Şagirdlərin inkişaf etmiş intellektual şəxsiyyət kimi
formalaşmasında hər bir fənnin öz yeri var. Ümumtəhsil
məktəblərində tədris olunan təsviri incəsənət fənni isə
şagirdin psixoloji inkişafındakı roluna görə xüsusilə
fərqlənir.
Təsviri incəsənət fənni şagirdin emosional hissiyyatını
inkişaf etdirir, gözəllik yaratmaq və onu
qiymətləndirmək bacarığını artırır. Təsviri incəsənət
uşaqların təsəvvürünü, yaradıcılıq bacarığını inkişaf
etdirir.
Müasir təhsilimizdə ibtidai siniflərdə tətbiq olunan
təsviri incəsənət fənni şagirdlərin maraq göstərdiyi,
sevdiyi fənlərdəndir. Şagirdlər bu dərslərdə öz
bacarıqlarını nümayiş etdirmək üçün xüsusi həvəs
göstərirlər. Kurikulum əsasında hazırlanmış dərsliklər
əsasında şagirdlər doğma yurdumuzun, müxtəlif xalqların
incəsənəti ilə yaxından tanış olurlar.
İncəsənət haqqında, incəsənət dili haqqında şagirddə
yaranan təsəvvür, anlayış onun gələcəkdə yüksək
intellektual səviyyəli bir şəxsiyyət kimi
formalaşmasında böyük rol oynayır. Şagirdin hər bir
xalqın özünəməxsus əşya formasını, ornamentini, obraz və
motivləri, simvolları, rəng uyğunluğunu tanıması,
fərqləndirməsi çox təqdirəlayiqdir.
Hər bir mövzunu şagirdlərə tədris etdikcə onların marağı,
həvəsi daha da artır. Dərslikdə verilən istiqamətlər
hətta rəssamlıq qabiliyyəti olmayan hər bir şagirddə də
müəyyən bacarıqların formalaşmasına çox böyük kömək edir.
Şagirdlər hər dərsdə yeni terminlər öyrənir. Terminlərin
izahı isə dərslikdə və müəllim üçün metodik vəsaitdə çox
gözəl açıqlanır (izah edilir).
Şagirdlər ibtidai siniflərdən artıq təsviri incəsənətin
növ və janrları haqqında ətraflı məlumat alır, onları
bir-birindən fərqləndirmək yollarını öyrənir.
Dərslikdə hər bir mövzu üzrə yaradıcı tapşırıq və
sualların verilməsi də şagirdlərin bədii yaradıcılıq
bacarıqlarının inkişaf etdirilməsində mühüm əhəmiyyətə
malikdir.
Mən artıq 14 ildir ki, təsviri incəsənət fənnini tədris
edirəm. Bu illər ərzində şagirdlərə bu fənnə maraq
oyatmağa çalışmışam. Açıq demək lazımdır ki, bu illər
ərzində ənənəvi üsulla yazılan dərsliklərlə tədris
edərkən çox çətinliklərlə qarşılaşırdım. Əyani vəsaitlər
yox dərəcəsində idi. Kurikulumla yazılan təsviri
incəsənət dərslikləri ilə işlədiyim 5 il ərzində
şagirdlərin bu fənnə marağının necə dəyişdiyini aşkar
izləmək mümkündür. Eyni zamanda yaradıcı şagirdlərin
sayı artmış, onların əl işləri müxtəlif sərgilərdə
mükafatlara layiq görülmüşdür.
Kurikulumla yazılan dərsliklərin bir üstünlüyü də
müəllim üçün metodik vəsaitin və iş dəftərinin
olmasındadır. Bu vəsaitlər müəllimə dərsin keçilməsində,
şagird nailiyyətinin qiymətləndirilməsində, meyarların
seçilməsində çox gözəl istiqamət verir.
Ümumiyyətlə, kurikulumla yazılan dərsliklər çox
keyfiyyətli, səmərəli və uğurlu dərsliklərdir. Buna görə
müəlliflərə razılıq hissini çatdırmaqla, növbəti
dərsliklərin hazırlanmasında uğurlar diləyirəm.
Gülnar ƏLİYEVA,
Bakıdakı 6 nömrəli məktəb-liseyin müəllimi |