| 
								
						 Martın 
						14-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev 
						Fondunun prezidenti Mehriban Əliyeva Sabunçu rayonunun 
						Pirşağı qəsəbəsində Fondun təşəbbüsü ilə yenidən 
						qurulmuş 112 nömrəli tam orta məktəbin açılışında 
						iştirak etmişdir. 
						
						Məktəblə tanışlıq zamanı bildirilmişdir ki, təhsilin 
						inkişafının dövlət siyasətinin prioritet 
						istiqamətlərindən biri elan olunduğu Azərbaycanda bu 
						prosesə Heydər Əliyev Fondu xüsusi dəstək verir. Bu 
						sahədə Fondun "Yeniləşən Azərbaycana yeni məktəb" 
						layihəsinin icrası uğurla davam edir. Layihənin həyata 
						keçirilməsinin ən vacib məqamlarından biri onun 
						paytaxtla yanaşı, regionlarda icra edilməsidir. Heydər 
						Əliyev Fondunun bu layihəsi təhsilin səviyyəsinə birbaşa 
						təsir edən problemlərin həllinə, tədris prosesinin günün 
						tələbləri səviyyəsində qurulmasına imkan verən müasir 
						məktəb binalarının inşasına istiqamətlənmişdir. Təsadüfi 
						deyildir ki, Fondun təşəbbüsü ilə ölkədə inşa olunan və 
						yenidən qurulan məktəblərin sayı artıq yüzlərlədir. 
						Hazırda onların sırasına Bakının ən qədim kəndlərindən 
						olan Pirşağıda istifadəyə verilən 112 nömrəli tam orta 
						məktəb də daxil olur. Heydər Əliyev Fondunun təşəbbüsü 
						ilə yenidən qurulan və bütün zəruri avadanlıqla təchiz 
						edilən məktəb ölkəmizdə həyata keçirilən təhsil 
						islahatlarının bariz nümunəsidir. 
								
						 Qeyd 
						edildi ki, 1934-cü ildən fəaliyyət göstərən bu təhsil 
						ocağı uzun illər ərzində təmir olunmamışdı. Bir müddət 
						əvvəl qəzalı vəziyyətə düşən məktəbdəki şərait tədris 
						prosesində çox ciddi problemlər yaratmışdı. Heydər 
						Əliyev Fondu məktəbin əsas tədris korpusunun inşası ilə 
						bağlı təşəbbüs qaldırmışdı. 2011-ci ilin dekabrında 
						başlanan tikinti işləri yüksək səviyyədə, bütün 
						standartlar nəzərə alınaraq həyata keçirilmişdir. 
						Üçmərtəbəli, 660 şagird yerlik binanın ümumi sahəsi 38 
						min kvadratmetrdən çoxdur. Burada şagirdlərin təlim-tərbiyəsi 
						ilə 51 müəllim məşğul olacaqdır. Məktəbdə müxtəlif fənn 
						kabinetləri vardır. Uşaqlarda yaradıcılıq qabiliyyətini 
						inkişaf etdirmək üçün rəsm və rəsmxətt otağı qurulmuşdur. 
						Bundan əlavə, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə 
						olunmaları üçün hərbi hazırlıq kabineti yaradılmışdır. 
						Şagirdlərin informasiya və kommunikasiya 
						texnologiyalarına marağı nəzərə alınaraq məktəbdə 
						kompüter sinfi yaradılmış və zəruri texniki avadanlıqla 
						təchiz olunmuşdur. Buradakı kitabxana da yüksək 
						səviyyəsi ilə diqqəti cəlb edir. 
						
						Məlumat verildi ki, məktəbdə 200 adda bədii ədəbiyyat və 
						13 min dərslik toplanmışdır. Bütün otaqlar dərs 
						ləvazimatları, əyani vəsaitlər və avadanlıqla təchiz 
						olunmuşdur.  
						
						Fondun həyata keçirdiyi layihələrdən biri də "Təhsilə 
						dəstək" layihəsidir. Bu layihə birbaşa tədrisin 
						keyfiyyətinə təsir göstərən problemlərin həllinə - 
						təhsil ocaqlarının əyani vəsaitlə, şagirdlərin lazımi 
						dərs ləvazimatı ilə təmin olunmasına yönəlmişdir. Heydər 
						Əliyev Fondu məktəbdə biologiya, fizika və kimya 
						laboratoriyalarını şagirdlərin elmin sirlərinə 
						yiyələnmələri üçün bütün əyani vasitələrlə təmin 
						etmişdir. Beləliklə, fəaliyyətində təhsilə xüsusi önəm 
						verən Heydər Əliyev Fondunun 2004-cü ildən başlayaraq "Yeniləşən 
						Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində ölkənin 
						müxtəlif regionlarında məktəblərin yenidən qurulması, 
						müasir avadanlıqla təmin olunması, kitabxanaların 
						ədəbiyyatla zənginləşdirilməsi istiqamətində həyata 
						keçirdiyi işlər artıq öz bəhrəsini verir.  
						
						Şagirdlərin çoxluğunu nəzərə alan Heydər Əliyev Fondunun 
						təşəbbüsü ilə 2005-ci ildə bu təhsil ocağı üçün 240 
						yerlik yardımçı bina da tikilmişdi. Təbii ki, bu, mövcud 
						tələbatı qismən ödəməyə imkan verirdi. İndi isə əsas 
						korpus üçün yeni binanın inşası ilə bütün problemlər 
						aradan qaldırıldı. 
						
						Diqqətə çatdırıldı ki, məktəbin ətrafında və ərazisində 
						yenidənqurma işləri aparılmış, 3200 kvadratmetr sahədə 
						abadlıq işləri görülmüşdür.  
						
						Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva 
						məktəbin pedaqoji kollektivi ilə görüşdü, yeni təhsil 
						ocağının istifadəyə verilməsi münasibətilə onları təbrik 
						etdi.  
						
						Azərbaycanın birinci xanımı bildirdi ki, dövlətin həyata 
						keçirdiyi siyasətə daim dəstək olan Heydər Əliyev Fondu 
						ölkədə görülən işlərə hər zaman kömək göstərməyə 
						hazırdır. Mehriban xanım Əliyeva qarşıdan gələn Novruz 
						bayramı münasibətilə kollektivi təbrik etdi. 
						
						Məktəbin müəllimi Qafar Bağırov görülən işlərə görə 
						qəsəbə sakinləri adından Heydər Əliyev Fondunun 
						prezidentinə minnətdarlığını bildirdi. 
						
						Sonda xatirə şəkli çəkdirildi. 
						
						
						*** 
						
						Sonra Azərbaycanın birinci xanımı, Heydər Əliyev 
						Fondunun prezidenti Mehriban Əliyeva paytaxtın Nəsimi 
						rayonundakı 268 nömrəli sağlamlıq imkanları məhdud 
						uşaqlar üçün xüsusi məktəbə gəldi.  
						
						Mehriban xanım Əliyeva əvvəlcə şagirdlərin əl işlərindən 
						ibarət sərgi ilə tanış oldu. Yüzdən çox əl işinin 
						nümayiş etdirildiyi sərgi uşaqların maraq dünyasını, 
						arzu və istəklərini yetərincə əks etdirir. Daha sonra 
						Mehriban xanım Əliyeva Novruz bayramı münasibətilə 
						məktəbdə keçirilən tədbirdə iştirak etdi.  
						
						Məktəbin özfəaliyyət dərnəyinin üzvlərinin rəqsləri 
						tədbirə xüsusi ovqat gətirməklə yanaşı, onun daha 
						maraqlı keçməsinə imkan yaratdı. Heydər Əliyev Fondunun 
						prezidenti Mehriban xanım Əliyeva 268 nömrəli xüsusi 
						məktəbin müəllim və şagirdlərini bayram münasibətilə 
						təbrik edərək dedi: 
						
						- Mən sizi bu gün görməyə, xüsusilə də belə bayram əhval-ruhiyyəsində 
						görməyə çox şadam. Sizi qarşıdan gələn Novruz bayramı 
						münasibətilə ürəkdən təbrik edirəm. On il bundan əvvəl 
						mən ilk dəfə sizin məktəbə gəlmişdim. Biz ilk dəfə o 
						vaxt görüşdük. Artıq o zaman birinci sinifdə oxuyan 
						uşaqlar indi məktəbi bitirirlər, 9-10-cu sinfin 
						şagirdləridirlər.  
						
						Onu da demək istəyirəm ki, Heydər Əliyev Fondu 
						tərəfindən həyata keçirilən Azərbaycanın internat 
						məktəbləri və uşaq evlərinin inkişaf proqramı məhz sizin 
						məktəbinizdən başladı. Sizin məktəbiniz ilk məktəb idi. 
						Ondan sonra onlarla məktəb yenidən quruldu, təmir 
						olundu. Buna görə mən hər il bu bayram ərəfəsində 
						sizinlə bir yerdə olmağa çox şadam. Çox şadam ki, 
						balalarımız gözəl təhsil alır, böyüyürlər. Çox şadam ki, 
						belə yaxşı şəraitdə təhsil alırsınız. Onu da demək 
						istəyirəm ki, mən hər zaman sizinlə görüşə xoş 
						duyğularla gəlirəm. 
						
						Sonra şagirdlərə Heydər Əliyev Fondunun bayram 
						hədiyyələri təqdim edildi.  
						
						Azərbaycanın birinci xanımı məktəbin sinif otaqlarına da 
						baxdı, cari təmir işlərinin aparılması ilə bağlı müvafiq 
						tövsiyələrini verdi. 
						
						1927-ci ildə istifadəyə verilən məktəb 2003-cü ildə 
						Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunaraq 
						yenidən qurulmuşdur. İkimərtəbəli bina bütün avadanlıqla 
						təchiz edilmişdir. Hazırda xüsusi məktəbdə təhsil alan 
						920 şagirdin təlim-tərbiyəsi ilə 250 pedaqoq məşğul 
						olur. Bu şagirdlərin 140-ı məktəblə daimi təmasdadır, 
						digərləri isə təhsillərini ev şəraitində davam 
						etdirirlər.  
						
						
						AzərTAc |