Novruz
bizim ən qədim milli bayramımızdır. O, xalq bayramıdır.
Xalqımız çoxəsrlik tarixində böyük sınaqlardan keçibdir.
Tariximizin ağır, çətin dövrləri olubdur. İnsanlar ağır
günlər, çətin illər yaşayıblar. Ancaq bunlara
baxmayaraq, Novruz bayramını heç kəs heç vaxt
unutmayıbdır. Əksinə Novruz bayramı insanları, xalqımızı
həmişə sevindirib, ən çətin anlarda, ən ağır günlərdə də
onlarda xoş, nikbin əhval-ruhiyyə yaradıbdır. Ona görə
də bu bayram hər bir azərbaycanlı üçün əziz bayramdır.
Bu eyni zamanda, hər bir şəxsin qəlbinin bayramıdır, hər
bir ailənin bayramıdır. İndi, Azərbaycan dövlət
müstəqilliyini, milli azadlığını əldə edəndən sonra
Novruz bizim dövlət bayramımız olubdur. Ona görə də
xalqımızın gözəl ənənələrini son illərdə sürətlə bərpa
edərək, respublikamız, xalqımız bu bayramı ildən-ilə
daha da şən, gözəl, yüksək səviyyədə keçirir.
Heydər ƏLİYEV |