Azərbaycan
ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan
M.F.Axundzadənin 200 illik yubileyi ilə əlaqədar təhsil
müəssisələrində silsilə tədbirlər keçirilir.
Belə tədbirlərdən biri də Bakının Xocasən qəsəbəsindəki
103 nömrəli tam orta məktəbdə keçirildi. Tədbirə
başlamazdan əvvəl qonaqlar M.F.Axundzadənin 200 illik
yubileyinə həsr olunmuş fotostendlərə baxıb,
dramaturqun əsərləri ilə yaxından tanış oldular.
Məktəbin direktoru Yusif Alməmmədov qonaqları
salamlayaraq tədbirin tərbiyəvi əhəmiyyətindən danışdı.
Çıxış üçün ilk söz alan tədbirin təşkilatçısı,
Azərbaycan dili və ədəbiyyat müəllimi Sevinc Əhmədova
bildirdi ki, M.F.Axundzadə Azərbaycan ədəbiyyatında yeni
bir eranın başlanğıcını qoymuşdur. O, ictimai
maarifçilik hərəkatının ideoloqu, əlifba islahatçısı,
Azərbaycan dramaturgiyasının və yeni tipli bədii nəsrin
banisidir.
Çıxış edənlər qeyd etdilər ki, M.F.Axundzadə bədii
yaradıcılığa lirik şeirlə başlasa da, ədəbiyyat
tariximizdə daha çox dramaturq kimi məşhurlaşmışdır.
Sonra IX "a" sinif şagirdləri dramaturqun
"Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli
şah caduküni-məşhur" komediyasının tamaşasını nümayiş
etdirdilər. Tamaşada şagirdlərdən Əsmər Kərimzadə,
Hüseyn Dadaşov, Ceyran Şahkərəmova, Mehmet Salamlı, Fuad
Əlizadə və başqaları komediyadakı rolları böyük
ustalıqla oynadılar.
Məktəbin V "b" sinif şagirdi Rəşad Əlizadənin
müşayiəti ilə sinif yoldaşı Sənan Əlizadə "Mehriban
olaq" və "Qarabağ şikəstəsi" mahnılarını məharətlə
oxudu.
Sonda Yusif Alməmmədov tədbirin hazırlanmasında zəhməti
olanlara öz minnətdarlığını bildirdi və Binəqədi rayonu
üzrə 32 məktəb arasında riyaziyyatdan keçirilən
olimpiadada I yeri tutan VIII "a" sinif şagirdlərindən
Nuridə Səfərovaya və Arifşah Quliyevə fəxri fərman
təqdim etdi.
Şakir CƏFƏROV |