Amerikalı
nobelçi alim ətraf aləmin dərk olunması mexanizmini
açıb
Uzun illər ərzində insan hüceyrələrinin ətraf aləmi necə
hiss etməsi bir tapmaca olaraq qalıb. Alimlər bu suala
cavab axtarıblar. Ötən əsrin əvvəllərində elmin müxtəlif
sahələrində parlaq elmi kəşflərin baş verdiyi dövrdə bu
məsələ də zaman-zaman gündəmə gəlib. Lakin elmi-texniki
tərəqqinin son nailiyyətləri ətraf aləmin dərk olunması
mexanizmini açmaqda gücsüz olub. XX əsrin 70-ci
illərində Amerika bioloqu, Kaliforniya Universitetinin
məzunu, elmi dairələrdə əsasən tibb sahəsində
araşdırmaları ilə tanınmağa başlayan, daha çox
kardiologiya üzrə özünü göstərə bilən Robert Lefkoviç
elmi karyerasının tam 40 ilini bu suallara cavab tapmağa
sərf edib: Necə olur ki, insan işığı, əşyaların rəngini,
ətrini hiss edə bilir? İybilmə necə baş verir? 1970-ci
ildən başlayan araşdırmalar R.Lefkoviçi müəmmalı
tapmacanın həllinə gətirib və o, 2012-ci ilin
oktyabrında həmkarı, amerikalı tibb professoru Brayan
Kobilka ilə birlikdə canlı hüceyrə reseptorlarının
(G-protein cütləri reseptorları) öyrənilməsi sahəsində
tədqiqatlara görə kimya sahəsində Nobel mükafatına
layiq görülüb. Müasirimiz, hazırda Amerikanın Dyuk
Universitetində çalışan Robert Lefkoviçin əməksevərliyi
və dərin zəkası ona dünya şöhrəti qazandırıb.
Uşaqlıq
və universitet illəri
Robert Lefkoviç 1943-cü il aprelin 15-də Amerikanın
Nyu-York şəhərində Maks və Roza Lefkoviçlərin ailəsində
anadan olub. Robert ailənin tək uşağı olub. Onun
valideynləri Polşadan ABŞ-a köçmüş yəhudi miqrantlardan
olub. Maks Lefkoviç Nyu-Yorkda yerli tikiş fabrikində
mühasib işləyib. Ailənin yeganə övladı olduğundan
valideynləri tərəfindən hərtərəfli qayğı ilə əhatə
olunan Robert uşaqlıqdan mütaliə həvəskarı olub və
valideynlərinin oxuduqları kitablara güclü maraq
göstərib. Oğlunu çox sevən Maks Lefkoviç onun üçün hər
şeyi edib. İntellektual cəhətdən həmyaşıdlarından üstün
olan Bob (Roberti yaxınları belə adlandırırlar) idmanda
fərqlənə bilməyib. Anası olduqca tələbkar olub. O, tələb
olunan qaydada esse yazması üçün oğlunu təkrar-təkrar
karandaş və dəftərlə baş-başa qoyub. Bir sıra yaşıdları
kimi Bob da beysbola maraq göstərib. Lakin kifayət qədər
zirək, cəld olmadığından bu idman növünə marağı azalıb.
7 yaşında o, fortepiano dərslərini alıb. Hələ üçüncü
sinifdə oxuyarkən həkim olmağa qərar verib. Atası
1955-ci ildə infarkt keçirəndən sonra Robert
kardiologiya sahəsini ixtisas kimi seçib.
"Valideynlərim
məni həkim görmək istəyirdilər. Mən özüm də üçüncü
sinifdən kardioloq olmağa can atırdım. Lakin praktik
həkim olmaq mənə nəsib olmadı. Mən laboratoriya
tədqiqatçısı oldum", - deyə alim müsahibələrinin birində
bildirirdi.
Robert Lefkoviç ilk təhsilini Kolumbiya Universitetinin
kollecində alıb. 1962-ci ildə incəsənət bakalavrı elmi
dərəcəsi alıb. 1966-cı ildə Kolumbiya Universitetində
terapevtlər və cərrahlar Kollecini bitirib. Həmin
kollecdə birillik internatura və ordinatura keçdikdən
sonra 1968-1970-ci illərdə Milli Səhiyyə İnstitutunda
elmi əməkdaş kimi çalışıb. 1970-1973-cü illərdə Lefkoviç
Massaçusets xəstəxanasında həkim işləyib. O, burada
ordinaturanı və ürək-damar xəstəlikləri sahəsində
kliniki hazırlıq kursu keçib. 1973-cü ildə Dyuk
Universitetinin adyunkt-professoru və biokimya üzrə baş
müəllim vəzifəsinə təyin olunub. 1977-ci ildə tibb
professoru elmi adı alan Lefkoviç eyni zamanda biokimya
professoru kimi fəaliyyətini davam etdirib. 1973-1976-cı
illərdə Amerika ürək xəstəlikləri assosiasiyasında
tədqiqatlar aparıb. 1976-cı ildən isə Lefkoviç Hovard
Xyuz Tibb İnstitutunun əməkdaşıdır.
Həkimliyi
kimyaya dəyişib
Qəribə olsa da Lefkoviç ümumiyyətlə elmlə məşğul olmağa
hazırlaşmayıb. Hələ üçüncü sinifdə oxuyan zaman həkim
olmağa qərar verib. O, Kolumbiya Universitetinin tibb
fakültəsinə daxil olub və oranı "əla" qiymətlərlə
bitirib. Cəmi iki il həkim işlədikdən sonra o vaxt üçün
yeni elm sahəsi - reseptorlar biologiyası ilə
maraqlanıb.
1970-ci ildə Lefkoviç iki nüfuzlu Proceedings of the
National Academy of Sciences (PNAS) və Science
jurnallarında aktiv reseptorların kəşfinə dair məqalə
dərc etdirir. Bu uğur ona tədqiqatçılıq işində yeni ruh
verir. Nəticədə onu Şimali Karolina ştatındakı Dyuk
Universitetinə dəvət edirlər. O, burada yeni biokimya
laboratoriyasını və öz tədqiqatçı komandasını yaradır.
Onun həkim olmayacağı artıq bəlli idi, lakin o, bununla
belə ürək xəstəliklərinin müalicəsi üzrə səylərini davam
etdirirdi.
10 il sonra isə bioloq-alim Brayan Kobilka bu
laboratoriyaya gəlib. Laboratoriyada ilk dəfə G-zülallı
GPCR (G-protein-coupled receptors, GPCR) reseptorları
ayırd edilib. Brayan Kobilka bu reseptoru kodlaşdıran
gen kəşf edib. Daha sonra görkəmli kristalloqraflarla
birlikdə bu genin sahə strukturunu şərh edib. Alimlər
canlı hüceyrələr daxilində bioloji siqnalların
ötürülməsində istirak edən universal molekulların
fəaliyyətini öyrəniblər. Lefkoviç və Kobilka müəyyən
ediblər ki, müxtəlif reseptor qrupları ətraf mühitin
dəyisməsinə, dərman vasitələrinin daxil edilməsinə və
digər stimullara reaksiya verir. Əvvəllər isə canlı
reseptorların iş prinsipi məlum deyildi. Hazırda 1000-ə
yaxın bu cür reseptorlar mövcuddur. Lefkoviçin
laboratoriyası görkəmli biokimyaçıların, fantastik
insanların laboratoriyasıdır. Bu laboratoriyada
tədqiqatçılar hüceyrələrdə mümkün olan bütün
eksperimentləri aparıblar. Onlar genlərə təsir edir,
reseptorlar əldə edir və onların funksiyalarını tədqiq
edirdilər. Reseptorları kəşf etməklə yanaşı alimlər
onların bütün iş siklini - aktivləşmə, dezaktivasiya,
fosforlaşma, hüceyrədaxili ötürməni öyrənirdilər.
