Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

29 Mart 2013 - №11

 

"Ekoloji sivilizasiya, davamlı inkişaf, ətraf mühit" adlı illik nəşrin təqdimatı keçirilib

 

Martın 15-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında YUNESKO-nun baş direktorunun müavini Pilar Alvarez-Lasonun iştirakı ilə YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası "İnsan və biosfer" Komitəsinin "Ekoloji sivilizasiya, davamlı inkişaf, ətraf mühit" adlı illik nəşrinin təqdimatı keçirilib.

Tədbirdən öncə qonaqlar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış IDEA (International Dialogue for Environmental Action) Ətraf Mühit Kampaniyası çərçivəsində ali təhsil müəssisəsindəki Resurs Mərkəzi və akademiyanın YUNESKO Mərkəzi ilə tanış olublar.

Təqdimat mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında  Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov çıxış edərək YUNESKO-nun  məqsədyönlü fəaliyyətindən, adıçəkilən təşkilatla ölkəmizin geniş əlaqələrindən ətraflı söz açıb. Rektor Azərbaycan ilə YUNESKO arasında əlaqələrin qurulmasında ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin, bu qurum ilə ölkəmizin əməkdaşlığının uğurla inkişafında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətlərindən danışıb.

Akademik Urxan Ələkbərov daha sonra təqdimatı keçirilən "Ekoloji sivilizasiya, davamlı inkişaf, ətraf mühit" adlı nəşr barədə fikirlərini söyləyərək onun mütəxəssislər və bütövlükdə geniş oxucu kütləsi üçün dəyərli bir töhfə olduğunu bildirib.

Çıxış üçün söz alan YUNESKO-nun baş direktorunun müavini Pilar Alvarez-Lason təmsil etdiyi təşkilatın inkişaf mərhələlərindən, son illərdə bütün dünyada fəaliyyətini daha da genişləndirməsindən, bununla əlaqədar yeni fəaliyyət planlarının icrasına başlanılmasından ətraflı söz açıb. O, ölkəmizlə olan əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiklərini  və bu əməkdaşlığı yüksək qiymətləndirdiklərini qeyd edib. Ətraf mühitlə bağlı məsələlərə, sosial elmlərə önəm verilməsinin zəruri olduğunu söyləyən qonaq bu sahələrə YUNESKO tərəfindən daim diqqət göstərildiyini bildirib.

YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva bu beynəlxalq qurum ilə Azərbaycan arasında əlaqələrin genişlənməsində Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın müstəsna rolunu diqqətə çatdırıb. Natiq sonra YUNESKO-nun ölkəmizdə reallaşdırdığı layihələrdən bəhs edib.

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev, AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov YUNESKO ilə ölkəmiz arasındakı işgüzar əməkdaşlıq əlaqələrinə toxunaraq əldə olunan uğurlu nəticələrdən danışıblar.

Sonra YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası "İnsan və biosfer" Komitəsinin "Ekoloji sivilizasiya, davamlı inkişaf, ətraf mühit" adlı illik jurnalı ictimaiyyətə təqdim edilib. İllik nəşrin əhəmiyyəti barədə danışan digər çıxışçılar topluda Azərbaycanın vacib prioritetlərindən biri  hesab olunan davamlı inkişaf sahəsindəki məsələlərin əhatə edildiyini,  dünyada ən aktual olan mövzularla bağlı elmi məqalələrin öz əksini tapdığını qeyd ediblər. 

Samirə KƏRİMOVA

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov