Ənənəvi olaraq, hər il may-iyun aylarında Türkiyədə
keçirilən Beynəlxalq Türk dili Olimpiadasına ölkəmizdən
bu il gedəcək şagirdlər artıq məlumdur. Onların adı
martın 14-də Akademik Milli Dram Teatrında keçirilmiş
son seçim turu - ölkə finalı mərasimində açıqlanıb.
Təhsil Nazirliyi rəsmilərinin, Milli Məclisin
deputatlarının, tanınmış alimlərin və incəsənət
xadimlərinin, təhsil ictimaiyyətinin nümayəndələrinin və
"Çağ" Öyrətim İşlətmələri MMC-nin təhsil müəssisələri
təmsilçilərinin iştirak etdikləri tədbir Azərbaycan və
Türkiyənin Dövlət himnləri ilə açılıb və olimpiadalardan
bəhs edən film nümayiş olunub. "Çağ" Öyrətim
İşlətmələri MMC Azərbaycan - Türkiyə Özəl Liseyləri baş
idarəsinin rəisi Məsud Kurnaz tədbirdə çıxış edərək
Beynəlxalq Türk dili Olimpiadası, bu il ölkəmizdə
olimpiada iştirakçılarını müəyyənləşdirmək üçün
keçirilmiş seçim turu haqqında məlumat verib. Qeyd
olunub ki, olimpiada 2003-cü ildən başlayaraq hər il
keçirilir və ölkəmiz bu mötəbər beynəlxalq
yarışma-festivalda fəal iştirak edir.
Keçən il keçirilən 10-cu Beynəlxalq Türk dili
Olimpiadasında Azərbaycan 13-ü qızıl, 9-u gümüş, 3-ü
bürünc olmaqla 25 medal qazanıb və bu nəticələrə əsasən
135 ölkə arasında 1-ci yeri tutub. Ümumilikdə isə bu
bilik və mədəniyyət yarışmasında şagirdlərimiz indiyədək
101 medal alıblar ki, onların da 35-i qızıl, 47-si
gümüş, 19-u bürünc medaldır.
M.Kurnaz diqqətə çatdırıb ki, sayca 11-ci olan builki
olimpiadada 140 ölkədən 2000 şagird iştirak edəcəkdir.
"Dil və kultur festivalı" adlandırılan olimpiada
çərçivəsində Türkiyənin 55 şəhərində 99 səhnə proqramı
təşkil ediləcəkdir. 24-26 may 2013-cü il tarixlərində
Türkiyənin İzmir şəhərində mədəniyyət festivalı
keçiriləcək. 1 iyun 2013-cü il tarixində isə Ankaranın
"19 Mayıs" stadionunda tədbirin rəsmi açılış mərasimi
təşkil olunacaq.
Tədbir iştirakçılarına məlumat verilib ki, qiraət, inşa,
dialektika, mahnı, şeir, səs, oxuma, mədəni irs,
təqdimat, xüsusi qabiliyyət, rəsm, xalq oyunları
(rəqsləri), yaradıcı inşa müsabiqəsi (universitet
tələbələri arasında) nominasiyaları üzrə keçiriləcək
olimpiadanın seçim turunda ölkəmizin müxtəlif şəhər və
rayonlarının təhsil müəssisələrindən 500-ə yaxın şagird
iştirak edib.
Sonra səhnə olimpiada finalçılarının ixtiyarına verilib.
Şeir, mahnı, rəqs və s. kimi kateqoriyalar üzrə
yarışanlar öz məharətlərini göstəriblər.
Pedaqoq alimlərdən, elm, mədəniyyət və incəsənət
xadimlərindən ibarət münsiflər heyəti tərəfindən
iştirakçıların qiymətləndirilməsi aparılıb və qaliblər
müəyyənləşdirilib. Finalda iştirak edən qaliblərə
medallar, sertifikatlar və hədiyyələr verilib. Onlar
həmçinin yay tətillərini Türkiyədə keçirmək və XI
Beynəlxalq Türk dili Olimpiadasında iştirak etmək imkanı
qazanıblar.
Yusif ƏLİYEV |