Yeni
rayona prokuror vəzifəsinə təyin edildikdən, təxminən 4
ay sonra, Fərəc müəllimin həmin vaxt rayonda diş həkimi
işləyən böyük oğlu Pərvizlə tanış oldum. Bu tanışlıq
sonradan ailəvi dostluğa çevrildi və hazırda da bu
dostluğumuz davam edir. Hələ o zaman mən Fərəc müəllimlə
şəxsən tanış deyildim. Fərəc müəllim o zamanlar ailə
üzvləri ilə birlikdə Ermənistan Respublikasının
tərkibində olan Mehri rayonunun Nüvədi kəndində
yaşayırdı. Nüvədi kəndi özünün tanınmış ziyalıları ilə
məşhurdur və onlar respublikamızın bir çox ali
məktəblərində bu gün də səmərəli fəaliyyət göstərirlər.
Fərəc müəllim uzun illər Zəngilan rayonunda yaşamış və
buradakı orta məktəbdə müəllim işləmişdir. 1960-cı ildə
ailəsi ilə birlikdə Nüvədi kəndinə köçmüş və buradakı
məktəbdə müəllim fəaliyyətini davam etdirmişdir.
Rayonda Fərəc müəllim demək olar ki, sayılıb-seçilən
bütün ziyalılara orta məktəbdə dərs demişdi. Mənə isə,
sözün əsl mənasında, həyat dərsi vermişdi. O, 1948-ci
ildə BDU-nun şərqşünaslıq fakültəsinin fars şöbəsini
bitirmişdi, işini bilən, savadlı, ictimaiyyət arasında
böyük nüfuza malik gözəl pedaqoq idi.
Fərəc müəllim həmçinin Böyük Vətən müharibəsinin
iştirakçısı olduğundan dostu-tanışı çox idi. Bir də
görürdün rayonda yoxdur. Soruşanda ki, haradadır,
deyirdilər əsgərlik dostunun övladının toyuna gedib.
Ümumiyyətlə, Fərəc müəllim hansı rayonda yaşamasından
asılı olmayaraq, xeyirdən-şərdən qalan adam deyildi.
Təsadüfi deyildir ki, o, yaxın dostunun yas məclisində
dünyasını dəyişmişdi.
Nüvədi kəndinə ilk səfərim Fərəc müəllimin üçüncü oğlu
Xəyyamın həqiqi hərbi xidmətdən tərxis olması ilə
əlaqədar olub. Mən ailə üzvlərimlə birlikdə, səhv
eləmirəmsə, payız günlərinin birində Fərəc müəllimgilə
getdik. Fərəc müəllimin evi həmişə qonaqlı-qaralı olardı.
Bizi evdə çox gözəl qarşıladılar və Fərəc müəllimlə mən
ilk dəfə orada tanış oldum.
Mənim Nüvədi kəndinə ikinci ailəvi səfərim Fərəc
müəllimin ikinci oğlu İltifatın toyu ilə bağlı idi.
Artıq qondarma Dağlıq Qarabağ hadisələri başlamışdı.
İltifatın toy mərasimi əvvəl Nüvədi kəndində oldu, sonra
isə Bakı şəhərində davam etdirildi. Mən ailə üzvlərimlə
birlikdə onun kənddə olan toy mərasimində iştirak etdik
və təklif etdik ki, Bakıya qayıdarkən naharı Zəngilanda
bizim evimizdə etsinlər. Elə də oldu.
Nüvədi kəndinə toya gedərkən kəndə çatmamış mal-qara və
qoyun-quzu otaran bir nəfərlə rastlaşdıq. Kənddə
əvvəllər olmağıma baxmayaraq, yenə də Fərəc müəllimin
evinin yerini soruşdum. Həmin şəxs Fərəc müəllimin
evinin yerini bizə başa saldı və dedi ki, oğlunun
toyudur, mən də gələcəm. Həmin şəxsin adı Konfrans idi.
Fərəc müəllimgilə gələrkən Konfransı toy evində gördüm.
O, paltarını dəyişib məndən əvvəl toy məclisinə
gəlmişdi. Lakin necə gəlmişdi, hansı yolla gəlmişdi, mən
hələ bu gün də bilmirəm. Fakt odur ki, Konfransla kəndə
çatmamış görüşdük, lakin o, bizdən əvvəl artıq toy
evində idi.
Kənd adamları üçün toy mərasimi bir gün əvvəl, kənddə
"Xalça sexi" deyilən binada təşkil olunmuşdu, təbii ki,
bütün kənd camaatı evə sığışmazdı, biz gedən gün isə
qohum-əqraba və ailənin yaxınları üçün Fərəc müəllim
evində məclis təşkil etmişdi. Məclis çox yüksək
səviyyədə keçdi.
Artıq 1988-ci il idi. Qondarma Dağlıq Qarabağ məsələsi
gündən-günə ciddi şəkil alırdı. Bu o dövr idi ki, Nüvədi
kəndi Yerevandan və digər bölgələrdən gələn millətçi
erməni yaraqlılarının, xüsusən də saqqallıların mütəmadi
hücumuna məruz qalırdı.
Bir gün xidməti otağımda oturmuşdum, günortaya yaxın
olardı. Bu zaman Fərəc müəllim yanıma gəldi. Mən
hal-əhval tutub kənddəki vəziyyətlə maraqlandım. Fərəc
müəllim dedi ki, vəziyyətimiz çox ağırdır, ov
silahlarını yığıblar, buna baxmayaraq bəzilərimizdə
tüfəngimiz qalıb, lakin patronumuz heç yoxdur.
Artıq 1989-cu ilin soyuqlu yaz günlərinin biri idi.
Nüvədi kəndinin rayon mərkəzi ilə əlaqəsi tamam
kəsilmişdi, kənd əsl blokada şəraitində idi. Rayon
mərkəzindən sobalarda işlətmək üçün yanacaq da almaq
mümkün deyildi. Zəngilan rayonunun Mincivan dəmiryol
stansiyasında qovşaq partiya komitəsinin binasında
Dağlıq Qarabağ hadisələri ilə bağlı qərargah
yaradılmışdı, rayon prokuroru kimi mən də qərargahın
üzvü idim, səhər və axşamlar qərargaha baş çəkir,
vəziyyətlə tanış olur, müxtəlif tapşırıqları yerinə
yetirirdim.
Axşam saat 17 radələri olardı. Qərargahda mənə məlum
oldu ki, Bakıdan o zamankı Dövlət Yanacaq Komitəsinin
bir neçə vəzifəli şəxsi Nüvədi kəndi üçün yanacaq çəni
olan bir avtomaşınla soba yanacağı-solyarka gətiriblər.
Lakin kəndin yolunu tanımadıqlarından, həmçinin, erməni
yaraqlılarından ehtiyat etdiklərinə görə kəndə gedə
bilmirlər. Qərargahda Nüvədiyə getmək üçün bələdçi
olmadığına görə özüm həmin şəxslərlə getmək qərarına
gəldim. Səhv etmirəmsə, Bakıdan gələn 3 nəfər idi. Lakin
təəssüf ki, həmin şəxslərin adları və soyadları yadımda
qalmayıb. Yadımda qalan odur ki, onlardan biri şöbə
rəisi idi. Qonaqlar mənim rayon prokuroru olduğumu
biləndən sonra sanki bir qədər arxayınlaşdılar. Biz
prokurorluğun xidməti "Niva" markalı maşınında Nüvədiyə
doğru istiqamət aldıq.
Nüvədiyə çatanda artıq qaranlıq düşmüşdü. Kəndin
girəcəyində bir qrup kənd adamı bizi qarşıladı, Fərəc
müəllim bunların önündə idi. Kənd ağsaqqallarından vaxtı
ilə kolxoz idarə heyətinin sədri işləmiş Cəlal müəllim,
Əhmədalı müəllim də orada idilər. Bizi Cəlal müəllimin
evinə dəvət etdilər, çay içdik. Mən orada olan
nüvədililərə dedim ki, bu yoldaşlar Bakıdan gəliblər və
sizə yardım olaraq bir avtomaşın soba yanacağı -
solyarka gətiriblər. Cəlal müəllimin evinə toplaşan
şəxslər, birinci növbədə Fərəc müəllim kənd adamları
adından qonaqlara öz təşəkkürlərini bildirdi. Onları şam
yeməyinə dəvət etdilər. Lakin qonaqlar qalmadılar.
İndi onların üçü də - Cəlal müəllim, Əhmədalı müəllim və
Fərəc müəllim də dünyalarını dəyişmişlər. Allah onlara
qəni-qəni rəhmət eləsin.
Yanacağı boşaldıb Zəngilana üz tutduq.
Mincivan qəsəbəsinə çatanda artıq Bakıya gedəcək qatarın
stansiyaya gəlməsinə az qalırdı. Nə qədər təklif etdimsə
qonaqlar şam yeməyi yeməkdən imtina etdilər. Həmin
vaxtlar Zəngilana Bakıdan çoxlu vəzifəli şəxslər
gəlirdilər, onların çoxunu tanıyırdım, lakin həmin
vəzifəli şəxsləri bir daha Zəngilanda görmədim...
Zəngilan rayonuna təyinat alarkən iki qızım vardı. Qohum-əqraba,
tanış-biliş çox arzu edirdilər ki, mənim də oğlum olsun
və 1989-cu ilin sentyabr ayının 18-də Mübariz adlı bir
oğlum dünyaya gəldi. Təbii ki, qohum-əqraba, tanış-biliş
oğlumun anadan olmasına da sevindilər. Ancaq sən demə,
Fərəc müəllim, bu məqsədlə bir qurban da demişmiş. Oğlum
təxminən 8-9 aylıq olanda Fərəc müəllim, mənə dedi ki,
mən oğlun olması ilə əlaqədar bir quban demişəm, Allah
qoysa, bu qurbanı "Xənəzir piri"ndə kəsəcəyik. Onu da
deyim ki, "Xənəzir piri" Zəngilan rayonundakı ən
müqəddəs ziyarətgahlardan biri idi. Fərəc müəllim
yazqabağı bizi ailəlikcə "Xənəzir piri"nə dəvət etdi,
qurbanı da orada kəsdi.
Fərəc müəllim, çox söhbətcil, məlumatlı və dəqiq adam
idi. Hər şeyi yerli-yataqlı söyləməyi xoşlayırdı. Gözəl
kabab bişirməyi də vardı.
Nüvədinin işğalından sonra Fərəc müəllim ailəsi ilə
birlikdə bir müddət Zəngilanda yaşadı, Zəngilanın
işğalından sonra isə Bakıda məskunlaşdı.
Fərəc müəllim ən çətin anlarda da özünü itirməzdi, mərd
və nikbin adam idi. O, Nüvədi kəndinin barmaqla sayılan
ağsaqqallarından, kəndin sayılıb-seçilən hörmətli
şəxslərindən biri idi. Mən dəfələrlə Fərəc müəllimin
yaxınlarının xeyir işlərində və ailə məclislərində
iştirak etmişəm. Həmişə də bu məclislərdən böyük ləzzət
almışam.
Səkkiz uşaq atası olan Fərəc müəllimin iyirmi nəvəsi və
yeddi nəticəsi vardır. Fərəc müəllimin ağsaqqallığı
ondan ibarət idi ki, uşaqlarını və nəvələrini özü kimi
zəhmətkeş və işgüzar böyütməyə müvəffəq olmuşdur. O,
böyük bir ailənin başçısı kimi də böyük nüfuza və
hörmətə malik idi. Uşaqları həmişə onun hörmətini
saxlayır, Fərəc müəllim olan yerdə övladları susmağı
üstün tuturdular.
Həyat yoldaşı, rəhmətlik Gülbəsti xala da ondan geri
qalmırdı. Yaxşı yadımdadır, Gülbəsti xala evdə ağır
xəstə yatırdı, həyat yoldaşımla ona baş çəkməyə
getmişdik. Eşidəndə ki, onu görməyə gəlmişik, yataqdan
durub divanda oturdu və biz oradan gedənəcən yatmaqdan
imtina etdi.
Fərəc müəllim təbiət vurğunu idi, əli bərəkətli idi, nə
əkirdisə bitir və bol məhsul verirdi. Fərəc müəllim oğlu
Pərvizin Zəngilanda tikdirdiyi evinin həyətində qısa
müddətdə gözəl bağ və yaşıllıq salmışdı.
2005-ci ildə Fərəc müəllimə müsəlmanlar üçün müqəddəs
olan Həcc ziyarətinə getmək də qismət oldu.
Bu gün təəssüflər olsun ki, Hacı Fərəc müəllim aramızda
yoxdur. Çox arzu edərdim ki, mən Hacı Fərəc müəllimin
yubileyində ürək sözlərimi deyəm, lakin mən Hacı Fərəc
müəllimin ölümündən sonra xatirələrimi qələmə almalı
oldum. Təskinlik ondan ibarətdir ki, Hacı Fərəc müəllim
özündən sonra gözəl bir nəsil və bir də gözəl bir ad,
xoş xatirələr qoyub getdi. Allah Hacı Fərəc müəllimə
və ömür-gün yoldaşı Gülbəsti xalaya qəni-qəni rəhmət
eləsin.
İlham ABBASOV,
Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının prorektoru,
hüquq üzrə fəlsəfə doktoru, baş ədliyyə müşaviri,
prokurorluğun fəxri işçisi |