Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

29 Mart 2013 - №11

 

Çörəyi ver çörəkçiyə...

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının I, II, IV sinif dərsliklərinin qüsurlu olması haqqında yekun rəyini oxuduqda təəccübləndim və təəssüfləndim.

Təəccübləndim ona görə ki, belə bir məsuliyyətli məsələyə TQDK-nın rəyçiləri özlərinə məxsus yanaşma tərzi ilə münasibət bildirmişlər. Bu, hər şeydən əvvəl, uzun illər təhsil sahəsinin içində olan, təhsilimizin problemlərini beş barmağı kimi bilən dərslik müəlliflərinin əməyinə, sözün əsl mənasında, hörmətsizlikdir. Təəssüfləndim ona görə ki, dərsliklərin monitorinqində əsas məqamları (oxu, yazı, dil qaydaları üzrə standartlar və s.) bir kənara qoyub mətnlərdə orfoqrafik səhvlər axtarmaq, xırda-para texniki qüsurları qabardıb dərsliyin yararsız olması haqqında rəy vermək peşəkarlıqdan çox-çox uzaqdır.

Təsəvvür edin, tutaq ki, şagird çox gözəl bir inşa yazıb, mövzu əhatəli işlənib, yaradıcılıq baxımından dəyərlidir, ancaq bir neçə vergül səhvinə yol verib. Ədəbiyyat müəllimi bunu əsas gətirir və inşaya "iki" qiymət verir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ekspertləri dərsliklərə məhz yuxarıda misal gətirdiyim ədəbiyyat müəllimi kimi yanaşmışlar, 3-cü sinif üçün "Azərbaycan dili" dərsliyində "nöqtə", "vergül" ovuna çıxan rəyçilərə bildirmək istəyirəm: məgər nöqtə və vergülün düzgün qoyulub-qoyulmaması ilə əlaqədar bütöv bir dərsliyi yararsız hesab etmək olarmı? Bu hansı məntiqə sığır?

Uzun illərdir ki, məktəb rəhbəri işləyirəm, dərsliklərlə bağlı dəfələrlə müzakirələrdə iştirak etmiş, rəy bildirmişəm. Hazırki ibtidai sinif dərslikləri həm müəllimlərin, həm də şagirdlərin maraq dairəsindədir. Belə ki, dərsliklə bərabər müəllim üçün metodik vəsaitlər dərslərin düzgün təşkili, şagirdlərin mövzunu mənimsəməsi baxımından dəyərlidir. Lakin TQDK-nın rəyçiləri metodik vəsaitə də öz prizması daxilində "əl gəzdirmiş", vəsaiti "qalın meşəyə" bənzətmişlər. Halbuki vəsaitdə məzmun standartlarının reallaşması və bu sahədə istifadə yolları, təlim texnologiyaları çox gözəl şəkildə təsvir olunur. Bunu mən yox, rəhbərliyim altında fəaliyyət göstərən bütün ibtidai sinif müəllimləri deyir. Çünki dərsliklə, vəsaitlə, şagirdlərlə işləyən məhz ibtidai sinif müəllimləridir. TQDK kimi nüfuzlu bir təşkilatın dərsliklərə bu cür yanaşma tərzi biz təhsil işçilərində ciddi narahatlıq doğurur. Monitorinqi naşı ekspertlərlə aparmaqdansa, kifayət qədər savadlı, öz işinin vurğunu, ömrünü sinif otaqlarında "yaşayan" ibtidai sinif müəllimlərini bu işə cəlb etmək daha yaxşı olmazdımı? Axı, bizim ataların gözəl bir deyimi var: çörəyi ver çörəkçiyə, birini də üstəlik. Yəqin ki, dərsliklərlə birbaşa əlaqədar olan, dərsliyin hər səhifəsinə, hər cümləsinə yaxından bələd olan müəllim rəyi ilə hesablaşmaq təhsilimiz üçün daha faydalı olardı. Hər bir dərslik ətrafında aparılan müzakirə reallığı əks etdirməli, ekspert qərəzindən uzaq olmalıdır. Düşünürəm ki, TQDK ekspertləri dərsliklərdə durğu işarələrinin işlənməsi qaydasının düzgün olub-olmadığını araşdırmaqdansa, reallığa söykənsəydilər, daha yaxşı olardı. 

Səfər MƏMMƏDOV,
Şəmkir şəhər Ə.Cavad adına tam orta məktəbin direktoru

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov