Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

29 Mart 2013 - №11

 

Müasir coğrafiya dərsi

 

Azərbaycan Respublikasının təhsil sistemində islahatların aparıldığı müasir zaman kəsiyində coğrafiyanın tədrisi metodikasına olan münasibət xeyli dəyişmişdir. Müasir coğrafiya mürəkkəb quruluşa malik olub "Təbiət-cəmiyyət-insan" qarşılıqlı sistemini əhatə edir. Coğrafiyanın tədrisi prosesində müxtəlif aparıcı ideyalar nəzərə alınmalıdır. 

1. Fiziki-iqtisadi-coğrafi biliklərin inteqrasiyası, hər hansı ərazinin kompleks öyrənilməsi.

2. Şagirdlərdə kartoqrafik təsvir vasitələrinin köməyilə coğrafi biliklərin formalaşdırılması.

3. Şagirdlərin məntiqi düşüncəsində məkan anlayışının - yerli, regional və qlobal miqyasda öyrənilməsinin təmin edilməsi.

4. Nəzəri biliklərin praktik olaraq tətbiq edilməsi coğrafiya fənninin bütün mövzularında aparıcı rola malik  olmasının əsaslandırılması.

Azərbaycan Respublikasının orta ümumtəhsil məktəblərinin coğrafiya proqramında baş verən əsaslı dəyişikliklər və xüsusilə hazırda həyata keçirilən kurikulum islahatı respublikanın dünya ölkələrinə inteqrasiyası tədris prosesində yeniliklərin tətbiqini labüdləşdirir.

Müəllim yaradıcılığı pedaqoqun şəxsi keyfiyyətlərinə davranış və həssaslığına əsaslanan pedaqoji fəaliyyətin əsas elementlərindən biridir. Müəllim yaradıcılığının əsas mənbəyi müəllimin şəxsi təcrübəsi şagirdlər ilə ünsiyyəti, kollektivin təcrübəsi, ümumi mütəxəssis hazırlığı, mövqeyi və müşahidəsidir. Coğrafiya tədrisinin ümumi məqsədi aşağıdakı təlim məqsədləridir:

1. Təhsilverici məqsəd - fənnin məzmununun öyrənilməsi.

2. İnkişafetdirici məqsəd - idraki fəallığın artırılması.

3. Tərbiyəedici məqsəd - iqtisadi təfəkkür, ekoloji və coğrafi mədəniyyətin inkişafı.

Coğrafiya fənninin əsas vəzifəsi şagirdlərdə yaradıcı və müstəqil düşünmə qabiliyyəti, müstəqil olaraq biliklərə yiyələnmək bacarığını formalaşdırmaqdır.

Coğrafiya müəlllimi coğrafiya elminin bütün tədqiqat metodlarından xəbərdar olmalıdır (müqayisəli, kartoqrafiq, statistik və s.). Müəllimin peşəkarlığı onun davranışında əks olunur. Pedaqoji ünsiyyət müəllimlə şagirdlər arasındakı birgə fəaliyyətin məqsəd və məzmunları əsasında qurulmuş qarşılıqlı təsir prosesini özündə əks etdirir.

Pedaqoji ünsiyyətin əsasında pedaqoji tapşırıq durur ki, onun həlli zamanı məlumatların ötürülməsi, şagirdlərin onu qavramaq və dərk etməyə sövq edilməsi, onların emosional dəyərlərinin yaradılması və fəaliyyətinin qurulması baş verir.

Ənənəvi dərsdən fərqli olaraq müasir dərsin tələbləri şagirdlərin idrak fəaliyyətinin formalaşmasına yönəldilir. Müasir dərsin ən vacib göstəricilərindən biri dərsin məqsədinin qoyuluşudur. Dərsin məqsədi coğrafiyanın məzmununa dair bilik və bacarıqlar əsasında şagird şəxsiyyətinin formalaşdırılmasına istiqamətlənir.

Bütün bunları nəzərə alaraq bu sahədə topladığım təcrübəni bir dərs nümunəsində oxuculara çatdırmaq istəyirəm.

Mövzu: Hidrosfer

1. Təlimin məqsədi - hidrosferin tərkibinə daxil olan suların izahını vermək, hidrosferə aid bilikləri ümumiləşdirmək.

2. İnkişafetdirici məqsəd - suyun böyük və kiçik dövranının yaranmasını təhlil etmək, quruda şirin suların yaranmasını izah etmək, suyun dövranının sxemini qurmaq.

3. Tərbiyəvi məqsəd - suyun insan həyatında dəyərini qiymətləndirməyi başa salmaq.

4. Tədris əhəmiyyəti - Praktik təlim

a) Ən mühüm su mənbələrini xəritədə göstərmək

b) Fiziki xəritələrdə dərinlik şkalasına əsasən okeanların dayaz və dərin yerlərini müəyyən etmək.

Təlim üsulları: "beyin həmləsi", açar sxem, təsvirlər, nəticənin üzə çıxarılması, çıxış kartları.

Dərsin gedişi:

Dərs yeni mövzunun elan edilməsi ilə başlayır.

İKT-dən istifadə etməklə şəkillər nümayiş olunur və şagirdlərə həmin şəkillərə baxıb öz fikirlərini bildirmələri təklif olunur.

Bu üsulla mövzunun adı şagirdlərdən alındıqdan sonra onlarda hidrosferin tərkibi haqqında təsəvvür yaratmaq üçün sxem göstərilir.

 

 

Şagirdlərə belə bir tədqiqat sualı verilir. "Sizcə təbiətdə olan sular təzələnirmi və bu təzələnmənin səbəbi nədir". Tədqiqat sualından sonra yönəldici fikir yaratmaq üçün suyun dövranını əks etdirən animasiya göstərilir.

Təqdimatın aparılması

Şagirdlər qrup şəklində əyləşirlər, qruplara tapşırıqlar verilir.

Tapşırıq

1. Suyun bir haldan digər hala keçməsinin səbəbi nədir?

2. Okean sularının tərkibi duzlu olduğu halda nə üçün su buxarı şirin olur?

3. Okeandan buxarlanan su hara gedir?

 

1. Təsəvvür edin ki, təbiətdə suyun böyük dövranı dayanıb. Sizcə bu zaman nə baş verərdi?

2. Nəyə görə Hidrosferə Yer kürəsində istiliyin tənzimləyicisi deyirlər?

3. Suyun insanın təsərrüfat fəaliyyətində əhəmiyyəti nədən ibarətdir?

Belə qrup halında tapşırıqların yerinə yetirilməsi şagirdlərin bir-birləri ilə əməkdaşlıq etmələrinə və bir-birləri qarşısında öz məsuliyyətlərini dərk etmələrinə imkan yaradır. Şagirdlərin birgə fəaliyyəti problemləri bir yerdə həll etməyi onlara öyrədir. Qrupda iş biliyi sərbəst əldə etmək bacarıqlarının inkişaf etməsi üçün şərait yaradır. Şagirdlərin özlərinə inamının artmasını, özlərini tam şəxsiyyət kimi dərk etməsini, eyni zamanda şagirdin müstəqil şəxsiyyət kimi inkişafını təmin edir.

Məlumat mübadiləsi və müzakirəsi

Qrupların işləri təqdim olunur. Bu mərhələdə şagirdlərin tədqiqatın gedişində əldə etdikləri yeni informasiyaların mübadiləsi aparılır. Təqdimat yeni biliklərin dairəsini cızır və şagirdləri bir-birlərinin təqdimatını fəal dinləməyə sövq edir.

Ümumiləşdirmə və nəticə

Şagirdlər əldə etdikləri bilikləri ümumiləşdirirlər, suyun dövranının sxemini qururlar və sonda verilən tədqiqat sualına yenidən qayıtmaqla əldə etdikləri nəticələri təhlil edirlər. Qiymətləndirmə qrup şəklində aparılır.

Refleksiya

- Siz bu gün nə öyrəndiniz?

- Ən çox xoşunuza gələn

- İstərdim ki...

- Xoşuma gəlmədi

Ev tapşırığı

Ev tapşırıqları şagirdlərin müstəqil tədqiqat aparmasına, sərbəst və yaradıcı düşünmə qabiliyyətinin formalaşmasına kömək edir. Evə hidrosferin tərkib hissələrini əhatə edən krossvord qurmaq tapşırılır. 

Şəfiqə HÜMBƏTOVA,
Bakıdakı 258 nömrəli məktəbin coğrafiya müəllimi,
"Ən yaxşı müəllim" müsabiqəsinin 2011-2012-ci il üzrə qalibi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov