Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

29 Mart 2013 - №11

 

Uşaqların sevimli jurnalı olan "Göyərçin"in yeni nömrələri çapdan çıxıb

 

Kiçikyaşlı məktəbli dostlarımızın hər gəlişini səbirsizliklə gözlədikləri  sevimli "Göyərçin" jurnalının 3 və 4-cü nömrələri artıq işıq üzü görüb, necə deyərlər, balaca fidanların  nigarançılıqlarına  axır ki, son qoyulub.  

Axı onlar həmişə bu dərginin al-əlvan rənglərə boyanmış  səhifələrində  öz arzu və istəklərinə  uyğun olan nağıl, hekayə, şeir, yumorlar, yaşıdlarının yaradıcılıq nümunələri ilə  tanış olurlar.

Jurnalın  3-cü nömrəsi  oxucuların  sevimli şairi, vaxtilə Azərbaycan radiosunda  uşaq və yeniyetmələr redaksiyasının baş redaktoru işləmiş, bir vaxtlar uşaqların hər gün radioda sevə-sevə  dinlədikləri "Sandıqça" verilişinin yaradıcısı, mərhum istedadlı şair  Eldar Baxışın "Boz ay", xanım şairlərimizdən Mədinə Gülgünün "Mənim anam" və "Anamız" şeirləri ilə açılır. Bir-birindən maraqlı  ədəbi nümunələrlə diqqəti cəlb edəcək bu nömrədə  balaca oxucular daha sonra Elmira Əliqızının "Qış nənə və üç oğul"  və Mirvarid Dilbazinin "Sevincin bayramı" nağılları ilə  tanış ola biləcəklər.

Dərginin 4-cü nömrəsi də  əvvəlki nömrələr qədər oxunaqlı, diqqətçəkəndir. Bir-birindən maraqlı şeirlər, nağıllar, hekayələr, yumorlar, eləcə də  rəssamlarımızın uşaqların ecazkar nağıl dünyasından bəhs edən rəsmləri  zövq oxşayır, könül açır. Kiçikyaşlı oxucular jurnalın ikinci səhifəsində  xalq şairi  Cabir  Novruzun vətənpərvərlik mövzusunda yazdığı, onların  yurd, torpaq, el-oba sevgisindən bəhs edən "Qorudun sənindir" şeiri ilə tanış olacaqlar. Şair Hüseyn Kürdoğlunun "Aytən və Göyərçin", "Kitabım, dəftərim var", "Nənəmə muncuq aldım"  şeirləri, balaca rəssamlar Fəxriyyənin, İlqarın, Günayın, Aytənin uşaq fantaziyasının məhsulları olan rəsmləri, Erkinin hekayələri,  "Xeyirxah ovçu"  Şimali Amerika hindularının nağılı tərcüməçi Rafiq Əliyevin təqdimatında jurnalda yer alan maraqlı, oxunaqlı qələm məhsullarıdır.  Bir sözlə, balaca oxucularımızın  jurnalın hər iki nömrəsindən məmnun qalacaqlarına əminik. Odur ki, alın, oxuyun, öyrənin,  dostlar! 

Sifai SƏFƏROVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov