Məlum
olduğu kimi, bu il martın 9-dan 19-dək Heydər Əliyev
Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və
Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı
ilə ölkəmizdə "Muğam aləmi" Üçüncü Beynəlxalq Muğam
Festivalı keçirilmişdir.
Festivalın açılış mərasimi martın 9-da Bakıdakı Heydər
Əliyev Mərkəzində olmuşdur. Təntənəli açılış mərasimində
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, festivalın prezidenti,
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak
etmişdir. Mehriban Əliyeva mərasimi açaraq festivalın
iştirakçılarını, ölkəmizə gələn bütün qonaqları səmimi
salamlamış və Üçüncü Beynəlxalq Muğam Festivalını
ölkəmizin mədəni həyatında çox mühüm hadisə
adlandırmışdır. Festivalın əhəmiyyətindən danışan
Mehriban Əliyeva demişdir:
"Mən ümidvaram ki, festival proqramı özündə Azərbaycanda
qonaq olan ölkələrin rəngarəng muğam ənənələrini,
uğurlarını, nailiyyətlərini də bizə göstərəcəkdir. Ən
əsası odur ki, beynəlxalq muğam müsabiqəsi yeni adlar,
yeni istedadlar aşkar edəcək və muğamın həm ölkəmizdə,
həm dünyada daha yaxşı tanınmasına töhfəsini
verəcəkdir".
Qeyd edək ki, builki festival bir sıra yeniliklərlə
seçilmişdir. Belə ki, bu il ilk dəfə olaraq muğam
müsabiqəsi təkcə xanəndələr arasında deyil, həm də
instrumental muğam ifaçılığı üzrə keçirilmişdir.
Ölkəmizin bütün regionlarında fəaliyyət göstərən musiqi
məktəblərinin şagirdləri festivalda iştirak etmək imkanı
qazanmışlar. 10 gün davam etmiş festival çərçivəsində
elmi simpozium, gənc ifaçıların beynəlxalq muğam
müsabiqəsi, paytaxt və bölgələrdə silsilə konsertlər
təşkil edilmişdir.
Martın 12-dən 15-dək Azərbaycan Milli Elmlər
Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində
"Muğam aləmi" Üçüncü Beynəlxalq Muğam Festivalı
çərçivəsində keçirilmiş Üçüncü Beynəlxalq "Muğam aləmi"
elmi simpoziumunda onun YUNESKO səviyyəsində təşkil
olunduğu və böyük tarixi əhəmiyyət daşıdığı qeyd
olunmuşdur. Simpoziumda təhsil naziri Misir Mərdanov
çıxış edərək bildirmişdir ki, bu beynəlxalq festival
təkcə muğam mədəniyyətini deyil, eyni zamanda musiqi
təhsili, musiqi elmi, muğamların tədris olunması,
qorunması və varisliyi, ifaçılıq sənəti, gənc muğamşünas
və ifaçı kadrların hazırlanması, xalqlar arasında
beynəlxalq mədəni inteqrasiya və əlaqələrin genişlənməsi
kimi müasir, vacib və aktual olan məsələləri də özündə
ehtiva edir.
Nazir diqqətə çatdırmışdır ki, Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın ideyası və müəllifi olduğu
muğam layihələri Azərbaycan muğam mədəniyyətinin
müxtəlif istiqamətlərdə inkişaf etməsinə, dünya
miqyasında təbliğinə, onun elmi problemlərinin
tədqiqinə, muğamların müasir ali musiqi məktəblərində
tədrisinə, muğam mədəniyyətinə mütəxəssis marağının
artmasına səbəb olmuşdur. Nəticə etibarı ilə muğamın
tədrisində, elmi cəhətdən öyrənilməsində, muğam
ifaçılığında, onun bəşəri mədəni dəyər kimi təbliğ
olunmasında yeni və mühüm nailiyyətlər qazanılmışdır.
Misir Mərdanov vurğulamışdır ki, son illər Təhsil
Nazirliyi Azərbaycan Milli Konservatoriyası və onun
nəzdində fəaliyyət göstərən Musiqi Kolleci ilə birgə
respublika muğam müsabiqələri keçirir, bu muğam
müsabiqələri milli musiqi təhsilini daha da inkişaf
etdirmək, muğam ifaçılığı sahəsində yeni istedadlı
gəncləri aşkar etmək, gənclərin professional ifaçı kimi
formalaşmasına nail olmaq məqsədi daşıyır.
Üç gün davam etmiş elmi simpoziumun bölmə iclaslarında
ölkə alimləri və xarici araşdırıcıların muğam və onun
tədqiqi ilə bağlı maraqlı məruzələri dinlənilmişdir.
