orta ümumi təhsil məktəbinin də fəaliyyət
göstərdiyini qeyd edib, hər il məzunların xeyli
hissəsinin ali məktəblərə qəbul olunduğunu nəzərə
çatdırdı.
Dövlət Dəmir Yolu Liseyinin uğurlarının davam
etdiriləcəyinə əmin olduğunu bildirən Misir Mərdanov
təhsil müəssisəsinin bir qrup işçisinin Təhsil
Nazirliyinin Fəxri fərmanı və "Azərbaycan
Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı ilə
təltif olunduğunu dedi. Təltif olunanları təbrik edən
Misir Mərdanov Təhsil Nazirliyinin hədiyyələrini liseyə
təqdim etdi.
Sonra çıxış edən nəqliyyat naziri Ziya Məmmədov, Bakı
Metropoliteninin rəisi Tağı Əhmədov, "Azərbaycan Dəmir
Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov,
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin
Fərzəliyev, Dövlət Dəmir Yolu Liseyinin direktoru Fərrux
Abbasov və başqaları təhsil müəssisəsinin keçdiyi
şərəfli inkişaf yolundan söhbət açdılar. Qeyd edildi ki,
90 illik zəngin ənənəyə malik olan tədris ocağı müasir
Azərbaycan iqtisadiyyatının dinamik inkişafı yolunda
özünəməxsus yeri və rolu olan təhsil müəssisələrindən
biridir.
Daha sonra qonaqlar təhsil müəssisəsinə hədiyyələrini
təqdim edərək liseyin kollektivinə ən xoş arzularını
bildirdilər.
Mərasimin sonunda Dövlət Dəmir Yolu Liseyinin kollektivi
adından Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevə ünvanlanmış müraciət oxundu.
Şakir CƏFƏROV |