Robert Lefkoviç reseptorlar və onların funksiyalarına
dair 800-dən artıq elmi məqalə yazıb. Son vaxtlar
transgen siçovulların gündəmə gəlməsi ilə bu
tədqiqatların heyvanlar üzərində davam etdirilməsi
imkanları yaranıb. R.Lefkoviç işlədiyi müddət ərzində
200-dən artıq elmi işçi hazırlayıb.
Kimya
üzrə Nobel mükafatı tibb professorlarına verildi
2012-ci il oktyabrın 10-da Nobel Mükafatları Komitəsi
kimya üzrə ali elmi mükafatına amerikalı tibb
professorları Robert Lefkoviç və Brayan Kobilkanı layiq
gördü. Nobel komitəsinin bu münasibətlə açıqlamasında
qeyd olunurdu: "İnsan bədəni dəqiq köklənmiş
mexanizmdir. Onun fəaliyyəti orqanizmi təşkil edən
milyardlarla hüceyrələrin qarşılıqlı təsiri ilə müəyyən
olunur. Hər bir hüceyrə kiçicik reseptorlarla təchiz
olunub, onun köməyi ilə o, ətraf mühiti "hiss edir".
Onların verdiyi siqnalları emal etməklə dəyişən şəraitə
adaptasiya olunur. Robert Lefkoviç və Brayan Kobilka
elmin əsasını təşkil edən kəşfə imza atıblar, onlar bu
reseptorların ən vacib sinfinin - G-zülallı
reseptorların necə işlədiyini izah ediblər". Uzun illər
ərzində alimlər üçün bu hüceyrələrin ətraf mühiti necə
hiss etmələri sirr olub. Məlum olmuşdu ki, adrenalin
kimi hormonlar son dərəcədə fövqəladə dəyişikliklərə
səbəb olur: qan təzyiqi artır, ürək daha sürətlə
döyünür. Buna müvafiq olaraq alimlər belə fərz ediblər
ki, hüceyrələrin səthi hormonlardan gələn siqnalları
qəbul edən hansısa qurğu ilə təchiz olunub. Lakin bu
reseptorların nədən ibarət olması və onların necə
işləməsini alimlər müəyyən edə bilməmişdilər. 1968-ci
ildə Robert Lefkoviç hüceyrə reseptorlarının izinə
düşmək üçün radioaktivlik hadisəsindən istifadə etməyə
başlayıb. Alim müxtəlif hormonları radioaktiv yod
izotopları ilə hədəfə alaraq bununla da onların
hərəkətini izləyib. O, hüceyrələrin səthində bir neçə
reseptor və onların da arasında beta-adrenoreseptoru
tapıb. Onun rəhbərliyi altında bir qrup tədqiqatçı
hüceyrə divarından reseptor əldə etməyə və onun necə
işləməsinə dair ilk məlumat əldə etməyə nail olub. İlk
böyük addım 1980-ci ildə atıldı. Robert Lefkoviçin
laboratoriyasında yenicə işləməyə başlayan Brayan
Kobilka beta-adrenoreseptoru kodlaşdıran geni müəyyən
edə bilib. Genin işini tədqiq edən alimlər müəyyən
ediblər ki, onun iş mexanizmi gözdə olan işığa həssas
reseptorların işləməsinə bənzəyir. Onlar başa düşüblər
ki, reseptorların oxşar quruluşlu və oxşar iş
mexanizminə malik bütöv bir ailəsi mövcuddur. Bu gün bu
ailəni G-zülallarla bağlanmış reseptorlar
adlandırırlar. Bu reseptorlar minə yaxın gen
kodlaşdırır və onlar işıq, iy, adrenalin, qistamin,
dofamin və serotoninin tanınmasına görə məsuliyyət
daşıyırlar. Demək olar ki, istifadə etdiyimiz dərman
preparatlarının tam yarısı G-zülalla bağlı olan
reseptorlara təsir etməklə işləyir. Lefkoviç və
Kobilkanın tədqiqatları bu reseptorların işinin başlıca
məsələlərinə cavab verib.
