Dünyanın
nüfuzlu mədəniyyət mərkəzləri və ali təhsil ocaqları ilə
səmərəli əməkdaşlıq Bakı Slavyan Universitetinin
fəaliyyətinin prioritet istiqamətlərindən biridir. BSU-nun
ölkə hüdudlarından kənarda apardığı işlərin əsasında isə
Azərbaycan dilinin, mədəniyyətinin, ümumilikdə
azərbaycanşünaslığın təbliği dayanır.
Azərbaycanşünaslıq ixtisası üzrə kadr hazırlığı
istiqamətində böyük təcrübə toplamış Bakı Slavyan
Universiteti dilimizi və mədəniyyətimizi təbliğ etmək
məqsədilə müxtəlif ölkələrin universitetlərində
Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin yaradılması
və onların fəaliyyətinin təmin edilməsi istiqamətində
böyük işlər həyata keçirir. Bu gün Rusiyanın Moskva
Dövlət Linqvistik Universiteti, Belarusun Maksim Tank
adına Dövlət Pedaqoji Universiteti və Ukraynanın Poltava
İqtisadiyyat və Ticarət Universiteti kimi nüfuzlu ali
təhsil ocaqlarında Azərbaycan dili və mədəniyyəti
mərkəzləri fəaliyyət göstərir. Mərkəzlərdə müntəzəm
olaraq müvafiq məşğələlər keçirilir, tələbələr üçün
vaxtaşırı Azərbaycanın görkəmli elm və mədəniyyət
xadimləri, tanınmış ziyalıları və ictimai xadimləri ilə
görüşlər, Azərbaycan yazıçılarına, şairlərinə həsr
olunmuş gecələr təşkil olunur, milli və dövlət
bayramları, Azərbaycanın unudulmaz tarixi hadisələri
qeyd olunur. Bu mərkəzlərin yaradılması yalnız
universitetlərarası əlaqələrin inkişafı üçün deyil, həm
də ölkələrarası siyasi, tarixi, mədəni-kulturoloji və
elmi əlaqələrin möhkəmlənməsi baxımından da böyük
əhəmiyyət kəsb edir.
Bu günlərdə sözügedən mərkəzlərin sırasına yeni bir
mərkəz də əlavə olunmuşdur. Belə ki, 2010-cu ilin
oktyabrında Bakı Slavyan Universiteti ilə Ukraynanın
Kiyev Milli Linqvistik Universiteti arasında
uzunmüddətli əməkdaşlıq haqqında imzalanmış müqaviləyə
əsasən universitetlərarası tələbə-müəllim mübadiləsi,
müştərək elmi konfransların, seminarların təşkil
olunması, birgə elmi əsərlər məcmuələrinin və elmi-metodik
vəsaitlərin hazırlanması və ən əsası, KMLU-da Azərbaycan
dilinin tədrisi və Azərbaycan Dili və Mədəniyyəti
Mərkəzinin yaradılması barədə mühüm razılaşma əldə
edilmişdir.
Artıq Kiyev Milli Linqvistik Universitetində Azərbaycan
Dili və Mədəniyyəti Mərkəzinin açılması ilə bağlı
hazırlıq işləri sona çatdırılmış və mərkəz Azərbaycanın
ədəbiyyatına, tarixinə, siyasətinə dair materiallarla
təchiz olunmuşdur. Qeyd etmək lazımdır ki, Bakı Slavyan
Universiteti bu mərkəzi yalnız metodik vəsaitlərlə təmin
etməklə kifayətlənməmişdir. Burada müasir texniki
avadanlıq quraşdırılmış, xüsusi kitabxana fondu
yaradılmış, xalqımızın mədəniyyətini və tarixini, zəngin
milli adət-ənənələrini əks etdirən eksponatlar
yerləşdirilmişdir. Azərbaycanşünaslıq ixtisası
istiqamətində Azərbaycan dilini, ədəbiyyatını,
mədəniyyətini, tarixini tədris etmək məqsədilə
filologiya elmləri doktoru, BSU-nun professoru Rafiq
Novruzov KMLU-ya ezam edilmişdir.
Martın 29-da, Azərbaycan xalqının ümummilli lideri
Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində Kiyev Milli
Linqvistik Universitetində Heydər Əliyev adına
Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəsmi açılışı
olmuşdur. Açılışda Azərbaycanın Ukraynadakı səfirliyinin
təmsilçiləri, BSU-nun və KMLU-nun rektorları, Ukrayna
Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Azərbaycanlı
Gənclər Birliyinin, Azərbaycan Respublikası Dövlət Neft
Şirkətinin nümayəndələri, Azərbaycan televiziyasının
Ukrayna və Şərqi Avropa üzrə nümayəndəliyinin başçısı,
KMLU-nun tələbələri və Kiyevin ali təhsil
müəssisələrində təhsil alan azərbaycanlı tələbələr
iştirak etmişlər.
Mərasimi giriş sözü ilə KMLU-nun rektoru, professor
R.V.Vasyuk açaraq iki universitet arasındakı müqaviləyə
əsasən fəaliyyət göstərəcək mərkəzin açılışını əlamətdar
hadisə kimi qiymətləndirdi. O qeyd etdi ki, bu hadisədən
öncə daha bir mühüm hadisə baş vermişdir: Azərbaycan
dili universitetin şərqşünaslıq fakültəsində öyrənilən
dillərin kadastrına daxil edilmişdir. Artıq üçüncü kurs
tələbələri fəaliyyətdə olan Mərkəzdə məşğul ola
bilərlər. Burada onlar Azərbaycan dili, tarixi və
mədəniyyəti ilə bağlı zəngin ədəbiyyatla tanış olmaq
imkanı əldə etmişlər.
BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Kamal
Abdullayev bu əlamətdar hadisə münasibətilə bütün tədbir
iştirakçılarını təbrik edərək bildirdi ki, bu, Poltava
İqtisadiyyat və Ticarət Universitetində fəaliyyət
göstərən mərkəzdən sonra BSU-nun təşəbbüsü ilə Ukraynada
açılmış ikinci mərkəzdir. O əlavə etdi ki, ümummilli
lider Heydər Əliyevin adını daşıyan və açılışı onun
anadan olmasının 90 illiyinə təsadüf edən bu mərkəz iki
dost xalqın daha da yaxınlaşmasında əvəzsiz rol
oynayacaqdır.
Daha sonra tədbirdə Azərbaycan Respublikasının təhsil
naziri Misir Mərdanovun, Azərbaycanın Ukraynadakı
fövqəladə və səlahiyyətli səfiri Eynulla Mədətlinin və
Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri
Aleksandr Mişşenkonun, eləcə də Azərbaycan Dili və
Mədəniyyəti Mərkəzinin fəaliyyət göstərdiyi Poltava
İqtisadiyyat və Ticarət Universitetinin rektoru,
professor Aleksey Nestulyanın və Moskva Dövlət
Linqvistik Universitetinin Azərbaycan Dili və
Mədəniyyəti Mərkəzinin müdiri, professor Bella
Musayevanın təbrik məktubları oxundu.
ARDNŞ-ın nümayəndəsi öz çıxışında qeyd etdi ki, neft
şirkəti də mərkəzi linqafon kabineti və interaktiv
lövhəylə təchiz etməklə onun təşkilinə öz töhfəsini
vermişdir. Ukraynada Azərbaycan diaspor təşkilatının
sədri Rövşən Tağıyevin qeyd etdiyi kimi, bu mərkəz
Kiyevdə Azərbaycanın təhsil və mədəniyyət guşəsi kimi
fəaliyyət göstərəcəkdir.
Tədbirin sonunda azərbaycanlı və ukraynalı tələbələr
milli geyimlərdə konsert proqramı ilə çıxış etmişlər.
Açılışda xatirə şəkilləri çəkilmişdir.
Qeyd etmək lazımdır ki, Bakı Slavyan Universitetinin
Azərbaycanşünaslıq istiqamətində fəaliyyəti bununla
məhdudlaşmır. Hazırda BSU-nun təşəbbüsü və dəstəyi ilə
bir sıra xarici ölkələrin nüfuzlu universitetlərində
yeni Azərbaycan tədris-mədəniyyət mərkəzlərinin təşkili
istiqamətində intensiv iş aparılır və imzalanmış
əməkdaşlıq müqavilələri çərçivəsində Azərbaycan dilinin,
ədəbiyyatının, mədəniyyətinin, tarixinin geniş təbligi,
tədrisi və tədqiqi sahəsində uğurlu addımlar atılır.
Belə ki, BSU ilə Almaniyanın Yohannes Quttenberq
Universiteti (Mayns), Rusiyanın Ural Federal
Universiteti, Bolqarıstanın Müqəddəs Kliment Oxridski
adına Sofiya Universiteti arasında əməkdaşlıq
müqavilələri imzalanmışdır. Müqavilələrin önəmli
tərəflərindən biri də sözügedən universitetlərdə
Azərbaycan dili və mədəniyyəti mərkəzlərinin açılması
ilə bağlıdır və bu məqsədlə artıq müvafiq hazırlıq
işləri aparılır.
Şakir CƏFƏROV |