Cəmilə
Abasquliyeva 1989-cu ildə Bakıdakı 44 nömrəli tam orta
məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji
Universitetinin ibtidai metodika əlavə musiqi
fakültəsinə qəbul olub. 1994-cü ildə ali məktəbi
fərqlənmə diplomu ilə bitirərək ilk əmək fəaliyyətinə
60 nömrəli tam orta məktəbdə başlayıb. Hazırda həmin
məktəbdə ibtidai sinif müəllimi işləyir. O, pedaqoji
fəaliyyəti elmi-metodik yaradıcılıqla ustalıqla
əlaqələndirən, öz işinə məsuliyyətlə yanaşan
yaradıcı müəllimlərdəndir.
Cəmilə Abasquliyeva həmişə dərs dediyi şagirdlərə
tədris etdiyi fənləri dərindən öyrətmək üçün tədris
prosesində ən müasir təlim metodlarından istifadə edir.
Dərs zamanı interaktiv təlim metodlarını tətbiq etməklə
tədris prosesini maraqlı qurur.
O, şagirdlərin müasir həyata düzgün hazırlanması işinin
öhdəsindən bacarıqla gəlir. Onların təlim-tərbiyəsi
ilə əlaqədar olan problemli məsələlərin həllində
valideynlərin əməyindən düzgün istifadə edə bilir.
Həmçinin şagirdlərin hər birinə fərdi yanaşmağa xüsusi
diqqət yetirir və çalışır ki, dərs prosesində sorğudan
yayınan heç bir şagird olmasın.
Cəmilə Abasquliyeva onu da bildirdi ki, işlədiyi məktəb
elektron - pilot məktəbdir, 2012-ci ildə "Ən yaxşı ümumi
təhsil məktəbi" müsabiqəsinin qalibi olmuşdur ki, bu
uğurların qazanılmasında onun da əməyi az olmamışdır.
Bu gün müəllimliyi həyatının mənası hesab edən Cəmilə
Abasquliyeva şagirdlərlə işləməkdən qətiyyən yorulmur və
ən əsası çətin tərbiyə olunan uşaqlarla daha tez dil
tapmağı bacarır. Deyir ki, hər bir müəllim şagirdin
öyrənməsi üçün bütün imkanlarından istifadə və həyatını
dərs dediyi şagirdlərin təlim-tərbiyəsinə həsr
etməlidir.
Məlum oldu ki, Cəmilə Abasquliyevanı vaxtı ilə dərs
dediyi şagirdləri də heç vaxt unutmurlar və onlar
tutduğu vəzifədən asılı olmayaraq, öz müəllimlərini
böyük məhəbbətlə, minnətdarlıq hissi ilə xatırlayırlar.
Söhbət zamanı məktəbin direktoru Həqiqət Qarayeva
bildirdi ki, Cəmilə müəllimi başqalarından fərqləndirən
ən gözəl cəhətlərdən biri onun müəllim kimi özünə qarşı
ciddi və şagirdlərinin biliyinin
qiymətləndirilməsində isə xüsusi tələbkar olmasıdır.
Çalışır ki, bu baxımdan şagirdlərinin hüququ və
mənəviyyatı əsas tutulsun, pozulmasın.
Təcrübəli pedaqoq Cəmilə Abasquliyeva buna görə də hər
yerdə öz yetirmələri ilə həmişə fəxr edir və şərəfli
müəllimlik işini uğurla davam etdirir. Bilir ki, gənc
nəsli həyata hazırlamaq həm məsuliyyətli, həm də
şərəflidir.
Şakir CƏFƏROV,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü |