Bu yaxınlarda Azərbaycan Respublikası Təhsil Nazirliyi
Monitorinq və qiymətləndirmə şöbəsinin məsləhətçisi
Gülüstan Cəfərova və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
baş metodisti Sevda Tağıyeva Qax rayonunda olaraq
ümumtəhsil məktəblərinin rəhbərləri üçün maarifləndirici
müşavirələr təşkil etmişlər. Birinci gün keçirilən
müşavirədə ümumtəhsil məktəblərinin rəhbərləri ilə
müvafiq təlimatla bağlı lazımi izahat işləri
aparılmışdır. Növbəti gün ümumtəhsil məktəblərinin
rəhbərləri müvafiq təlimatla bağlı rəhbərlik etdikləri
təhsil müəssisələrində müşavirələr keçirmiş və təlimatı
müzakirə etmişlər. Müşavirənin üçüncü günü isə
G.Cəfərova və S.Tağıyeva yenidən təlimatla bağlı izahat
işləri aparmış, məktəb rəhbərlərini maraqlandıran
suallara aydınlıq gətirmişlər.
Həmin tədbirlərdən ötən dövr ərzində Qax Rayon Təhsil
Şöbəsi tərəfindən bu sahədə bir sıra işlər görülmüşdür.
Belə ki, RTŞ-ın əməkdaşları planlı şəkildə rayonun bir
çox ümumtəhsil məktəblərində olmuş, I-V siniflərdə
müxtəlif dərsləri dinləmiş, məktəbdaxili
qiymətləndirmənin aparılması ilə bağlı vəziyyəti
araşdırmış və yerlərdə seminarlar təşkil etmişlər.
Həmçinin müxtəlif fənlər üzrə təşkil edilmiş
seminarlarda, dayaq məntəqələri üzrə metodbirləşmə
iclaslarında mövcud təlimatla bağlı çoxlu sayda
məruzələr dinlənilmiş və müzakirəsi təşkil edilmişdir.
Qax RTŞ-ın təşkil etdiyi monitorinqlər bir daha göstərdi
ki, görülmüş tədbirlər sayəsində məktəbdaxili
qiymətləndirmənin aparılmasında xeyli irəliləyişlər əldə
olunmuşdur. Bundan sonra da bu sahəni diqqət mərkəzində
saxlayacaq və müəllimlərimizin mövcud təlimatın
tələblərinə tam riayət etmələri üçün səylə çalışacağıq.
B.HEYDƏROV,
Qax Rayon Təhsil Şöbəsinin müdir müavini |