Festival günlərində Gəncə şəhər 5 nömrəli musiqi
məktəbinin konsert salonunda "Ustaddan şagirdə" muğam
məclisi, Beynəlxalq Muğam Mərkəzində Azərbaycan və
Mərakeş musiqiçilərinin birgə konserti, Şəki şəhərindəki
"Büllur saray"da respublikanın tanınmış xanəndələri və
yerli ifaçıların iştirakı ilə muğam gecəsi, Beynəlxalq
Muğam Mərkəzində Misir və Azərbaycan musiqiçilərinin
iştirakı ilə geniş konsert və başqa tədbirlər təşkil
olunmuşdur.
Festival çərçivəsində keçirilən ən mühüm tədbir isə
Üçüncü Beynəlxalq muğam müsabiqəsi olmuşdur. Solo muğam
ifaçılığı və instrumental muğam ifaçılığı üzrə keçirilən
müsabiqənin ilk turu martın 15-də start götürmüşdür.
Martın 16-da isə Müslüm Maqomayev adına Azərbaycan
Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında
hər iki nominasiya üzrə müsabiqənin ilk turuna yekun
vurulmuşdur. Solo muğam ifaçılığı üzrə martın 15-də
başlanmış birinci turun seçimlərində Azərbaycan, İran,
Çin, Mərakeş, Hindistan, Tacikistan, Türkiyə və
Türkmənistandan olan qrup və ifaçılar iştirak etmişlər.
Bu nominasiya üzrə müsabiqənin birinci turunda fərqlənən
Mirələm Mirələmov, Ariz Hüseynli, "Buta" qrupu, Abdulla
Qurbani (Türkiyə), "Əndəlus gəncləri" qrupu (Mərakeş),
"Naghsh" ansamblı (İran) ikinci turda çıxış etmək hüququ
qazanmışlar.
İnstrumental muğam ifaçılığı üzrə müsabiqənin birinci
turunda isə Azərbaycandan Pərviz Quliyev, Təbriz
Yusubov, Şəhriyar İmanov, Bəhruz Zeynalov, Şəhriyar
Musayev və Aysu Sadıqova, Türkmənistandan Orazmurat
Annanepesov, Mərakeşdən "Əndəlus gəncləri" qrupu,
İordaniyadan Yaqub Smairat, Tarik Əlcundi, Belçikadan
Vincent Vilkin, Hindistandan Surindeh Singh və
Türkiyədən "Səda" qrupu iştirak etmişlər.
Bu turda fərqlənən Şəhriyar İmanov, Bəhruz Zeynalov,
Pərviz Quliyev, Şəhriyar Musayev, Surindeh Singh ("Raqa"
qrupu, Hindistan), Tarik Əlcundi (İordaniya)
instrumental muğam ifaçılığı üzrə ikinci turda çıxış
etmək hüququ qazanmışlar.
Hər iki nominasiya üzrə ikinci tur martın 17-18-də
Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan
musiqisi zalında təşkil olunmuşdur. İki gün davam edən
ikinci tur başa çatdıqdan sonra martın 18-də qaliblərin
adları açıqlanmışdır.
İnstrumental muğam ifaçılığı üzrə Azərbaycandan Şəhriyar
Musayev, Pərviz Quliyev, Şəhriyar İmanov, Bəhruz
Zeynalov, Hindistandan "Raqa" qrupu, solo muğam
ifaçılığı üzrə isə Azərbaycandan Mirələm Mirələmov, Ariz
Hüseynli, Türkiyədən "Səda" qrupu, Mərakeşdən "Əndəlus
gəncləri" qrupu və İrandan "Nasim e Tarab" qrupu qalib
adını almışlar. Hər iki nominasiya üzrə xüsusi
mükafatların sahibləri də müəyyən olunmuşdur.
İnstrumental muğam ifaçılığı üzrə müsabiqənin
iştirakçılarını xalq artisti, professor Siyavuş
Kəriminin sədrliyi ilə Azərbaycandan əməkdar incəsənət
xadimi Nazim Kazımov, xalq artisti Ağasəlim Abdullayev,
Türkiyədən Əhməd Misirli, Misirdən Habib Yammine,
ABŞ-dan Cefri Verbokdan ibarət münsiflər heyəti
seçmişdir.
Solo muğam ifaçılığı müsabiqəsinin iştirakçılarını isə
xalq artisti, professor Siyavuş Kəriminin sədrliyi ilə
Azərbaycandan xalq artistləri Arif Babayev, Ağaxan
Abdullayev, Fransadan Jan Dürinq, Tunisdən Mahmud
Gettat, Tacikistandan Abduvali Abduraşidovun daxil
olduqları münsiflər heyəti qiymətləndirmişdir.
Qaliblərin hansı yerləri tutmaları isə martın 19-da
Müslüm Maqomayev adına Azərbaycan Dövlət
Filarmoniyasında keçirilən "Muğam aləmi" Üçüncü
Beynəlxalq Muğam Festivalının bağlanış mərasimində məlum
olmuşdur.
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev,
festivalın bədii rəhbəri, xalq artisti Firəngiz Əlizadə
çıxış edərək bildirmişlər ki, Azərbaycanda 10 gün davam
edən "Muğam aləmi" Üçüncü Beynəlxalq Muğam Festivalı
təkcə ölkəmizdə deyil, sərhədlərimizin hüdudlarından
kənarda da böyük əks-səda doğurmuşdur. Festivalda 24
ölkədən nümayəndələrin iştirak etməsi faktı muğam
sənətinə və festivalına ildən-ilə artan marağın
göstəricisidir.
Sonra muğam müsabiqəsinin qalibləri
mükafatlandırılmışlar.
Qeyd edək ki, "Qran pri" mükafatına layiqli namizəd
olmadığından birinci yer iki ifaçıya təqdim edilmişdir.
Solo muğam ifaçılığı üzrə müsabiqədə azərbaycanlı
xanəndə Mirələm Mirələmov və İranın "Nasim e Tarab"
qrupu birinci yerlərə, Ariz Hüseynli ikinci, Türkiyənin
"Səda" və Mərakeşin "Əndəlus gəncləri" qrupları üçüncü
yerlərə layiq görülmüşlər.
İnstrumental muğam ifaçılığı üzrə isə birinci yerə
Azərbaycandan Bəhruz Zeynalov və Şəhriyar İmanov, ikinci
yerə Pərviz Quliyev, üçüncü yerlərə isə Hindistanın
"Raqa" qrupu və təmsilçimiz Şəhriyar Musayev layiq
görülmüşlər. Birinci yerin sahiblərinə 15 min, ikinci
yeri tutanlara 10 min, üçüncü yeri qazananlara isə 5 min
avro pul mükafatı və bütün qaliblərə fəxri fərman və
festivalın emblemi təqdim edilmişdir.
Müsabiqədə müxtəlif nominasiyalar üzrə fərqlənmiş
musiqiçilər Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan
Bəstəkarlar İttifaqı və Azərbaycan Milli
Konservatoriyası tərəfindən mükafatlandırılmışlar.
Sonda qaliblərin iştirakı ilə qala konserti təqdim
edilmişdir.
Qeyd etmək xoşdur ki, Üçüncü Beynəlxalq muğam
müsabiqəsində instrumental muğam ifaçılığı üzrə birinci
yer tutmuş Bəhruz Zeynalov kollecimizin müəllimidir.
Onun tarda ifası tələbkar münsiflər heyətinin bütün
üzvləri tərəfindən yüksək qiymətləndirilmişdir.
Müsabiqənin solo muğam ifaçılığı üzrə birinci
mükafatçısı Mirələm Mirələmov da kollecimizin məzunudur.
Biz onların hər ikisi ilə fəxr edirik. Qaliblərin hər
birinə daha böyük uğurlar arzulayırıq.
Sonda onu da xüsusi vurğulayaq ki, festival çərçivəsində
keçirilən Üçüncü Beynəlxalq muğam müsabiqəsi
Azərbaycanın muğam ifaçılığında, xüsusən də instrumental
muğam ifaçılığında şəksiz üstünlüyünü bir daha nümayiş
etdirdi.
Təsadüfi deyil ki, müsabiqənin 10 qalib yerindən 6-nı, o
cümlədən instrumental muğam ifaçılığı üzrə 5 yerdən 4-nü
məhz həmyerlilərimiz qazandılar. İnstrumental muğam
ifaçılığı üzrə Azərbaycan təmsilçilərinin çox böyük
üstünlüyünü müsabiqənin münsiflər heyətinin bütün
üzvləri, o cümlədən xarici mütəxəssislər də xüsusi qeyd
etdilər. Bu da, şübhəsiz, Azərbaycanın muğamın vətəni
olması, bu möhtəşəm musiqi sənətinin ölkəmizdə daha çox
inkişaf etməsi ilə bağlıdır.
Nazim KAZIMOV,
əməkdar incəsənət xadimi, professor,
Üçüncü Beynəlxalq muğam müsabiqəsinin münsiflər
heyətinin üzvü |