Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

29 Mart 2013 - №11

 

Fəal təlim metodlarından səmərəli istifadə edirəm

 

Fəal təlim metodlarına əsaslanan dərsin xarakterik  cəhəti  ondadır ki, müəllim təlim prosesində şagirdlərə təkcə yeni elmi biliklər vermir, həm də onların təfəkkürünü inkişaf etdirir, şəxsi keyfiyyət  və qabiliyyətlərini aşkara çıxarır.

Coğrafiya fənninin tədrisində yeni təlimin nəticəsi ətrafda baş verən hadisə və proseslərin yaranma səbəblərini, inkişafı və ərazi  üzrə paylanma qanunauyğunluqlarının dərk edilməsinə xidmət edir. Şagirdlər coğrafiyanı dərk etməklə bütün bəşəriyyəti  narahat edən qlobal problemlərlə "üzləşir" və onların həllinə dair bilik və  bacarıqlara yiyələnə bilirlər. Şagirdlərin coğrafiyanı   mənimsəməsi onların dünyada baş verən təbii, ictimai-siyasi proses və hadisələrin səbəblərini dərk  etmələri ilə yanaşı, onlarda cəmiyyətin sosial-iqtisadi inkişafını təmin etmək üçün təbii ehtiyatlardan səmərəli istifadə yollarını və ətraf mühitin mühafizəsinin mümkün variantlarına dair bilikləri formalaşdırır. Fəal təlimin  köməyi ilə şagirdlər mövzuları dərk etdikcə insanla təbiətin əlaqələrinin nəticələrini özləri qiymətləndirir və məntiqi mülahizələr irəli sürürlər. Məsələn, mən Vlll "A"   sinfində "Xəzər dənizinin problemləri" mövzusunu keçərkən  uşaqlar tərəfindən söylənən çox maraqlı fikirlərin şahidi oldum. Şagirdlərin Xəzərin problemlərinin çözülməsinə dair fikirləri, fikrimcə, çox təqdirəlayiq idi.

Ümumiyyətlə, fəal təlimin çoxşaxəli metodlarından istifadə edərək coğrafiyanın düzgün tədrisi vasitəsilə şagirdə yaşadığı coğrafi ərazinin əhəmiyyətini, mühafizəsinin  həyat üçün vacibliyini dərk etdirmək olar. O, buna, həmçinin, xəritə və plan üzrə təhlillər aparmaqla, müşahidələrdən istifadə etməklə alınmış nəticələrə dair diaqramlar, cədvəllər qurmaqla nail ola bilər. Müasir təlim metodlarından istifadə ilk növbədə müəllimin öz işinə yaradıcı yanaşmasına, şagird-müəllim münasibətlərində səmimiliyin yaranmasına imkan verir. İkinci bir tərəfdən isə bu metodlardan istifadə zamanı şagirdlər müstəqil fikir yürütməyə vərdiş edir, onların tam fəallığı təmin olunur, onlar yeni bilikləri hazır şəkildə yox, apardıqları tədqiqatın gedişində əldə edirlər. Dərsin daha keyfiyyətli alınmasında isə İKT-nin imkanları böyükdür. Belə ki,  kompüterin köməyi ilə müxtəlif slaydların hazırlanması dərsin daha da canlı keçməsinə kömək edən amillərdəndir.

Mən də dərs dediyim siniflərdə fəal təlimin üsullarından istifadə etməyə çalışıram. 10"A" sinfində "Vulkanlar" mövzusunda keçirdiyim "açıq dərs"dən bəzi məqamları oxucularla bölüşmək istəyirəm.

Müşahidələr göstərir ki, dərsin motivasiyası şagirdləri maraqlandırırsa, onlar dərsdə sonacan fəallıq göstərirlər. Buna görə də "Vulkan" mövzusuna "Odlar yurdu Azərbaycan" slaydından başladım və "əqli hücum" üsulundan istifadə etdim:

- Nə üçün bizim vətənimiz "Odlar yurdu" adlandırılır?  "Od" nədir?

Müxtəlif fikirlər səsləndi. Fənlərarası inteqrasiya yarandı. Şagirdlər fizikadan öyrəndikləri maddənin dördüncü halının-plazmanın xüsusiyyətlərini sadaladılar. Azərbaycan ərazisində yaşayanların islamdan əvvəl zərdüşt dininə, oda inandıqlarını, Abşeronda yanar dağların olduğunu diqqətə çatdırdılar. Daha bir sualın verilməsi yeni dərsin adının ortaya çıxmasına yardım etdi:

Bəs qədimdə daha hansı xalqlar oda sitayiş ediblər? Onlar ibadət etdikləri bu Allaha nə ad veriblər?

Şagirdlər VI sinif  "Ümumi fiziki coğrafiya" kursundan bu xalqların yunanlar olduğunu və "Od Allahına"  "vulkan" adı verildiyini xatırlatdılar.

II mərhələdə  klaster üsulundan istifadə edərək vulkanın növlərinin "axtarışına" başladıq. Bu növlər tapıldıqdan sonra qruplarla iş təşkil olundu. Tapşırıqlar paylandı və vaxt elan edildi. Ayrılmış vaxt ərzində hər qrup öz adına uyğun tədqiqata başladı: I komanda fəaliyyətdə olan vulkanları, II komanda sönmüş vulkanları, III komanda palçıq vulkanlarını, IV komanda isə qeyzerləri tədqiq etdi. Onlar tədqiqat suallarına cavab almaq üçün dərslik və atlasdan istifadə etdilər.

Təqdimat, müzakirə və mübadilə mərhələlərində hər bir qrup öz işini lövhədə təqdim etdi. Adıçəkilən ərazilər müxtəlif məzmunlu xəritələrdə şagirdlər tərəfindən göstərildi. Qeyd etmək istərdim ki, bu mərhələ dərsin ən vacib mərhələlərindən biridir. Müəllim öz üzərində çox işləməlidir ki, bu mərhələdə şagirdlərin əldə etdikləri bilikləri düzgün istiqamətə yönləndirməyi, fənlərarası əlaqə yaratmağı bacarsın. Biz bu mərhələni şagirdlərin kimya, tarix, ədəbiyyat, biologiya fənlərindən öyrəndiklərindən istifadə edərək daha maraqlı və qarşılıqlı anlaşma şəraitində keçirə bildik. I komandanın təqdimatı zamanı vulkanik qazlar haqqında danışılarkən müxtəlif kimyəvi elementlərin formulu lövhəyə yazıldı və şagirdlər onun hansı qaz olduğunu tapdılar. II komandada sönmüş vulkanların şərhi zamanı Azərbaycan ərazisində olan sönmüş vulkanlara aid slaydlar göstərildi: Göyəzən, İlandağ, Xocavənd ekstruzivləri nümayiş etdirildi. Xocavəndin işğal tarixi xatırlandı. Palçıq vulkanları şərh edilərkən onların bəzi bitki qalıqlarının çürüməsindən əmələ gələn qazların da təsirilə  yarana biləcəyi diqqətə çatdırıldı.

Fəal dərsdə şagirdlərin qiymətləndirilməsi hər hansı mərhələdən sonra, istənilən üsulla həyata keçirilə bilər. Apardığım dərsdə də qiymət qruplara verildi. Hər bir qrup digərini dinlədikdən sonra öz qiymətini verdi və qiymətləndirmə səsvermə yolu ilə həyata keçirildi.

Dərs maraqlı suallardan ibarət bir  krossvordla ümumiləşdirildi.

Bu növ çalışmaların yerinə yetirilməsi şagirdlərin həm fəallığını təmin edir, həm də onların biliklərini genişləndirir. Heç şübhəsiz ki, fəal təlimin şagirdlərin marağına səbəb olan  müxtəlif üsulları var. Biz müəllimlər əvvəlcədən hər bir sinfin bilik və bacarıq səviyyəsinə uyğun dərsimizi planlaşdırsaq, yüksək nəticə əldə edə bilər, gənc nəslin savadlı yetişməsində öz ümumi vəzifəmizi yerinə yetirmiş olarıq.

Mən sözlərimi ulu öndərimiz Heydər Əliyevin müdrik bir kəlamı ilə bitirmək istəyirəm: "Gələcək  bilikli, elmli insanların çiyinləri üzərində qurulacaqdır". 

Maisə SƏFƏROVA,
Sumqayıt şəhər N.Gəncəvi adına TTEL-in coğrafiya müəllimi

 
 
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov