Novruz bayramı ərəfəsində AZER-NET şirkəti Qafqaz
Universitetinə kompüter laboratoriyası hədiyyə edib.
Martın 15-də universitetdə laboratoriyanın açılışı
olub.
Açılış mərasimində çıxış edən Qafqaz Universitetinin
rektoru, professor Ahmet Saniç müasir dövrdə İKT-nin
cəmiyyətin həyatındakı rolundan, təhsildə tətbiqinin
faydasından danışıb, rəhbərlik etdiyi təhsil
müəssisəsinin iş dünyası ilə qarşılıqlı faydalı
əlaqələrindan söz açıb. Rektor bayram ərəfəsində açılan
yeni kompüter laboratoriyasının universitetin müəllim
və tələbələrinə qiymətli Novruz töhfəsi olduğunu
vurğulayıb və dəyərli hədiyyəyə görə AZER-NET
şirkətinin rəhbərliyinə minnətdarlığını bildirib.
Mərasimdə şirkətin rəhbərliyinə Qafqaz Universitetinin
xatirə plaketi təqdim olunub.
Sonra universitetin əsas korpusunun geniş foyesində
Novruz bayramına həsr olunmuş şənlik keçirilib. Bu ali
təhsil ocağının mədəniyyət şöbəsinin təşkilatçılığı ilə
baş tutan bayram tədbirində rektor Ahmet Saniç çıxış
edib. Şənlik iştirakçılarını Novruz bayramı münasibəti
ilə təbrik edən rektor Novruzun xalqımızın dərin
köklərə malik milli bayramı olduğunu, təkamülü,
təbiətin oyanışını təcəssüm etdirdiyini söyləyib,
həmişəyaşar Novruz adət və mərasimlərindən söz açıb.
Sonra Qafqaz Universitetinin tələbələrinin
hazırladıqları bayram konserti təqdim olunub.
Tələbələrdən ibarət xor kollektivinin ifa etdiyi "Bayram
olsun" mahnısı, rəqs kollektivinin ifa etdiyi rəqslər,
eləcə də Novruz personajları Kosa və Keçəlin
səhnəcikləri mərasim iştirakçıları tərəfindən
alqışlarla qarşılanıb.
Yusif ƏLİYEV |