Bir
haşiyə:
Reseptorların işini daha yaxşı aydınlaşdırmaq üçün
Nobel komitəsinin nümayəndəsi bir fincan kofe xahiş
edib və onu içdikdən sonra üzünü salondakılara tutaraq
bəyan edib: "Bu reseptorlar, serpentin sayəsində mən bu
gözəl fincana baxaraq kofenin ətrini hiss edə bilərəm.
Mən öz bədənimdə və ətrafda nələrin baş verdiyini
anlaya bilərəm. Mənim orqanizmimin hüceyrə pərdəsindən
minlərlə siqnallar keçir".
Gözlənilməz
mükafat
Nobel mükafatı onun üçün gözlənilməz olub. Buna onun
əməkdaşları da inanmayıblar. Daha dəqiq desək, onlar
inanmaq ümidini itirmişdilər. Lakin vəziyyət tamamilə
izaholunandır: kəşf olduqca əhəmiyyətlidir. Bu gün
istehsal olunan dərmanların 40 faizi reseptorlarn
təsirinə əsaslanıb. Bu isə R.Lefkoviçin işlərinin
əhəmiyyəti və miqyasını göstərir. O, farmakologiya
sahəsində çox tanınmış alimdir. R.Lefkoviç bir çox
şirkətlərə məsləhətlər verir, onun özünün də kompaniyası
var. Nobel mükafatına qədər o, mümkün olan bütün
mükafatları - Şou mükafatı, Lasker mükafatı alıb. Onun
böyük kabinetinin divarında yeni mükafatlar lövhəsini
asmağa yer yoxdur. Lefkoviç ali elmi mükafata layiq
görülməsi barədə xəbəri evdə alıb. İsveç Kral Elmlər
Akademiyasından gələn zəngi Lefkoviç səhər saat 6-da
qəbul edib. "Mən çox həyəcanlı idim. Yatırdım, birdən
zəng gəldi. Mən zəngi eşitmədim. Adətən mən yatanda
qulaqlarıma tıxac taxıram. Yoldaşım məni dirsəyi ilə
dümsükləyərək "sənə kimsə zəng edir" dedi. O zaman mən
telefonun dəstəyini əlimə aldım, mənim üçün əsl sürpriz
oldu, bu xəbəri mən heç gözləmirdim. Mən hələ heç kimə
xəbər verməmişəm. Bu gün saçlarımı vurdurmağa
gedəcəkdim. Lakin deyəsən, mən bunu təxirə salmalı
olacam", - deyə alim sürpriz xəbərdən sonra Nobel
mükafatı komitəsinin saytına verdiyi ilk müsahibədə
bildirib. Robert Lefkoviç müsahibəsində Nobel
mükafatını gözləmədiyini deyib: "Mən mükafatı
uzunmüddətli perspektivdə gözləyirdim. Düşünürdüm ki,
hələ sakitcə yata bilərəm".
Qeyd edək ki, 2012-ci ildə kimya üzrə Nobel mükafatına
kvant nöqtələrinin - kolloid yarımkeçirici
nanokristalların kəşfinə görə Kolumbiya Universitetinin
professoru Luis Bryusun namizədliyi göstərilirdi. Bu
kristallardan həm lyuminofor və həm də kvant
kompüterlərinin elementi kimi istifadə oluna bilər.
Bryus yeri gəlmişkən, 2008-ci ildə yaponiyalı Sumio
İdzimo ilə birlikdə nüfuzlu Kvali mükafatını alıb. Kvali
Nobel mükafatının müjdəçisi hesab olunur. Digər namizəd
kimi Tokio Universitetinin prezidenti Akira Fudzisimanın
adı çəkilirdi. O, titan dioksidin fotokatalitik
xassəsini kəşf edib. Alimin 1967-ci ildə namizədlik
dissertasiyasını işləyərkən etdiyi bu kəşfin fövqəladə
əhəmiyyətli nəticələri var. Titan dioksidin
özünütəmizləmə qabiliyyəti keramikada inqilab edib, şüşə
hazırlanmasında (öz-özünü təmizləyən şüşə) və sənayenin
digər sahələrində geniş tətbiq olunur. Titan dioksid
vasitəsi ilə kondissionerlərdə hava təmizlənməsi də bu
prinsipə əsaslanıb.
Qayğıkeş müəllim, səmimi insan
Robert Lefkoviç olduqca müsbət, səmimi, şən və maraqlı
insandır. O, tabeliyində olan bütün əməkdaşları ilə
səmimi münasibətini bütün iş prosesində qoruyub saxlaya
bilir. Bu, onun özünəməxsus stilidir. O, həmişə özünü
gülümsər, sakit, təmkinli aparır. Lakin bununla da ciddi
tələbkarlıq atmosferi yaradır. Laboratoriyada həftəlik
seminarlar keçirilir. Hər dəfə əməkdaşlardan biri
seminarda hesabat məruzəsi ilə çıxış edir. Hər həftənin
çərşənbə günü səhər keçirilən yığıncaqda görülmüş
işlərin nəticələrinin müzakirəsi aparılır. "Heç kim sənə
deyə bilməz ki, pis məruzə etmisən. Bütün insanlar
mehribanlıqla sənə qulaq asırlar. Lakin seminarda
Lefkoviçin olması hər bir iştirakçını məsuliyyətli
olmağa məcbur edir. Onun müzakirədə iştirakı hamı üçün
çox sərt stresdir", - deyən şagirdləri hesab edirlər ki,
Robert Lefkoviç elmi mənada dahi insandır.
Robert Lefkoviç öz tələbələrinə xüsusi qayğı ilə
yanaşır. O, hər zaman öz tələbələrinin problemləri ilə
maraqlanır. Onların sayı isə olduqca çoxdur. 10 il
əvvəl alimin 60 illiyində iştirak etmək üçün dünyanın
hər yerindən onun 300-ə yaxın tələbəsi gəlib. Onların
əksəriyyəti professordur, onlardan 40 nəfəri kafedra
rəhbəridir. Lefkoviç onlara hərtərəfli dəstək göstərir,
hər sahədə kömək edir, onlar barədə tövsiyə məktubları
yazır.
"Bir dəfə tabeliyində olan tədqiqatçılardan biri eyni
zamanda həm infarkt, həm də insult keçirib. O, hazırda
tam sağalıb, Dyuk Universitetinin professorudur. Lakin
onun vəziyyəti olduqca kritik idi. Robert Lefkoviç hər
gün ona baş çəkər, onu dəstəkləyər, onunla söhbətlər
edər və zarafatlaşardı. Təsəvvür edin ki, onun
qarşısındakı xəstə danışa bilmir, sağalıb ayağa
duracağını bilmir. R.Lefkoviç isə onunla sanki heç bir
şey olmayıbmış kimi danışır: "Salam, xəbərin var ki, bu
gün çərşənbədir, seminarımız var, nəyə görə seminarı
buraxmısan?". Və gənc xəstə gülür. Robert Lefkoviç, bax
belə insandır, nikbindir",-deyə alimin tələbələrindən
İtaliya Texnologiya İnstitutunun neyro və beyin
texnologiyası departamentinin aparıcı tədqiqatçısı Ravil
Qaynutdinov bildirib.
Robert Lefkoviç, hər şeydən əvvəl, alimdir, nə
administrator, nə də funksionerdir. O, çox təvazökar
insandır, heç vaxt siyasətə qarışmır, heç vaxt direktor,
kafedra müdiri olmayıb. Lakin o, böyük nüfuz sahibidir,
onunla hesablaşırlar, universitet rəhbərliyinin seçimi
komitəsində təmsil olunur. İdarəçilikdə çalışanların
çoxu onun tərəfindən vəzifələrə təyin olunub. O, özü heç
vaxt administrativ işlərlə məşğul olmaq istəmir və bütün
diqqətini yalnız elmə yönəldib. O, güclü tədqiqatçılıq
ehtirası ilə mürəkkəb bioloji proseslərin mahiyyətini
anlamağa və təhlil etməyə çalışır. Bunu tələbələrindən
də tələb edir.
"Nəticələr, mənim nəticələrə ehtiyacım var, kimdə
nəticələr var? Mənim ofisimə heç kimin nəticəsiz
gəlməsini istəmirəm", -deyə Lefkoviç tələbələrindən və
həmkarlarından elmi araşdırmaların gedişinə dair konkret
nəticələr gözləyir.
"Bizə reseptorların işini anlamaq vacibdir"
Robert Lefkoviçin əldə etdiyi nəticələr bir sıra ağır
xəstəliklərin müalicəsində həlledici əhəmiyyətə malik
olan effektiv dərmanların işlənib hazırlanmasına kömək
edə bilər. Həmkarları qeyd edirlər ki, Lefkoviç və
Kobilka hüceyrə reseptorlarının tədqiqi sahəsində əsl
inqilab ediblər. Serpentinlərin öyrənilməsi sahəsində
tədqiqatlar xərçəng şişlərinin əmələ gəlməsi və
inkişafına yol açan prosesləri başa düşmək üçün olduqca
əhəmiyyətlidir. İnsanları xəstəliklərdən müalicə etmək
üçün orqanizmdə gedən maddələr prosesini, bundan ötrü
isə reseptorların xassələrini bilmək vacibdir.
G-zülallı reseptorlar, artıq məlum olduğu kimi, böyük
miqdarda dərman preparatlarının yaradılması üçün
vacibdir. Alim bunun səbəbini belə izah edir: "Bunun
üçün çoxsaylı faktorlar var. Birincisi, bizim
orqanizmimizdə böyük miqdarda belə reseptorlar var,
onlar hüceyrəyə giriş "qapısı" rolunu oynayırlar. Bu cür
reseptorlar çox vacibdir, çünki onlar orqanizmdə
praktik olaraq bütün fizioloji proseslərin
nizamlanmasında iştirak edirlər. İnsan xəstələnəndə biz
həkimlərə müxtəlif maddələr və hormonların, məsələn,
dofaminin fəaliyyətini idarə etmək lazımdır. Bundan ötrü
isə bizə reseptorların işini anlamaq vacibdir". Alimin
sözlərinə görə, tədqiq etdikləri reseptorlar insana
soyuğa və istiyə qarşı reaksiya göstərməyə imkan verir,
emosiyaları tənzimləyir, orqanizmdə bütün fizioloji
proseslərin nizamlanmasında iştirak edir.
Bu gün Robert Lefkoviç bütün dünyada biologiya,
biokimya, farmakologiya, toksikologiya və klinik təbabət
sahəsində ən çox sitatgətirilən müəlliflərdən biridir.
Robert Lefkoviçin dəfələrlə elmi mükafatlar aldığı bu
reseptorlardan əlavə nə qədər elmi ideyaları olub.
Robert Lefkoviç 5 uşaq (oğlanları Devid, Noa, Coşua,
qızları Mara və Şeril) atası və 5 nəvənin babasıdır.
Müasir təbabətin və biotibbi araşdırmaların ən görkəmli
nümayəndələrindən olan Robert Lefkoviç hazırda Şimali
Karolina ştatının Darem şəhərindəki Dyuk Universitetinin
Tibb mərkəzində çalışır. Robert Lefkoviç Nobel
mükafatına qədər Qayrdner beynəlxalq mükafatı (1999),
"Bristol-Mayers-Skuibb" korporasiyasının mükafatı
(1992), Cessi-Stivenson-Kovalenko medalı (2001),
Olbani Tibb Mərkəzinin mükafatı (2007), ABŞ-ın milli elm
medalı (2007), Amerika ürək assosiasiyasının mükafatı
(2009), biotibb sahəsində BBVA mükafatı (2009) alıb.
Hazırladı: Oruc MUSTAFAYEV |