Martın
12-də Azərbaycan Dillər Universitetində (ADU) Çin dili
və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə Çinin
"Ağacəkmə günü" adlı milli bayramına həsr olunmuş
tədbir keçirildi. Tədbir Çində kütləvi ağacəkmə
təşəbbüsünə qatılmış görkəmli Çin inqilabçısı Sun
Yatsenin ölüm gününə həsr olunmuşdu.
Tədbirdə regionşünaslıq və beynəlxalq münasibətlər
fakültəsinin tələbələri- Rəna Ağayeva Azərbaycan
dilində, Ülviyyə Afət ingilis dilində bayramın yaranma
tarixi və adət-ənənələri haqqında məlumat verdilər.
Daha sonra Çin Xalq Respublikasının Azərbaycandakı
fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuinin müşaviri
xanım Li çıxış edərək universitet tələbələrinin belə
təşəbbüslərinin, Çin mədəniyyəti, tarixi və dili ilə
maraqlanmalarının təqdirəlayiq olduğunu söylədi.
Çin dili və mədəniyyəti mərkəzinin direktoru Rafiq
Abbasov isə çıxışında Azərbaycanda ətraf mühitin
mühafizəsi sahəsində dövlətin göstərdiyi qayğıya diqqət
çəkdi. Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin sərəncamına əsasən 2010-cu ilin ölkəmizdə
"Ekologiya ili" elan edildiyi bildirildi. O qeyd etdi
ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban Əliyevanın, Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ətraf
mühitin qorunması istiqamətində bir sıra layihələr
həyata keçirilir, ağacəkmə kampaniyası uğurla aparılır.
R.Abbasov
həmçinin Azərbaycanın, Bakının hələ 70-ci illərdə
əsaslı yaşıllaşdırılması proqramını da xatırlatdı. O,
xalqımızın ümummilli lideri Heydər Əliyevin ötən əsrin
90-cı illərində Pakistanda, Qazaxıstanda,
Türkmənistanda, Rusiyanın tərkibində yerləşən Çuvaş
Respublikasında yaradılmış "Əliyev Xiyabanı"na baxış
zamanı simvolik ağacəkmə mərasimlərində iştirak etdiyini
vurğuladı.
Sonra regionşünaslıq və beynəlxalq münasibətlər
fakültəsinin tələbələri Nərgiz Niyazova və İlahə
Məmmədova ingilis dilində Çində siyasi xadimlərin
ehtiram göstərdiyi, "millətin atası" adlandırılan Sun
Yatsenin həyat və fəaliyyəti, siyasi yanaşmaları,
dünyanın siyasi fikirləri tarixinə daxil olan "üç xalq
prinsipi" və beş vilayətin konstitusiyası haqqında gedən
proseslərə həsr olunmuş məruzələrlə çıxış etdilər.
Daha sonra universitetin çinşünaslıq ixtisasının
tələbələri Çin dilində "Ağacəkmə günü"nə və Çin
inqilabçısı Sun Yatsenə həsr olunmuş şeirlər söylədilər.
Bayram tədbirinin davamında, həmçinin Çin
kinematoqrafiyasından kadrlar, Sun Yatsenin fəaliyyəti
haqqında bədii-sənədli film nümayiş olundu.
Sonda ADU-nun regionşünaslıq və beynəlxalq münasibətlər
fakültəsinin dekanı, dosent Məcid Əliyev tələbələrin bu
cür tədbirlərə maraqla yanaşdıqlarından məmnun olduğunu
bildirdi. O, Azərbaycanın Prezidenti İlham Əliyev
tərəfindən yürüdülən siyasət nəticəsində ölkəmizin
inkişafının daha da yüksək pilləyə qalxacağına
əminliyini ifadə etdi. Dekan tələbələrə müxtəlif dillərə
yiyələnərək dünyada öz sözünü deyən mütəxəssislər kimi
yetişməyi arzuladı.
ADU-nun Mətbuat xidməti |