Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

29 Mart 2013 - №11

 

Müəllimdən hansı keyfiyyətlər tələb olunur

 

Son illər ölkəmizdə böyük vüsətlə həyata keçirilən təhsil islahatları təhsilin keyfiyyətinin yüksəldilməsinə, dünyanın mütərəqqi və qabaqcıl təhsil sistemlərinə inteqrasiyaya yönəlmişdir. Bu istiqamətlərdə artıq xeyli uğurlar əldə edilmişdir ki, bunlardan da ən mühümü, mənim fikrimcə, ümumi təhsildə aparılan məzmun islahatları, yeni kurikulumların tətbiqidir.

Müasir təhsil modelinin əsasını təşkil edən yeni kurukulumlarda əksini tapmış məzmun standartlarının reallaşdırılması üçün təlim strategiyalarının, qiymətləndirmə meyarlarının düzgün seçilməsi mühüm amillərdən biridir. Uzunillik təcrübəmə və yeni kurikulumlarla tədris sahəsindəki son 4-5 illik fəaliyyətimə, eləcə də yeni kurikulumlarla bağlı keçdiyim təlimlərdə əldə etdiyim nəzəri və əməli bilik və bacarıqlarıma əsasən deyə bilərəm ki, müasir dərsin səmərəlilik səviyyəsi məhz müəllimin bu seçimi necə etməsindən əhəmiyyətli dərəcədə asılıdır. Müəllim dərslərdə məzmun standartlarını seçərək təlimin məqsədini, dərsin forma və üsullarını, təlim tapşırıqlarını, qiymətləndirmə meyarları və vasitələrini  düzgün müəyyənləşdirməyə, cari planını reallaşdırmağa nail olmalıdır.

Məlum olduğu kimi, ümumi təhsil təhsilalanların fiziki və intellektual inkişafına, zəruri biliklərə yiyələnməsinə, onlarda sağlam həyat tərzinə və sivil dəyərlərə əsaslanan vətəndaş təfəkkürünün formalaşmasına, milli və bəşəri dəyərlərə hörmət hissinin aşılanmasına, ailə, cəmiyyət və dövlət qarşısında hüquq və vəzifələrinin müəyyən edilməsinə imkan yaradır. Sadalanan keyfiyyətlər ümumtəhsilin ibtidai təhsil səviyyəsindən formalaşdırılmağa başlanır. Sevindirici haldır ki, son illər ibtidai təhsilin nəticəyönümlü məzmununun tətbiqi həmin keyfiyyətlərin uğurla aşılanmasına münbit şərait yaratmışdır. Fəal təlimin nəticəsi kimi özünü göstərən dərsdə şagirdlərin fəallığının artması, idrak qabiliyyətlərinin inkişafı, dərsin tədqiqat xarakteri alması, subyekt-subyekt münasibətləri üzərində qurulması və s. kimi məsələlər bu prosesin daha səmərəli getməsinə imkan verir.

Müasir dərs bu gün müəllimdən fəal təlim mühiti yaratmağı, şagirdlərə bilikləri müstəqil şəkildə əldə etməyi öyrətməyi, ünsiyyət qurmaq, əməkdaşlıq etmək, problemli situasiyalarda çıxış yolu tapmaq kimi bacarıqlar formalaşdırmağı tələb edir. Lakin bunlar azdır. Əgər müəllim hər bir dərsini müasir tələblər səviyyəsində qurmaq, təlimin qarşısında duran məqsəd və vəzifələrə tam nail olmaq istəyirsə, onda daha geniş keyfiyyət, bacarıq və vərdişlər spektrinə də yiyələnməlidir.

Mənim fikrimcə, müasir müəllim yadda saxlamalıdır ki, dərs uşağın həyatının bir parçasıdır. Şagird dərsdə sıxılmış vəziyyətdə olmamalıdır. Onda açıq, hər şeylə maraqlanan, yaradıcı, hərtərəfli inkişaf etmiş şəxsiyyət formalaşdırmalıdır. Müəllim uşağa inanmalı, ona qol-qanad verməli, onda ümid yaratmalıdır. Müəllim təşəbbüskar olmalı, yenilikdən, qeyri-standart fikirləşməkdən qorxmamalı, çox çalışmalıdır.

Müəllim öz şagirdləri ilə birlikdə öyrənmək, onların müstəqil fəaliyyətini planlaşdırmaq və təşkil etmək, şagirdlərin fərdi xüsusiyyətlərini və maraqlarını nəzərə almaqla onların müxtəlif iş növləri üzrə fəaliyyətini təşkil etmək, müxtəlif fəaliyyətlərdə şagirdlərin nümayiş etdirdikləri kompetensiyalara münasibətdə ekspert mövqeyi tutmaq və onları müvafiq kriteriyalarla qiymətləndirmək, uşağın meylini bilmək və buna uyğun olaraq onun üçün daha münasib tədris materialı və fəaliyyət müəyyənləşdirmək, layihə təfəkkürünə malik olmaq və şagirdlərin qrup şəklində layihə fəaliyyətini təşkil etmək bacarıqlarına malik olmalıdır.

Fəal təlim, müasir dərs müəllimdən eyni zamanda tədqiqatçı təfəkkürünə malik olmağı, dərsdə şagirdlərin tədqiqatçılıq fəaliyyətini təşkil etməyi, ona rəhbərlik etməyi, şagirdlərlə birlikdə işlənib hazırlanmış kriteriyalara müvafiq olaraq öz nailiyyətlərini qiymətləndirməyə imkan verən qiymətləndirmə sistemindən istifadə etməyi, öz fəaliyyətinin və davranışının refleksiyasını həyata keçirməyi və digər bir çox bacarıqları da tələb edir.

Müasir müəllimin ən mühüm bacarıqlarından biri isə dərs məşğələlərini dialoq və diskussiya şəraitində təşkil etməsidir,

Bütün bu keyfiyyət və bacarıqlarsız müasir dərsi tələb olunan səviyyədə təşkil edib aparmaq və yüksək nəticə əldə etmək mümkün deyildir. Ona görə də mən işlədiyim ibtidai  siniflərdə bütün bunları nəzərə alır və özümdə bu keyfiyyətləri tərbiyə etməyə səy göstərirəm. Çalışıram ki, hər bir dərsim şagirdlərin marağına səbəb olsun, onlar dərsdən zövq alsınlar. Bu məqsədlə dərslərimdə şagirdlərin yaş xüsusiyyətlərini nəzərə alaraq müxtəlif oyunlardan istifadə edirəm. Oyunların tətbiqi ilə təşkil olunan qeyri-standart formalı belə dərslər şagirdləri daha da maraqlandırır, onların hamısının dərsdə iştirakını təmin edir. 

Səbirə MUXTAROVA,
Masallı şəhər 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov