Bu
günlərdə Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sumqayıt
şəhər bölməsi və Sumqayıt Dövlət Universitetinin birgə
təşkilatçılığı ilə "Qan ver, yaşat!" devizi altında
qanvermə aksiyası təşkil edilib.
Aksiya talassemiya və hemofiliyadan əziyyət çəkən
uşaqlara yardım məqsədi ilə keçirilib. Bu münasibətlə
təşkil olunan tədbirdə Qızıl Aypara Cəmiyyəti Sumqayıt
şəhər bölməsinin sədri Mətanət Məhərrəmova çıxış edərək
aksiyanın məqsədindən və əhəmiyyətindən danışıb. Qeyd
olunub ki, donor hərəkatının fəallaşması vacibdir, çünki
insan həyatı üçün misilsiz bioloji bu materialı süni
şəkildə yaratmaq mümkün deyildir.
Sonra donorlar Elmi-Tədqiqat Hematologiya və
Transfuziologiya İnstitutunun mütəxəssisləri tərəfindən
müayinədən keçiriliblər və onlardan qan alınıb.
Aksiyada "Azərikimya" İB-nin Müşahidə Şurasının sədri,
Milli Məclisin deputatı Muxtar Babayev, Sumqayıt Dövlət
Universitetinin müəllim və tələbə heyəti, media
nümayəndələri, QAC Sumqayıt bölməsinin könüllüləri donor
kimi fəal iştirak ediblər.
Qeyd edək ki, təşkilatçıların verdiyi məlumata görə,
250-dən çox insanın iştirak etdiyi aksiyada yığılan qan
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və
Transfuziologiya İnstitutunun Qan Bankına təqdim
ediləcəkdir.
Samirə HÜSEYNQIZI |