Parisdə Fransanın Dövlət Şərq Dilləri və Mədəniyyətləri
İnstitutunun (İNALCO) yeni binasının rəsmi açılışı
olmuşdur.
AzərTAc xəbər verir ki, açılışda Fransanın təhsil naziri
Jönövyev Fyorazo, Parisin meri və Paris regionunun
prezidenti iştirak etmişlər. Jönövyev Fyorazonun gəlişi
zamanı İNALCO-da dərslər dayandırılmış və nazirə
multimedialardan istifadə edən dərs nümunəsi kimi yalnız
bir dərs təqdim edilmişdir. İNALCO-nun prezidenti Jak
Leqranın təklifi ilə Azərbaycan dili dərsi nümunə
seçilmişdir. Fransanın Dövlət Şərq Dilləri və
Mədəniyyətləri İnstitutunun müəllimi Aygün Eyyubova
tərəfindən keçilən bu dərsdə nazir Jönövyev Fyorazo,
İNALCO-nun prezidenti Jak Leqran və digər rəsmi qonaqlar
iştirak etmişlər.
Azərbaycan mədəniyyətinə həsr edilmiş bu dərsdə
A.Eyyubova Azərbaycan musiqisinin müxtəlif janrlarından
bəhs etmiş, onların hər birindən videonümunələr, o
cümlədən "Qarabağ şikəstəsi"ni səsləndirmişdir. Dərsdə
multimedia vasitələrindən geniş istifadə nazirin
diqqətini xüsusilə cəlb etmişdir. Nazir Azərbaycan
dilinin və mədəniyyətinin tədrisinə maraq göstərmiş,
müəllimin tədrisdə yeni informatika texnologiyalarından
geniş istifadə etməsini yüksək qiymətləndirmişdir.
Martın 5-də İNALCO-da Azərbaycan dili tədrisinin 14 ili
tamam olmuşdur. Heydər Əliyev Fondunun və Azərbaycanın
Fransadakı səfirliyinin dəstəyi sayəsində İNALCO-da
Azərbaycan dili və mədəniyyəti tədrisi son illərdə xeyli
genişlənmiş, Azərbaycan dilinin öz diplomları təsis
edilmişdir. |