İdmançılarımız
parlaq qələbələri ilə hamımızı sevindirir və ölkəmizi
beynəlxalq turnirlərdə layiqli təmsil edirlər. Belə
idmançılarımızdan biri də Anar Kərimlidir. Bu yaxınlarda
redaksiyamızın qonağı olan Anar əldə etdiyi yeni
qələbəsi haqqında danışdı. Bildirdi ki, 2013-cü il
fevralın 2-də Rusiya Federasiyasının paytaxtı Moskva
şəhərində 35-ə yaxın ölkənin iştirakı ilə keçirilən
beynəlxalq turnirdə ölkəmizi təmsil edib.
O, Rusiya idmançısını 8:3 hesabı ilə, Ukrayna
idmançısını isə vaxtından əvvəl məğlub edib. Finalda
Dağıstan idmançısı Anarın döyüşlərindən qorxduğu üçün
yarışdan imtina edib. Gənc idmançımız beynəlxalq
turnirdən alnıaçıq Vətənə dönüb.
Anar 1998-ci ildə anadan olub. Zəngilan rayonu 29
nömrəli tam orta məktəbin X sinif şagirdi olan Anar
idmanın karate növü ilə 13 yaşından məşğul olmağa
başlayıb. Paytaxtın Xətai rayonunda yerləşən "Araz"
idman klubunda idmanın karate növü ilə məşğul olan Anar
Kərimli qısa müddət ərzində məşqçi-müəllimlərinin
etimadını doğrultmuş və respublikamızda keçirilən
yarışlara qatılmışdır. Anarın məşqçi-müəllimi ölkəmizi
beynəlxalq arenalarda layiqincə təmsil edən təcrübəli
idman ustası, dəfələrlə dünya və Avropa çempionu Siyavuş
Bayramovdur.
Anar Kərimlinin idman karyerasına nəzər saldıqda bir
neçə yarışların qalibi olduğunu görmək olar. Belə ki,
o, 2011-ci ildə Bakıda idmanın karate-do növü üzrə
yeniyetmələr arasında keçirilən yarışda II yeri, elə
həmin il İran İslam Respublikasının Ərdəbil şəhərində
keçirilən beynəlxalq turnirdə isə III yeri tutmuşdur. Bu
yarışlardan sonra özündə inam hiss edən gənc idmançımız
Anar 2011-ci ilin oktyabrında karate-kontak üzrə
yeniyetmələr arasında keçirilən respublika çempionatının
qalibi olmuş, həmin ilin dekabr ayında isə Sumqayıtda
karate-do federasiyasının keçirdiyi XVII Azərbaycan
çempionatında qızıl medala layiq görülmüşdür. Təsadüfi
deyil ki, bu uğurları nəticəsində Anar Kərimli "Araz"
idman klubu tərəfindən 2011-ci ilin "Ən güclü idmançısı"
adına layiq görülmüşdür. Qeyd edək ki, Anar Kərimli bu
uğurları ilə yanaşı, bir çox kiçik yarış və turnirlərdə
də öz qüvvəsini sınayaraq yüksək nəticələr əldə
etmişdir. Anar Kərimlinin ən böyük uğurlarından biri isə
2012-ci ilin fevral ayında yenidən İran İslam
Respublikasında yeniyetmələr arasında keçirilən
karate-kontak üzrə beynəlxalq turnirdə II yeri
tutmasıdır.
Əzmkarlıq və çalışqanlığı ilə seçilən Anar Kərimli
qazandığı uğurlarına görə ötən ilin dekabr ayında Karate
Federasiyasının göy kəmərinə layiq görülərək diplomla
təltif edilmişdir. Bundan başqa, Anar Zəngilan Rayon
İcra Hakimiyyəti və müxtəlif təşkilatlar tərəfindən
diplomlarla təltif edilib.
Anar Kərimlinin dediklərindən: Respublikamızda idmanla
məşgul olmaq üçün dövlətimiz hər cür şərait yaradıb. Biz
yeniyetmələr yaradılan şəraitdən maksimum istifadə
etməliyik. Hər bir idmançı kimi mənim də arzum ölkəmizin
idman şərəfini qoruyaraq beynəlxalq arenalarda
bayrağımızı qaldırmaq və himnimizi səsləndirməkdir.
Bunun üçün var qüvvəmlə çalışıram. Bütün bunların
öhdəsindən gələcəyimə inanıram. Bu işdə mənə dəstək olan
hər bir kəsə, xüsusən də müəllimlərimə minnətdarlığımı
bildirirəm.
Rəşad ZİYADOV |