Xalqımızın
ən gözəl milli bayramı - Novruz bayramının artıq üçünçü
çərşənbəsini də yola salmışıq. Novruz bayramı haqqında
nə bilirik? Novruz bayramı xalq arasında təzə ili,
baharın ilk gününü qarşılamaq deməkdir. Novruzun gəlişi
ilə təbiətin, həyatın oyanması başlanır. Bu fikrin
təsdiqinə Firdovsinin, Rudakinin, Avitsennanın,
Nizaminin, Sədi Şirazi və Hafiz Şirazinin, Ömər Xəyyamın
əsərlərində, həmçinin "Dədə Qorqud" dastanında da rast
gəlinir. Nizaminin "Siyasətnamə"sində, Xəyyamın
"Novruznamə"sində Novruz bayramı haqqında söhbət
açılır.
Novruz bayramına bir ay qalmış, hər həftənin ikinci
günü su, od,yel, torpaq çərşənbəsi (bəzən Torpaq
çərşənbəsinə Yer çərşənbəsi də deyirlər) adı ilə böyük
şadyanalıqla qeyd edilir, əsl bayramın gəlişinə hazırlıq
görülür. Novruz çərşənbələrinin belə ardıcıllıqla
düzülməsinin mənası budur ki, yəni, dünya əvvəlcə
başdan-başa SU ilə örtülü olub, sonra OD, yəni Günəş
gəlib SUYU buxarlandırmağa başlayıb, YEL BABA isə bu
prosesi daha da sürətləndirib, nəticədə TORPAQ
görünməyə başlayıb. Novruzun tarixi kökləri, ümumiyyətlə
təbiət hadisələrinə söykənir.
Hər bir çərşənbə bayramının öz ritualları, yəni
mərasimləri, ayinləri, öz əyləncələri var.
Su çərşənbəsi adlanan birinci çərşənbə, bir qayda
olaraq, fevral ayının son həftəsindəki çərşənbədə qeyd
edilir. İnanclara görə, bu çərşənbədə sular, su
mənbələri oyanır, hərəkətə gəlir, təzələnir.
Od çərşənbəsinə el arasında "Üsgü" çərşənbə və ya
"Addı çərşənbə" də deyirlər. Həmin gün tonqallar qalanır
və insanlar onun üzərindən atılmaqla, çirkabları,
azar-bezarları sanki oda atıb yandırırlar. Qədimlərdə
Novruz tonqallarını dağların başına çıxıb orada
qalayarlarmış... Od çərçənbəsi ilə bağlı olan adətlər
insanların günəşə, oda olan müqəddəs inamından yaranıb.
Yel çərşənbəsində ən çox işlənən ifadə "Yel əsdirəni
söyməzlər" xalq deyimidir. Yel, külək müqəddəs sayılan
təbiət hadisəsidir.
Torpaq çərşənbəsində, yəni axırıncı çərşənbədə hamı
bir-birilə bayram sevincini paylaşır, ancaq yaxşı
sözlər, ən xoş arzular dilə gətirilir, insanlara
səadət, xoşbəxtlik arzulanır, küsülülər barışır. Özünün
ayrı evi-eşiyi olan böyük övladlar yaşlı
valideynlərinə, kiçiklər böyüklərə, qohumlar, qonşular
bir-birinə baş çəkirlər, qonaq getdikləri evlərə
əllərində bayram sovqatı aparırlar.
Axırıncı çərşənbədə insanlar dünyadan köçən doğmalarının
məzarlarını ziyarət edir, onların xatirələrini adlarını
çəkmədən xoş sözlərlə yad edir, bayram xörəyinə duz
səpəndə onların ruhuna rəhmət diləyirlər.
Novruz bayramına qədər artıq torpaqdakı bitkilər də
canlanır, cücərir, ağaclar tumurcuq açırlar. Bütün
bunlar baharın gəlişindən xəbər verir.
İlaxır çərşənbədə süfrələrə aş, paxlava, şəkərbura,
şirinçörək, şorqoğalı, badambura, dənli bitkilərdən,
əsasən buğdadan qovrulmuş qovurğa, qurudulmuş meyvələr,
xurma, badam, püstə, qoz, fındıq və digər ləziz nemətlər
düzülür.
Novruz süfrəsi üçün hazırlanan xörəyə "S" hərfi ilə
başlanan 7 adda ərzaq az da olsa əlavə edilməlidir:
Su, sarıkök, sumaq, süd, sirkə, səbzə, soğan kimi bu
əlavələrin hər biri rəmzi məna daşıyır. Səməni, səməni
halvası, rəngbərəng boyanmış yumurtalar, al-əlvan
şamlar, müxtəlif çeşidli şirniyyatlar, qurudulmuş
meyvələr, bir sözlə, ən ləziz nemətlər Novruz
xonçasının, Novruz süfrəsinin bəzəyidir.
İnanclara görə bayramda ailənin hər bir üzvünün adına
yumurta boyanmalı, ayrıca şam yandırılmalı, kiçik
güzgülər qoyulmalıdır. Bunların xalq arasında yozumu
belədir: Şam oddur, işıqdır- o, insanları bədnəzərdən
qoruyur, güzgü həm müqəddəs günəş şüalarını özündə əks
etdirən əşyadı, həm də aydınlıq rəmzidi, yumurta isə
bədlik gətirən hər şeyi üzərindən atmağa, kini-küdurəti
içində saxlamamağa işarətdir.
Novruzda səməni göyərtmək məhsuldarlıq, bərəkət
rəmzidir. Novruz süfrəsinin sonunda ailənin böyüyü əlinə
qayçı götürüb: "Səməni, saxla məni, İldə göyərdərəm
səni" deyərək göyərtdiyi səməninin başından bir qədər
qayçılayır. Sonra qayçını evdə özündən kiçiyə ötürür.
Bütün ailənin yaşca ən kiçik üzvünə qədər hamı bu
hərəkəti təkrar edir. Bayramdan bir neçə gün sonra isə
başı qayçılanmış səmənini axar suya atırlar.
Bayramın ilk günü hər kəs mütləq öz evində olmalı, öz
çırağını yandırmalıdır. Hər ailə öz halal süfrəsinin
başına yığışmalıdır. Qohum-əqrəbasına, doğmalarına,
yaxınlarına baş çəkməyə gedənlər də mütləq elə həmin
gün öz evinə, öz ocağına qayıtmalıdır.
Xalq oyunları, nağıllar, hekayələr, dastanlar,
lətifələr, hətta yumorlu məsxərələr Novruzun bayram
çələngidir. Xalq oyunlarından "Xıdır İlyas"
məhsuldarlıq, təbiətin çiçəklənməsi, "Cütçü" mərasimi
torpağı oyatmaq, diksindirib cana gətirmək, "Kos-kosa",
"Meydan" baharın gəlməsi əhvali-ruhiyyəsi və şənlik,
şuxluq, zarafat, məzhəkə ovqatı yaratmaq məqsədi
daşıyan xalq tamaşalarıdır.
İlaxır çərşənbəyə qədər evlərdə, bağ-bağçalarda
təmizlik işləri aparılır, hər yer silinib-süpürülür,
səliqəyə salınır.
Axırıncı çərşənbədə və Novruz bayramı axşamında
evlərin, həyət bacaların hər bir tərəfinə məşəllər
sancılır, ocaqlar qalanır. Çatılan tonqalların şölələri
gecə göy üzünü əsrarəngiz gözəlliyə qərq edir. İnanclara
görə, hər ailə yeddi yerdə ocaq qalamalı, ailənin hər
bir üzvü "Sarılığım sənə, qırmızılığım mənə", həmçinin
"Ağırrığım, uğurruğum burda yansın" deyib, ya yeddi
tonqalın hər birinin üzərindən bir dəfə, ya da bir
tonqalın üzərindən yeddi dəfə keçməlidir.
Novruz bayramından sonrakı ilk dörd gündə təbiət hər
gün bir dona düşür. Bayramın ertəsi gün yaz gününə,
ondan sonrakı gün yaya, üçüncü gün payıza, dördüncü gün
isə qış gününə bənzəyir. Bundan sonra təbiət öz normal
axarına davam edir.
Qarşılayın, bahar müjdəli Novruz gəlir.
Yurdumuza, elimizə, evimizə mehribançılıq, barış,
bərəkət, xoş ovqat gətirən Novruz Bayramımız Mübarək!
Ellada UMUDLU |