Martın
28-də Azərbaycan Müəllimlər İnstitutunda
professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə
31 mart - azərbaycanlıların soyqırımı gününə həsr
olunmuş "dəyirmi masa" keçirildi. Dövlət himni
səsləndirildikdən sonra institutun tədris işləri üzrə
prorektoru, dosent Razim Məmmədov çıxış edərək ermənilər
tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə
həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti
nəticəsində xalqımızın ağır məhrumiyyətlərə məruz
qaldığını bildirdi, şəhidlərin ruhu bir dəqiqəlik
sükutla yad edildi.
Qeyd edildi ki, ötən əsrdə azərbaycanlılar min illər
boyu yaşadıqları tarixi etnik torpaqlarından
mərhələlərlə didərgin salınmışdır. 1918-ci ildə həyata
keçirilmiş soyqırımı aktı zamanı Bakı, Şamaxı, Quba
qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda,
Lənkəranda və Azərbaycanın başqa bölgələrində dinc əhali
kütləvi surətdə qətlə yetirilmiş, kəndlər
yandırılmışdır. Ümummilli lider Heydər Əliyevin
"Azərbaycanlıların soyqırımı haqqında" 26
mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart
azərbaycanlıların soyqırımı günü elan edilmişdir.
AMİ-nin ixtisasartırma və yenidənhazırlanma fakültəsinin
dekanı, dosent Telman Haqverdiyev erməni faşistləri
tərəfindən Azərbaycan ərazilərində milli
mənsubiyyətlərinə görə on minlərlə dinc azərbaycanlı
əhalinin, o cümlədən qadının, uşağın, qocanın
vəhşicəsinə qətlə yetirildiyini konkret faktlarla sübut
edən geniş məruzə ilə çıxış etdi.
Təhsilin idarə edilməsi və peşə təlimi kafedrasının
müdiri, professor Ramiz Məmmədzadə, pedaqoji fakültənin
dekanı, dosent Hava Abdullayeva çıxış edərək ermənilərin
törətdikləri cinayətlərin Azərbaycan xalqının yaddaşına
əbədi həkk olunduğunu qeyd etdilər. Bu gün bir milyondan
artıq soydaşımız erməni qəsbkarları tərəfindən öz doğma
yurd-yuvalarından qovulmuş, çətin şəraitdə yaşamağa
məhkum edilmişdir, erməni silahlı qüvvələri tərəfindən
işğal zamanı minlərlə vətəndaşımız şəhid olmuş, xəsarət
almışdır. Ona görə də Azərbaycan gəncləri tariximizi
dərindən öyrənməli, milli ruhda inkişaf etməli, daim
ölkəmizin inkişafı naminə çalışmalıdırlar.
Tədbirdə institutun Tələbə Gənclər Təşkilatının sədri
Nərmin Ərəbli və çıxış edən digər tələbələr bir çox
faciələrlə üzləşmiş Azərbaycanımızın müasir dövrdə öz
haqq səsinin dünyaya çatdırılmasında təhsilli, elmli
gənc nəslin üzərinə çox böyük bir məsuliyyətin düşdüyünü
qeyd etdilər. Sürətlə inkişaf edən ölkəmizin artan
nüfuzunun, eyni zamanda gənclərin aktiv fəaliyyətinin
nəticəsində azərbaycanlıların soyqırımını tanıyan
ölkələrin sayı getdikcə artır.
Sonda 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş
soyqırımı hadisəsi haqqında film nümayiş olundu.
AMİ-nin Mətbuat xidməti |