Naxçıvan
Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Heydər
Əliyev Universitetinin 167-ci məşğələsi keçirildi.
"Heydər Əliyev dövlətçilik məktəbinin sosial-siyasi və
ideoloji əsasları" mövzusunda keçirilən məşğələni giriş
sözü ilə universitetin rektoru, akademik İsa Həbibbəyli
açaraq dünya şöhrətli siyasi xadim Heydər Əliyevin
Azərbaycanın milli müstəqilliyinin qorunmasında, dinamik
inkişafında, dünyada Azərbaycan imicinin və diasporunun
formalaşmasındakı misilsiz xidmətlərindən bəhs etdi.
Qeyd olundu ki, məhz ümummilli lider Heydər Əliyevin
uzaqgörən siyasəti sayəsində azərbaycançılıq məfkurəsi
müstəqil dövlətimizin ümummilli ideologiyasına
çevrilmişdir. Bu gün bu müdrik siyasətin layiqincə davam
etdirilməsi nəticəsində Azərbaycan güclü və qüdrətli
dövlət kimi inkişaf etməkdədir. Rektor, ümummilli
liderin anadan olmasının 90 illiyi, 2013-cü ilin
Naxçıvan Muxtar Respublikasında "Heydər Əliyev ili" elan
olunması ilə bağlı qarşıda duran vəzifələrdən danışdı.
Tərbiyə işləri üzrə prorektor, fəlsəfə elmləri doktoru,
professor Məmməd Rzayev mövzu ilə bağlı ətraflı məruzə
edərək ulu öndər Heydər Əliyevin gələcək müstəqil
Azərbaycanın sosial-siyasi və ideoloji əsaslarını,
prinsiplərini hələ totalitar sovet rejimi dövründə
işləyib hazırladığını xatırlatdı. Vurğulandı ki,
ümummilli lider siyasi hakimiyyətə yenidən qayıtdıqdan
sonra müstəqil Azərbaycanın daxili və xarici siyasətini,
dövlətlərarası münasibətlərini, sosial-iqtisadi, hərbi
inkişaf strategiyasını müəyyənləşdirmiş, Azərbaycanın
ərazi bütövlüyünün qorunması, elmin, təhsilin tərəqqisi,
milli mənəvi dəyərlərimizin - dilimizin, dinimizin,
tariximizin, mədəniyyətimizin yaşadılması və inkişaf
etdirilməsində misilsiz rol oynamışdır.
Qeyd olundu ki, XX əsrin sonlarında Azərbaycanın dövlət
müstəqilliyinin qorunması, milli dirçəliş və tərəqqi,
ölkədə siyasi sabitliyin, milli birliyin yaranması məhz
ulu öndərin adı ilə bağlıdır. Bu dahi şəxsiyyətin həyat
və fəaliyyəti, siyasi irsi, azərbaycançılıq
ideologiyası, milli məfkurəyə sədaqəti hər bir
vətənpərvər gənc üçün böyük məktəb olmalıdır.
Məşğələnin sonunda YAP sıralarına qəbul edilmiş
tələbələrə üzvlük vəsiqələri təqdim olundu.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri |