| 
						
						 Martın 15-də Bakının Balaxanı qəsəbəsindəki 69 nömrəli 
						tam orta məktəbdə riyaziyyat müəllimlərinin təşəbbüsü 
						ilə "Riyaziyat gecəsi - Bahar bayramı" adlı tədbir 
						keçirildi. Məktəbin akt zalı bayramsayağı bəzədilmişdi.
						 
						
						Tədbiri açıq elan edən aparıcılar riyaziyyat fənninin 
						əhəmiyyətindən danışdılar, iştirakçıları Novruz bayramı 
						münasibəti ilə təbrik etdilər. Onlar Novruz  bayramının 
						tarixi köklərindən, adət-ənənələrindən, mərasimlərindən  
						söz açdılar.  
						
						Söz şagirdlərə verildi. Yuxarı sinif şagirdlərinin bir-birindən 
						maraqlı  layihələri, musiqi nömrələri, rəqsləri, 
						viktorinaları maraq doğurdu. Şagirdlər riyazi 
						layihələrini təqdim etdilər. Keçəllə Kosanın riyaziyyat 
						kraliçası ilə təsadüfi görüşü, kraliçanın onları riyazi 
						suallarla çətinə salması, sonra Keçəllə Kosanın 
						kraliçanı Novruz şənliyinə dəvət etməsi səhnələri 
						tədbiri daha da rəngarəng etdi. Proqramın bütün 
						nömrələri, xüsusən də Bahar qızın meydana gəlişi, təmsil 
						etdiyi fəslin şəninə söylədiyi şeir və mahnılar, Keçəllə 
						Kosanın məzəli dialoqu, maraqlı  idman nömrələri bayram 
						iştirakçılarında xoş ovqat yaratdı. 
						
						Tonqala  od vuruldu. Şagirdlər Kosa ilə Keçəlin, Bahar 
						qızının və riyaziyyat kraliçasının iştirakı ilə 
						tonqaldan hoppandılar.  
						
						Tədbirin sonunda məktəbin direktoru Xalıqverdi  Abbasov 
						iştirakçıları Novruz bayramı münasibəti ilə təbrik etdi. 
						  
						
						Rəşad ZİYADOV |