Martın
14-də Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) Novruz
bayramı münasibətilə AMİ Tələbə Gənclər Təşkilatı və
Nərimanov rayonu Gənclər və İdman İdarəsi ilə birgə
bayram tədbiri keçirildi.
İlk növbədə, Azərbaycan Müəllimlər İnstitutunun rektoru,
Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlıya və
Nərimanov rayonu Gənclər və İdman İdarəsinin rəisi Nəcəf
Novruzova tədbirin təşkilinə görə təşəkkür bildirildi.
Tədbirdə vurğulandı ki, Novruz milli bayramımız olaraq
uzun əsrlərdən bəri yurdumuzun hər yerində mərasimlərlə
qeyd olunur. Məlumdur ki, sovet dövründə Novruz bayramı
qeyri-rəsmi qeyd olunurdu. Ancaq bütün bunlara
baxmayaraq, əsrlərdən qalmış ənənələrə sadiq olaraq, hər
bir azərbaycanlı ailəsi bu bayramı keçirirdi.
Bildirildi ki, ümummilli lider Heydər Əliyev hər il
Novruz bayramını xalqla qeyd edib, şəhərin mərkəzində
təşkil olunmuş şənliklərdə iştirak edərək onlara xoş
arzularını bildirib. Ulu öndərimizin siyasi kursunun
layiqli davamçısı Prezident cənab İlham Əliyev və
ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyeva bu ənənəni davam etdirir, bu
gözəl bayramı hər il xalqla birgə qeyd edirlər.
Bayram tədbirində qeyd edildi ki, ölkəmiz sürətlə
inkişaf edir, müasirləşir. Eyni zamanda, qədim
ənənələrimiz geniş təbliğ edilir, onların nəsildən-nəslə
keçməsi, ötürülməsi üçün işlər aparılır. Bu baxımdan
Prezident cənab İlham Əliyevin uğurlu daxili və xarici
siyasəti ölkəmizin maddi nemətləri ilə yanaşı,
mədəni-mənəvi dəyərlərimizin də dünyada təbliğ
olunmasına geniş şərait yaradır.
Tədbir boyunca tapmaca, yanıltmac, yumurta döyüşdürməsi,
şəkərbura bəzədilməsi müsabiqələri keçirildi. Qalib
gələn tələbələrə müxtəlif hədiyyələr verildi.
Tədbirdə institutun Tələbə Gənclər Təşkilatının fəal
üzvlərinin institutda papaq atmasını özündə əks etdirən
videoyazı izlənildi. Tədbirdə həmçinin Azərbaycan
Müəllimlər İnstitutunun ölkəmizin müxtəlif regionlarında
fəaliyyət göstərən filiallarının aktiv tələbə
gənclərinin bayram təbriklərindən ibarət videoyazıları
da iştirakçılara nümayiş olundu.
İnstitutda tələbələrin təhsil aldığı 5 ixtisas üzrə
hazırlanmış xonçalar arasında müsabiqə keçirildi və
müsabiqənin qalibi təltif olundu. Xonçaların hər biri
orijinallığı, milliliyi və özünəməxsus yaradıcı yanaşma
ilə fərqlənirdi.
Qeyd edək ki, bəzədilmiş xonçalar tədbirdən sonra
institutun bir qrup müəllim heyəti və tələbə gənclərin
iştirakı ilə Kor və zəif görənlər üçün internat
məktəbinə aparıldı.
Tədbirdə Uşaq Yaradıcılıq Mərkəzinin rəqs qrupu
tərəfindən müxtəlif rəqslər ifa olundu, populyar gənc
müğənnilər mahnılar ifa etdilər. Tədbir iştirakçılar
tərəfindən böyük maraqla qarşılandı.
AMİ-nin Mətbuat xidməti |