Mövzu:
Yarımçıq qalmış tikmə
Standart: 3.1.1 3.2.1
Məqsəd: Şagird:
1.Sərgilərin əhəmiyyətini izah edir;
2.Sənət nümunələrini sadə şəkildə şərh edir.
İnteqrasiya: Texnologiya 1.3.2, 1.3.4,
Təsviri incəsənət 1.1.1, 1.1.2.
Dərsin gedişi:
Motivasiya:
Sinfin bir guşəsində müxtəlif tikmələrə aid əl
işlərindən ibarət sərgi nümayiş olunur. Müəllim sərgini
şagirdlərə göstərib sual verir:
M.:
- Uşaqlar, sərgidə nümayiş olunan əl işlərini necə
adlandırmaq olar?
Ş.: - Tikmələr
Sonra üstündə iynə olan naxışlı bir əl işini də uşaqlara
göstərib soruşur:
M.: - Sizcə, mən bu tikməni niyə sərgiyə qoymamışam?
Ş.: - Çünki bu tikmə tamamlanmayıb, başqa sözlə,
yarımçıqdır.
Elə buradaca yeni mövzu elan edilir.
M.: Bugünkü mövzumuz da məhz belə adlanır: "Yarımçıq
qalmış tikmə".
Sonra müəllim müsahibəni davam etdirir:
M.:
- Hansı sərgiləri təşkil etmək olar və siz bunlardan
hansında olmusunuz?
Ş.: - Rəsm sərgisi, əl işlərindən ibarət sərgi və s.
M.: - Onda gəlin ekrana diqqətlə baxaq və "hansı
sərgiləri təşkil etmək olar" sualına daha ətraflı cavab
tapaq.
Sonra ekranda güllərdən hazırlanmış əl işlərinin
sərgisi, maşın sərgisi, yeni geyimlərin (moda) sərgisi,
kitab sərgisi, xalça sərgisi, rəsm sərgisi nümayiş
olunur.
Şagirdlər həmin sərgiləri nümayiş etdirən slaydlara
baxdıqdan sonra müəllim tədqiqat sualını
müəyyənləşdirir.
Tədqiqat sualı:
Sərgilərin keçirilməsinin əhəmiyyəti nədir?
Daha sonra müəllim şagirdlərə müraciət edərək soruşur:
M.: Tikmələr haqqında nə bilirsiniz? Hansı texnika ilə
işlənmiş əl işlərini görmüsünüz?
Uşaqlar fikirlərini bildirir. Sonra müəllim əsrlər boyu
qadınların sevimli məşğuliyyəti olmuş tikmə sənəti
haqqında məlumat verir.
Şagirdlər bədii tikmənin müxtəlif növləri - təkəlduz,
güləbətin, qurama, basmanaxış, muncuqlu tikiş və s.
haqda da danışırlar.
Daha sonra dərsliklə iş aparılır. Şagirdlər 68-ci
səhifədəki mətni hissə-hissə oxuyurlar. Mətn müzakirə
olunur. Xocalı faciəsi anılır. Şagirdlərdən biri
xəritədə Xocalı şəhərini göstərmək üçün lövhəyə dəvət
edilir. Xocalıda olan itkilər barədə danışılır.
Bundan sonra sinif səbətə yığılmış müxtəlif rəngli
(sarı, yaşıl, qırmızı və göy) saplara uyğun 4 qrupa
bölünür. I qrup - "Buta", II qrup - "İlmə", III qrup -
"Naxış", IV qrup - "Qurama" adlandırılır. Uşaqlar
tədqiqat apardıqdan sonra informasiya mübadiləsi təşkil
olunur. Qiymətləndirmə aparılır. Daha sonra tətbiqetmə
reallaşdırılır. Bunun üçün hər qrupa A4 ölçülü qutular,
başı muncuqlu iynələr və müxtəlif naxışlı lentlər,
butalar, qurama üçün müxtəlif parçalar verilir. Qutulara
üzərinə parça çəkilmiş qubka qoyulur ki, uşaqlar
verilmiş tapşırığı asanlıqla yerinə yetirə bilsinlər.
Tapşırıq isə belə olur: Hər bir qrup sinifdə təşkil
olunmuş sərgi üçün əl işi hazırlamalıdır. Şagirdlər
verilmiş lentləri, butaları, kiçik ölçülü parçaları
iynələrin köməyi ilə qutulara bərkitməli, simmetriyanı
gözləməklə müxtəlif naxışlı əl işləri hazırlamalı
olurlar.
Müəllim uşaqların hazırladıqları əl işlərini sərgiyə
qoyur və bir daha tədqiqat sualına qayıdaraq onları
nəticə çıxarmağa yönəldir.
Nəticə:
Sərgilər rəssamın, sənətçinin, məktəblilərin bir növ
hesabatı deməkdir. Bu cür sərgilərin təşkili insana
mənəvi zövq verir, onların dünyagörüşünü artırır. Ona
görə də bu cür sərgiləri tez-tez təşkil etmək lazımdır.
Ev tapşırığı:
Evdə sinif sərgisi üçün Xocalı haqqında material
toplamaq tapşırılır.
Sevinc MƏCİDOVA,
Bakıdakı 164 nömrəli tam orta
məktəbin ibtidai sinif müəllimi, "Ən yaxşı
müəllim" müsabiqəsinin (2012-ci il) qalibi |